Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-507/2025 02.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun ləğv edilməsi (silinməsi) tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Məhkəməsinin Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli 2(033)-1300/2014 iş nömrəli qətnaməsinə əsasən, məndən, 27 iyul 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 noyabr 2014-cü il tarixdən hesablanmaqla, ondan tutularaq Cavabdeh xeyrinə verilməsi nəzərdə tutulmuş hər növ qazancının 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin, 2014-cü ilin noyabr ayından 2024-cü ilin sentyabr ayınadək hesablanmış 7950 (yeddi min doqquz yüz əlli) manat aliment borcunun ödənilməsindən tam azad edilməsi X2 keçirilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 49,5 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli 2(033)-1300/2014 nömrəli qətnaməsinə əsasən o və Cavabdeh ilə arasında olan nikahın pozulması, eyni zamanda birgə nikahdan 27 iyul 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 noyabr 2014-cü il tarixdən hesablanmaqla, hər növ qazancının 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin məndən tutularaq Cavabdeh xeyrinə verilməsinə dair qətnamə qəbul edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh arasındakı nikah pozulduqdan bir müddət sonra alimenti tələb etməyəcəyini bildirmiş və bugünədək alimenti ondan tələb etməmiş, buna görə də, aldığı əmək haqqından bugünədək heç bir tutulma olmamışdır. Eyni zamanda bildirmək istəyir ki, hazırda evlidir və ikinci evliliyindən də bir övladı var. Beləliklə himayəsində bir işləməyən həyat yoldaşı və azyaşlı uşağı var. Ailədə tək özü işləyir. Lakin cavabdeh bir neçə ay əvvəl Zaqatala İcra və Probasiya Şöbəsinə müraciət edərək ondan 2014-cü il tarixdən bugünədək ödənilməyən aliment borcunu tələb etmiş və artıq bir neçə aydır ki, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin tarixini və nömrəsini bilmədiyi qərarı ilə onun aylıq qazancının ¾ (dörddə üç) hissəsi tutularaq cavabdehin hesabına ödənilir. Bu da onun ailə vəziyyətinə ciddi təsir edir. Hazırki tələblə məhkəməyə müraciət etməyinin səbəbi Cavabdeh nikah pozulduqdan sonra yəni 2014-cü ilin noyabr ayından 2024-cü ilin sentyabr ayınadək hesablanmış 7950 (yeddi min doqquz yüz əlli) manat məbləğində aliment borcunun ödənilməsindən azad edilməyilə bağlıdır. Belə ki, həmin dövrlərdə cavabdehin alimentə ehtiyacı olmadığından aliment tələb etməmişdir. Hazırki aliment borcunun yaranmasının səbəbi, cavabdehin ona alimentə ehtiyacı olmadığını, buna görə də tələb etmədiyini bildirməsi olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh 5 il ərzində heç nə tələb eməmişdir.İndi isə nə məqsədlə istədiyini bilmir buna baxmayaraq uşaqları olduğu üçün verəcək. İndidən sonrasını ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı uşağına baxmalıdır. Atalıq borcudur. Məhkəmədən iddianı təmin etməməsini xahiş edir. İşin halları Zaqatala Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(033)-1300/2014 nömrəli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilərək, tərəflərin faktiki nikahından xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə xx.xx.2014-cü ildən hesablanmaqla hər nüv qazancının dörddə bir hissəsi miqdarında aliment ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli Mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 50 manat məbləğində mediasiya və 10 manat dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 10.2-ci maddəsinə əsasən üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 1-ci maddəsinə əsasən uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ilə Cavabdeh ilə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli 2(033)-1300/2014 qətnaməsi ilə hər növ qazancının ¼ hissəsi sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması müəyyən edilmiş 7950 manat aliment borcunun onun bank hesabından müəyyən edilmişdir. Məhkəmə əvvəlcə onu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddia üzrə iddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment borcunun silinməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 107.2 və 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə tərəfindən eyni zamanda iddiaçının özünün və ya cavabdehin ailə və maddi vəziyyətində dəyişiklik olduğuna dair şübhə doğurmayan, əsaslı sübut təqdim edə bilməmişdir. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment borcunun ləğv edilməsi (silinməsi) tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci və 49.5 (qırx doqquz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı aliment borcunun ləğv edilməsi (silinməsi) tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı iddia ərizəsi ilə 50 manat məbləğində mediasiya xərci və 49.5 (qırx doqquz manat əlli qəpik) manat pul vəsaiti onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-507/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-507/2025
02.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver