Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-520/2025 02.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X8 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X4, Cavabdeh nümayəndəsi vəkil X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair ərizəsi üzrə işə Zaqatala Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, İddiaçı ilə Cavabdeh arasında Azərbaycan Respublikası Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilən nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X6 həddi buluğa çatanadək hər ay 245 manat alimentin mənə ödənilməsi, mediasiya üçün ödənilmiş 60 manat və 50 manat məhkəmə xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər əvvəlcə dini nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Övladları dünyaya gəlməsinə az müddət qalmış, yəni, xx.xx.2015-ci il tarixində rəsmi nikaha daxil olmuş və nikahları Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmaqla bizə AZ-İİ № 026550 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. İlk vaxtlarda münasibətləri normal olsa da, sonradan cavabdehlə münasibətləri pozulmuşdur, cavabdeh hazırda onunla birlikdə yaşamır, birgə təsərrüfat aparmırlar, xeyli vaxtdır ki, münasibətləri gərgin vəziyyət çatdığından onlar ayrılmaq qərarına gəlmişlər və barışmaları üçün zaman olsa da, aradakı gərginlik səngimədiyindən düşünür ki, bu nikahı sonlandırmaları məsləhətdir. Cavabdehlə barışmaları və gələcəkdə birgə ailənin qorunub saxlanması mümkün deyildir. Çünki sonuncunun ailəsinə biganə olması, ailələrinə kənar müdaxilələrin olması onların barışmalarına əsas vermir. Hazırda o birgə nikahlarından olan övladları ilə birlikdə kirayədə, günəmuzd əldə etdiyi gəlirlə və öz maddi, mənəvi dəstəyi ilə yaşayır. Ona məxsus olan Zaqatala şəhəri, İmam Şamil küçəsi, ev 53, mənzil 52-də yerləşən evdə isə cavabdeh anası ilə birlikdə yaşayır. O, məcburiyyət qarşısında qalaraq nikahlarını sonlandırmaq qərarına gəlmişdir. Birgə nikahlarından olan övladı xx.xx.2015-ci il təvəllüdlü X6 məktəblidir. Bu günün tələbi ilə ayaqlaşaraq az yaşlı övladını kirayədə saxlamaq bir qadın üçün çox çətindir. Lakin cavabdeh heç bir halda oğluna maddi köməklik göstərmir. Bir ata kimi oğlunun məktəb, səhiyyə və digər vacib xərclərini ödəməkdə köməklik göstərmir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına istinad edərək hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X6 həddi–buluğa çatanadək 2025-ci ilin ehtiyac meyarını və qanunvericiliyin tələblərini nəzərə alaraq düşünür ki, cavabdehdən hər ayda 245 (iki yüz qırx beş) manat cavabdehdən alınaraq onun xeyrinə tutulmalıdır. Bundan başqa hər iki valideyn uşaqların sağlamlıqlarında məsuliyyət daşımalı və səhiyyə xərcləri yarı yarıya bölünməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. Hazırda həmin uşaqla kirayədə yaşayır. Günəmuzd işləyir və gəliri 10 manatdır. Cavabdeh maddi dəstək göstərmir. İddiaçının nümayəndəsi iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X5 iddiaçının iddia tələbini qismən qəbul etdiyini, boşanmağa və uşağın ananın himayəsinə verilməsinə razı olduğunu bildirmiş, lakin alimenti minimum məbləğdə ödəyə biləcəyini qeyd etmişdir. Çünki cavabdeh xəstə və işsizdir. Yazılı sübutlar Zaqatala Rayon Qeydiyyat Şöbəsi üzrə nümayəndəliyində qeyd edilmiş 29 may 2015-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında nikah 29 may 2015-ci ildə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 123 saylı akt qeydi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi üzrə nümayəndəliyində qeyd edilmiş 17 iyun 2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 iyun 2015-ci il tarixdə doğulmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 50 (əlli) manat məbləğində mediasiya xərcini, 10 (on) manat kargüzarlıq və dəftərxana xərclərini İddiaçı birtərəfli qaydada ödəmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının : 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir Azərbaycan Respublikası Ailə Məcəlləsi 19.1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 22.2-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:- 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi…. 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 saylı Qərarında məhkəmələrə izah edilmişdir ki, “Nikahın pozulması və aliment tələbinə dair işlərə baxarkən məhkəmə ailənin qorunub saxlanılması məsələsinə xüsusi diqqət yetirməli, tərəflərin məhkəmə iclasında şəxsən iştirakının təmin olunması üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda məhkəmə boşanmanın səbəblərini öyrənməli, ailənin bərpası, tərəflərin barışması üçün qanunla yol verilən bütün imkanlardan istifadə etməlidir. Bu məqsədlə məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.” Həmin qərarda həmçinin göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının və tərəflərin nimayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 29 may 2015-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından 10 iyun 2015-ci il tarixdə “Novruz” adlı uşaqları olmuşdur. Tərəflər hal-hazırda ayrı yaşayırlar. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh ilə aralarında bağlanmış nikahın pozulmasını və uşağın saxlanması üçün aliment tələb etmiş, cavabdeh isə iddia tələbini qismən qəbul etmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə və hər ikisinin ailə qurmaq niyyəti olduğu halda müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanıyır. Nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək olur ki, belə nikahın bağlanmasından sonra ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildikdə heç kəs iradəsinin ziddinə nikahda saxlanıla bilməz. Bu mənada məhkəmə iddiaçının bundan sonra ailə münasibətlərinin bərpasının mümkünsüzlüyü ilə bağlı iradə ifadəsini, cavabdehin nikahın pozulmasına razılığını nəzərə alır və hesab edir ki, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildiyindən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh qazancı (gəliri) qeyrimüntəzəm və dəyişəndir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən sabit pul məbləğində aliment tutulmalı və onun miqdarını ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən qeyd edilən maddələrinin tələblərinə əsasən hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan hər bir uşağa görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalı, onun miqdarını ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində təyin edilməli, sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, habelə aylıq aliment məbləğinin dövlət tərəfindən uşağın saxlanması üçün müəyyən edilmiş minimum ehtiyac meyarından aşağı olmamasının zəruriliyini, alimentin indeksiyası qaydasını müəyyən edən maddələrin tələblərini nəzərə alaraq hesab edir ki, 10 iyun 2015-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,612 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmin məbləğ uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərlidir. İş materiallarından görünür ki, İddiaçı nikahın pozulması və aliment tələbi barədə ərizə ilə məhkəməyə 05 fevral 2025-ci ildə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 05 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmalı, 05 fevral 2025-ci il tarixdən hesablanmaqla tərəflərin birgə nikahdan 10 iyun 2015-ci ildə doğulmuş X6 ananın himayəsində saxlanılmalı, uşağın saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,612 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək (il ərzində 400x0.612x12=2937.6 manat ödəmə təşkil edir) nəzərə alaraq hesab edir ki, Cavabdeh 49,38 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 29 may 2015-ci il tarixdə Zaqatala Rayon Qeydiyyat Şöbəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 123 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından 10 iyun 2015-ci ildə doğulmuş X6 anası İddiaçı himayəsində saxlanılsın. Tərəflərin birgə nikahından 10 iyun 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 fevral 2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,612 misli həddində sabit pul məbləğində aliment tutulsun. Nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Cavabdeh 49,38 (qırx doqquz manat otuz səkkiz qəpik) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Cavabdeh iddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 60 (altmış) manat ilkin mediasiya sessiyasının keçirilməsi üçün xərc alınaraq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-520/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-520/2025
02.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver