Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-489/2022 11.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aralarında bağlanmış alimentin ödənilməsinə dair 15.02.2022-ci il tarixli barışıq sazişinin təsdiq olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş 28.01.2012-ci il tarixli X1 və 10.08.2015-ci il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 15.02.2022-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən İddiaçı ödənilməsinə dair 15.02.2022-ci il tarixli barışıq sazişin təsdiq olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını 22 oktyabr 2009-cu il tarixdə Zaqatala Rayon Qeydiyyat şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Əvvəllər səmimi ailə münasibətlərində olsalar da, sonradan cavabdehin ona və ailəsinə qarşı biganə yanaşması, ailəsinə düzgün münasibət bəsləməməsi səbəbindən ayrılmışlar. Nikahları formal xarakter daşıdığı və onunla ailə münasibətlərini davam etdirməyi qeyri-mümkün olduğu üçün nikahın məhkəmə qaydasında pozulması üçün Zaqatala rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Onların birgə nikahdan 28.01.2012-ci il tarixdə X3 və 10.08.2015-ci il tarixdə X6 adlı övladları anadan olmuşlar. 15 fevral 2022-ci il tarixdə cavabdeh ilə aralarında Mediasiyada barışıq sazişi bağlanmışdır. Bağlanmış barışıq sazişinə əsasən birgə nikah dövründə anadan olmuş övladları onun yanında qalmalarına və övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün 15.02.2022-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən İddiaçı ödənilməsinə dair razılığa gəlmişlər. Lakin Cavabdeh alimenti ödəmədiyi və barışıq sazişini icra etmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etdiyini bildirərək qeyd etdi ki, hazırda yaşadığı evdən çıxıb atası ilə yaşayır, özünə məxsus yaşayış yeri yoxdur və yeni yaşayış yeri kirayələmək üçün imkanı da yoxdur, buna baxmayaraq alimenti ödəməkdən imtina etmir, hər ay mütəmadi olaraq alimenti ödəyəcək. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Zaqatala RİHB-nın Yuxarı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 sentyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ nömrəli 599126 nömrəli Doğum haqında Şəhadətnamənin surətindən görünür ki, 10.08.2015-ci il tarixdə anadan olmuş X4 atası Cavabdeh anası İddiaçıdır. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi 04 fevral 2012-ci il tarixdə verilmiş AZ- İİ nömrəli 838547 nömrəli Doğum haqında Şəhadətnamənin surətindən görünür ki, 28.01.2012-ci il tarixdə anadan olmuş X1 atası Cavabdeh anası İddiaçıdır. İşdə olan 15 fevral 2022-ci il tarixli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, mediasiya prosesində İddiaçı və Cavabdeh aliment tələbi, uşaqların himayə hüququnun tanınması və birgə nigah dövründə əldə edilmiş əmlakın bölünməsi ailə mübahisəsi ilə əlaqədar razılığa gələrək barışıq sazişi bağlamış, lakin tərəflər nigahın davam etdirilməsində razılığa gələ bilməmişdirlər. İşdə olan 15 fevral 2022-ci il tarixli MŞİH-14039 nömrəli Barışıq sazişinin 2.1-ci bəndindən görünür ki, mediasiya zamanı tərəflər İddiaçı və Cavabdeh mediasiya edilən, uşaqların himayə hüququnun tanınmasında razılığa gələrək, 22.10.2009-cu il tarixdən birgə nikahda olduqları müddətdə 20.01.2012-ci il tarixdə anadan olmuş X1 və 10.08.2015-ci il tarixdə anadan olmuş X4 İddiaçı himayəsində qalmalarına qərar vermişdirlər. Həmin sazişin 2.2-ci bəndindən görünür ki, mediasiya zamanı tərəflər İddiaçı və Cavabdeh mediasiyaya edilən aliment tələbi ilə əlaqədar, 22.10.2009-cu il tarixdən birgə nikahda olduqları müddətdə 28.01.2012-ci i! tarixdə anadan olmuş X3 və 10.08.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15.02.2022-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 100 (yüz) manat, iki uşaq üçün cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən İddiaçı ödənilməsinə razılığa gəlmişdirlər. Məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı və cavabdeh 22.10.2009-cu il tarixdə nikaha daxil olmuşdurlar və tərəflərin birgə nikahdan 28.01.2012-ci il tarixdə X5 və 10.08.2015-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. İddiaçı Cavabdeh qarşı nikahın pozulması, aliment tələbi, uşaqların himayə hüququnun tanınması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi ilə mediasiyaya müraciət etmiş və 15 fevral 2022-ci il tarixli MŞİH-14039 nömrəli Barışıq sazişinə əsasən 22.10.2009-cu il tarixdən birgə nikahda olduqları müddətdə, yəni 20.01.2012-ci il tarixdə anadan olmuş X1 və 10.08.2015-ci il tarixdə anadan olmuş X4 İddiaçı himayəsində qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 15.02.2022-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 100 (yüz) manat, iki uşaq üçün cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən İddiaçı ödənilməsi razılığına gəlmişdirlər. İddiaçı Barışıq sazişinin cavabdeh tərəfindən icra eilməməsinə əsaslanaraq alimentin ödənilməsinə dair hissədə barışıq sazişinin bağlanmış hesab edilməsinə dair ərizə ilə müraciət etmiş və iddia tələbinin təmin edilməsini xahiş edir, cavabdeh isə iddianın təmin edilməsinə etirazının olmadığını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə hesab edir ki, 15 fevral 2022-ci il tarixli barışıq sazişi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış və sazişin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. İddiaçı barışıq sazişinin alimentlə bağlı hissəsinin təsdiq edilməsinə dair tələbi ilə müraciət etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, barışıq sazişinin iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün saxlanılması üçün alimentin ödənilməsi hissəsi müstəqil bir tələbdir və həmin hissənin barışıq sazişinin digər hissəsindən ayrılması mümkündür. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Cavabdeh 15 fevral 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsini könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2022-ci il tarixli MŞİH 14039 nömrəli barışıq sazişi 28.01.2012-ci il tarixdə anadan olmuş X3 və 10.08.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15.02.2022-ci ıl tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 100 (yüz) manat, iki uşaq üçün cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən İddiaçı ödənilməsi hissəsində təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Ərizə təmin edildiyindən Cavabdeh 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2022-ci il tarixli MŞİH 14039 nömrəli barışıq sazişi 28.01.2012-ci il tarixdə anadan olmuş X3 və 10.08.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15.02.2022-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 100 (bir yüz) manat, iki uşaq üçün cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən İddiaçı ödənilməsi hissəsində təsdiq edilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-489/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-489/2022
11.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver