Məhkəmə qərarları › İş №e-2(033)-607/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-607/2025

24.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-607/2025 24.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması və digər” tələbinə dair iddia ərizəsi üzrə işə 24 aprel 2025-ci il tarixdə, Zaqatala şəhərində, məhkəmənin binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən açıq məhkəmə iclasında, baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması və digər” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4737/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək onun qazancın və başqa gəlirlərinin altıda bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi və ödəniləcək aliment miqdarının 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və cavabdehin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Uşaq hal-hazırda anasının himayəsində yaşayır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 4737/2019 saylı qətnaməsi ilə uşağın saxlanması üçün ondan qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmuşdur. Onunla cavabdehin arasındakı nikah pozulduqdan bir müddət sonra o nikaha daxil olmuş və bu nikahdan xx.xx.2023-cü il təvəllüdlü X13 dünyaya gəlmişdir. Hal-hazırda onun qazancının müəyyən hissəsi də X1 xərclənir. Mövcud vəziyyətdə övladların arasında hüquq bərabərliyi prinsipini əsas götürərək onun əvvəlki nikahdan doğulan övladına ödənilən aliment məbləğinin azaldılmasının məqsədəuyğun olmasını hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. İşin hallarından görünür ki, onun hal-hazırda 2 övladı var, deməli, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 4737/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı 1 uşağın saxlanması üçün nəzərdə tutulduğundan həmin qətnamə ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi mütəqdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-607/2025 saylı, 24 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması və digər” tələbi barədə “ödəniləcək aliment miqdarının 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsinə” dair hissədə xitam verilmişdir. Məhkəmə MPM-nin 10-2.2-ci maddəsinə əsasən işə videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən açıq məhkəmə iclasında baxmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ünvanlandığı iddia tələbinə dair etirazında bildirmişdir ki, iddia əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. 1. İddiaçının maddi vəziyyəti sabitdir və əslində daha yaxşıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin miqdarının dəyişdirilməsi üçün iddiaçının ailə və ya maddi vəziyyətində əsaslı dəyişiklik olmalıdır. Halbuki, İddiaçı əmək haqqısı sabit və yüksəkdir və maddi vəziyyətində heç bir mənfi dəyişiklik olmamış, əksinə maddi gəlirləri artmışdır. İddiaçı ADA Universitetində professor və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində Statistika şöbəsinin müdiri kimi iki yüksək maaşlı vəzifə daşıyır. Onun aylıq rəsmi gəliri 10000 AZN civarındadır. Əlavə gəlirlərini isə bəyan etmir. Bundan əlavə, o həm də Fransanın “TotalEnergies” şirkətindən aylıq 2000 avro (≈ 3600 AZN) məbləğində təqaüd alır, kriptovalyuta ticarətindən gəlir əldə edir, xaricdə təhsil alan tələbələrə fərdi qaydada repetitorluq və konsultasiya xidmətləri göstərir (vergi öhdəliyi yaratmadan), Çexiya və Fransadakı daşınmaz əmlaklarından əldə etdiyi kirayə gəlirlərini xarici bank hesablarına qəbul edir. Bu qədər gəliri olan şəxsin alimentin azaldılmasını istəməsi yalnız maliyyə məsuliyyətindən yayınmaq cəhdidir. Bütün bunlar iddiaçının maddi vəziyyətinin ağırlaşmadığını, əksinə daha da yaxşılaşdığını və mövcud aliment məbləğinin dəyişdirilməsi üçün heç bir obyektiv əsas olmadığını sübut edir. 2. Uşağın dolanışıq səviyyəsinin azaldılması yolverilməzdir. Birgə nikahdan dünyaya gələn övladları Orucova Fərəh hal-hazırda Çexiya Respublikasında yaşayır və təhsil alır. Çexiyada uşağın dolanışıq və təhsil xərcləri Azərbaycana nisbətən qat-qat yüksəkdir. Onun böyüməsi, inkişafı və gələcəkdə sağlam, savadlı və cəmiyyətə faydalı bir fərd kimi yetişməsi üçün ildə təxminən 45000 AZN vəsait tələb olunur. Bu məbləğ hər biri konkret xidmətlərə və fəaliyyətlərə əsaslanan rəsmi xərclərdir. Aşağıda aylıq və ya qeyd edilən müddət üzrə əsas xərclər göstərilmişdir (orta kurs valyutasına əsasən 1 CZK ≈ 0.085 AZN), Sağlamlıq sığortası (mütləq və qanuni tələbdir): 2500 CZK (≈ 213 AZN), Sağlam və balanslaşdırılmış qidalanmа: 8000 CZK (≈ 680 AZN); Uşağın dərisinin həssaslığı və sağlamlıq xüsusiyyətləri nəzərə alınaraq seçilən hipoalergik dermatoloji və tibbi təyinatlı şəxsi istifadə vasitələri: 600 CZK (≈ 51 AZN), Geyim və məktəb ləvazimatları: 2500 CZK (≈ 213 AZN), dərs sonrası məktəb proqramı: 750 CZK (≈ 64 AZN), məktəb yeməkxanasında qəlyanaltı: 700 CZK (≈ 60 AZN), sinif fondu: 550 CZK (≈ 47 AZN), təbiət məktəbləri (ildə 4 dəfə): hər biri 7000 CZK (≈ 595 AZN), qış düşərgəsi (ildə 1 dəfə): 10000-12000 CZK (≈ ***-**** AZN), yay düşərgəsi (ildə 1 dəfə): 8000-9000 CZK (≈ 680-765 AZN), yay məktəbi (8 həftə): həftəlik qiyməti 6000–8000 CZK arası dəyişir (≈ 510-680 AZN), məktəbin sosial tədbirləri (kino, teatr və s.): təxminən 600 CZK (≈ 51 AZN), fərdi Çex dili qrammatikası üzrə repetitor: hər saat üçün 800 CZK (≈ 68 AZN), dərnəklər və kurslar: rəsm: 1200 CZK (≈ 102 AZN), gimnastika: 3100 CZK (≈ 264 AZN), şahmat: 3900 CZK (≈ 332 AZN), karate: 1000 CZK (≈ 85 AZN), musiqi məktəbi nəzdində piano: 2400 CZK (≈ 204 AZN), üzgüçülük: 2900 CZK (≈ 247 AZN), badminton: 1000 CZK (≈ 85 AZN), keramika: 1500 CZK (≈ 128 AZN). Yuxarıda qeyd olunan gündəlik həyat və fəaliyyətlərin davam etdirilməsi üçün tələb olunan cari xərclərlə yanaşı, bir dəfəlik kapital xarakterli xərclər də mövcuddur. Bu xərclərə xüsusi idman geyimləri, idman alətləri və vasitələri (məsələn, velosiped, skuter, konki, xizək və s.), musiqi alətləri (piano, fleyta), ağıllı saat, rəsm ləvazimatları (molbert, çərçivələnmiş kətan əsaslar, boya dəstləri, fırçalar və s.) və digər zəruri vasitələr daxildir. Bundan əlavə, yaxın gələcəkdə gözlənilən aşağıdakı vacib xərclər mövcuddur: Uşağın xüsusi istedadını nəzərə alaraq musiqi məktəbinin direktorunun və piano ixtisas müəlliminin tövsiyəsinə əsasən, növbəti tədris ili başlayanadək alınmalı olan 57790 CZK (≈ 4912 AZN) dəyərində professional rəqəmsal və ya 151990 CZK (≈ 12920 AZN) dəyərində akustik piano; təxminən bir il sonrakı riyaziyyat-fizika təmayüllü gimnaziyaya qəbul imtahanlarına hazırlaşmaq məqsədilə bu ilin sentyabr ayından etibarən klassik riyaziyyat, Heyne riyaziyyatı, çex dili və biologiya fənləri üzrə fərdi abituriyent hazırlığı; aylıq 4000 CZK (≈ 340 AZN); piano üzrə xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə iştirak; hər yarış üçün təxminən 10000 CZK (≈ 850 AZN) xərci tələb olunur. Fərəh 1 yaş 2 ayından etibarən onun himayəsində böyüyür və onun bütün fiziki, emosional və sosial ehtiyacları yalnız onun tərəfindən qarşılanır. Ata isə nə ünsiyyət qurur, nə zəng edir, nə də görüşmək təşəbbüsü göstərir. Bu, uşağın ata fiquruna olan mənəvi ehtiyacının qarşılanmamasına və nəticədə dərin psixoloji boşluğun formalaşmasına səbəb olur. Mövcud psixoloji vəziyyətin yaratdığı fəsadları azaltmaq və uşağın emosional sabitliyini təmin etmək məqsədilə müntəzəm uşaq psixoloqu seanslarına ehtiyac yaranmışdır. Hazırda bu seansların saatlıq dəyəri 1800 CZK (≈ 153 AZN) təşkil edir və bu əlavə daimi maliyyə yükü yaradaraq cavabdehin üzərinə düşən məsuliyyəti daha da artırır. Təhsil uşağın konstitusiya ilə təsbit olunmuş əsas hüququ olmaqla yanaşı, onun cəmiyyətə inteqrasiyası, fərdi inkişafı və gələcək uğurları üçün vacibdir. Uşaq dövlət məktəbində ödənişsiz əsaslarla təhsil alır, yuxarıda qeyd olunan xərclərin heç biri lüks deyil və bunlar valideynin övladına göstərməli olduğu ən əsas diqqət və qayğının rəsmi və zəruri formalarıdır. Uşağın sinif yoldaşları və yaşıdları ilə müqayisədə həyat tərzi bərabər, bəzən isə daha aşağı səviyyədədir. Belə ki, Fərəhdən fərqli olaraq sinifdəki əksər uşaqlar özəl hazırlıq kurslarında iştirak edir, həmçinin yay və qış tətillərində xarici ölkələrdə düşərgələrə qatılırlar. Yuxarıda təqdim edilən xərclər siyahısına tətil, əyləncə, ad günü tədbirləri, intellektual və inkişafetdirici oyuncaqlar, bədii kitablar, ensiklopediyalar və digər bu qəbildən olan zəruri sosial və psixoloji dəstək xarakterli xərclər daxil edilməmişdir. Uşağın sağlamlığı, intellektual səviyyəsi, dünyagörüşü, sinif yoldaşları və dostları arasında ayrı-seçkilik və sosial təzyiqlərə məruz qalmaması, eyni zamanda yaşadığı xarici ölkədə uğurla uyğunlaşması üçün bu xərclər zəruridir. Fərəh həm yaşıdları, həm də cəmiyyətin gözləntiləri baxımından bu imkanlardan geri qalmalı deyil. Fərəhin təhsili, sağlamlığı və psixoloji rifahı naminə bu qədər maddi yükün təkbaşına ananın üzərinə qoyulması həm qanunvericiliyə, həm də ədalət prinsipinə ziddir. Uşaq yalnız ananın deyil, həmçinin atanın da övladıdır. Bu səbəbdən alimentin azaldılması uşağın həyat keyfiyyətinə, təhsilinə, gələcək potensialına, sosial bərabərliyinə və psixoloji inkişafına birbaşa zərbə vura bilər. 3. İkinci övladla birlikdə yaşaması alimentin azaldılması üçün əsas deyil. İddiaçı iddiasında ikinci nikahdan övladının olmasını əsas gətirərək alimentin azaldılmasını tələb edir. Lakin bu, əsaslı tələb deyil, çünki iddiaçının ikinci övladı ilə birlikdə yaşadığı məlumdur və ona ayrıca aliment ödəmir. Bu isə o deməkdir ki, ikinci uşağın xərcləri ümumi büdcədən ödənilir. Belə olan halda, birinci uşağın maddi təminatına toxunmaq onun hüquqlarını pozmaqdır. Göründüyü kimi aliment məbləğinin azaldılması üçün heç bir hüquqi əsas yoxdur. İddiaçı valideynlik vəzifələrini yerinə yetirməkdən faktiki olaraq boyun qaçırmaq üçün digər nikahından dünyaya gələn övladını bəhanə gətirmişdir. Halbuki, onun maddi vəziyyəti hər iki övladını saxlamaq üçün yetir. Hazırki məhkəmə işi üzrə “aliment miqdarının azaldılması haqqında” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ünvanlandığı iddia tələbinə dair etirazında bildirmişdir ki, iddiaçı 13 mart 2025-ci il tarixində ikinci nikahdan olan birgəyaşadığı övladına əmək haqqısının 1/6 hissəsi miqdarında aliment ödəməsi barədə barışıq sazişi bağlamış və bu sazişi alimentin azaldılması üçün sübut kimi məhkəməyə təqdim etmişdir. Qeyd edilən sənəd Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, birinci övladla bağlı mövcud aliment məbləğinin azaldılması üçün qanuni əsas sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən - alimentin miqdarı aliment ödəyənin və aliment alanın ailə və maddi vəziyyətində və ya sağlamlıq vəziyyətində əsaslı dəyişiklik baş verdikdə dəyişdirilə bilər. Bu maddənin tələbinə əsasən, alimentin azaldılması yalnız iddiaçının maddi və ya ailə vəziyyətində obyektiv və əsaslı dəyişiklik baş verdikdə mümkündür. Halbuki ikinci övladla bağlı aliment öhdəliyi iddiaçının şəxsi təşəbbüsü və könüllü razılığı ilə götürülmüşdür və onun maddi vəziyyətini pisləşdirən hüquqi hal kimi qiymətləndirilə bilməz. Bundan əvvəl də iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının maddi vəziyyəti olduqca yaxşıdır, bir neçə yerdən rəsmi və qeyri-rəsmi gəlirləri var və hər iki övladına aliment verəcək gücündədir. Eyni zamanda, övladı xarici ölkədə yaşadığından və oradaki yaşayış standartları xeyli yüksək olduğundan iddiaçının ödədiyi aliment ümumiyyətlə bu xərcləri əhəmiyyətli dərəcədə qarşılamır. İddiaçı görünüş naminə hazırkı arvadı ilə barışıq sazişi bağlamış və bu sazişlə birinci övladı qarşısındakı öhdəliyini azaltmaq istəmişdir. Halbuki, həmin sazişə gələcəkdə riayət olunubolunmayacağı belə qeyri-müəyyəndir. AR MPM-nin 80-ci maddəsinin tələbinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qeyd edilən barışıq sazişi isə, iddiaçı tərəfin tələbini hüquqi baxımdan müəyyən edən faktlarla və hallarla əlaqədar ola bilməz. AR MPM-nin 88-ci maddəsinə görə isə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə, Ailə Məcəlləsinin 76.1.1 və 76.2-ci maddələrinə və eyni zamanda ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasına əsasən valideynlərin uşaqlarını saxlamaq vəzifəsi dəyişməz və mütləq xarakter daşıyır. Valideynin digər övlada qarşı yeni könüllü öhdəlik götürməsi, birinci övladın hüquqi təminatının zəiflədilməsi üçün qanuni əsas ola bilməz. İddiaçı formal xarakter daşıyan bir sazişlə isə bu öhdəliyini yerinə yetirməkdən boyun qaçırmağa çalışır. Ümumiyyətlə, birgəyaşadığı övladı üçün hal-hazırda birgəyaşadığı və nikahda olduğu arvadı ilə bağladığı sözdə “barışıq sazişi” əsasında, onun bank hesabına pul köçürməsi heç cür anlaşılan deyildir. Bu hal əslində ailə daxilində vəsaitin “bir cibdən digər cibə” köçürülməsindən başqa bir şey deyildir və aliment öhdəliyinin real icrası kimi dəyərləndirilə bilməz. İddiaçıya birinci övladının yaşadığı ölkədəki təhsil, tibbi xidmət və ümumi yaşayış xərcləri, eləcə də övladı qarşısında daşıdığı – onun sağlamlığı, təhsili və digər sosial təminatlarını qarşılamaq üçün tələb olunan maddi vəsait tam məlum olsa da, o, görünüş naminə bağladığı formal xarakterli sazişə əsaslanaraq bu öhdəliklərdən yayınmağa və aliment məbləğinin azaldılmasına nail olmağa çalışır ki, bu da həm qanuna, həm də ədalət prinsipinə və uşağın maraqlarına ziddir. Bundan əvvəlki 1 aprel 2025-ci il tarixli etirazını da nəzərə alaraq və yuxarıda göstərilənləri rəhbər tutaraq, iddiaçının alimentin azaldılması ilə bağlı tələbinin əsassız hesab edilərək rədd edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının hal-hazırda 2 övladı var. Onun gəlirlərindən aliment tutulması qət edilmişdir. Lakin bu iddiaçının indiki nikahından doğulan övladının hüquqlarının pozulmasına səbəb olur. Belə ki, iş materiallarına da əlavə etdikləri əmək müqavilələrindən görünür ki, İddiaçı mediasiyaya müraciət etdiyi və iddia verildiyi vaxt gəliri bir iş yerində 4248.92 manat, indiki əməkhaqqı isə 6597.12 manat olmuşdur. Qeyd etmək istəyir ki, əvvəlki maaşının dörddə biri 1062 manat, indiki məbləğinin altıda biri isə 1100 manat edir, yəni aliment məbləğinin iddiaçıdan tutulacaq hissəsi azalsa da, məbləğin miqdarı artmışdır. Həmçinin digər iş yerindən gəliri əvvəl 4340 manat olmuş, xx.xx.2023cü il tarixdən əməkhaqqı isə 5440 manat məbləğində olmuşdur. Ali Məhkəmənin müvafiq Plenum qərarında aliment miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması əsas meyardır. Hemin meyar hazırkı aliment miqdarının azaldılması üçün əsasdır. Bütün bunlar göstərir ki, aliment miqdarının azaldılması uşağın həyat şəraitinin dəyişməsinə təsir göstərmir. Aliment miqdarının azaldılması barədə iddia qaldırılsa da, uşağın əvvəlki təminat səviyyəsi qorunaraq saxlanılır. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Qanunun 1-ci maddəsinə əsasən, 2025-ci il üçün ölkə üzrə 285 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Həmçinin İddiaçı hazırkı nikahdan olan həyat yoldaşı da narazılıq edir ki, övladlarının saxlanması üçün yetəri qədər xərc çəkilə bilmir. Əlavə etmək istər ki, İddiaçı keçmiş həyat yoldaşı hal-hazırda Praqada yaşayır və işləyir, buna uyğun olaraq da müvafiq əməkhaqqı alır. Ona övladının saxlanması üçün hər ay müəyyən məbləğdə müavinət verilir. Müvafiq qanunvericilik aktlarına və yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı alınacaq alimentin azaldılması zəruridir. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasında iştirakı təmin edilmiş Cavabdeh iddia tələbini qəbul etməyərək etiraz ərizələrinin dəlillərini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə yoldaşının ayrı yaşamasına dair iddia, həmçinin onların mediasiya prosesində bağladıqları barışıq sazişi formal xarakter daşıyır. İddiaya etiraz ərizələrində qeyd olunan dəlillərini nəzərə alaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Praqa şəhərindəki səfirliyində qeydə alınmış 13 fevral 2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci ildə doğulmuş X7 atası İddiaçı, anası Cavabdehdır. Zaqatala rayonu Qeydiyyat Şöbəsində qeydə alınmış 23 may 2018-ci il tarixdə verilmiş AZ-İ 287441 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 23 may 2018-ci il tarixdə ləğv edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4737/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli 2(005)-4966/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, 26 sentyabr 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq X5 verilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanması, qalan hissədə iddia təmin olunmaması qət edilmişdir. Şabran Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 29 iyul 2022-ci il tarixdə verilmiş AZ-İİ 499035 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında nikah 29 iyul 2022-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 59 saylı akt qeydi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Orucov, arvada Quliyeva soyadı verilmişdir. Xaçmaz Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 22 may 2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01.0.2023-cü ildə doğulmuş X8 atası İddiaçı, anası X4r. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə sərhəd portu Budapeşt olmaqla ölkə ərazisini tərk etmişdir. xx.xx.2023-cü il tarixdə bağlanmış elektron əmək müqaviləsindən görünür ki, İddiaçı “ADA” Universitetində riyaziyyat və statistika üzrə baş müəllim vəzifəsində işləməklə 6597.12 manat əmək haqqı alır. xx.xx.2024-cü il tarixdə bağlanmış elektron əmək müqaviləsindən görünür ki, İddiaçı “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” X14 şöbə müdiri vəzifəsində işləməklə 5440 manat əmək haqqı alır. Reyestr nömrəsi **********34-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74.1 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli MŞŞ/MT018/2025-00139 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 12:00-13:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini və 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. xx.xx.2025-ci il tarixli MŞB/2-00121 saylı mediasiya prosesi üzrə təsdiq edilmiş barışıq sazişindən görünür ki, tərəflər X6 və İddiaçı arasında razılığa əsasən birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər atası İddiaçı övladının saxlanması üçün aldığı əmək haqqının və digər gəlirlərinin 1/6 hissəsini ödəməyə razılıq vermişdir. Tərəflər arasında razılığa əsasən ata İddiaçı övladı X8 yetkinlik yaşına çatana qədər 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 01-dən 10-na qədər X3 şəxsi bank hesabına aliment ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin birgə razılığına əsasən ata İddiaçı 2025-ci ilin yanvar, fevral və mart ayı ödənilməmiş alimentini aldığı əmək haqqının və digər gəlirlərinin 1/6 hissəsini aprel ayının 1-dən 10-na qədər ana X3 bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. X12 1-ci, 2-ci və 3-cü bəndlərində qeyd olunmuş sözləri öz imzaları ilə təsdiqləmişdirlər və barışıq sazişinin 1-ci 2-ci və 3-cü bəndələrində qeyd edilənlərin İddiaçı tərəfindən vaxtında icra edilmədiyi təqdirdə X6 məhkəməyə müraciət etmək hüququna malikdir. xx.xx.2025-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası.

25. Maddə 17 (İİ hissə). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

“Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsiniə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. İddia tələbinin dəlillərindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının qazancının və başqa gəlirlərinin miqdarı alimentin müəyyən edildiyi vaxtda olandan keçən dövrdə azalmamış, əksinə artmış və hazırda 12037,12 manat təşkil edir. Bu isə alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində pisləşməyə doğru dəyişikliyin olmadığını təsdiq edir. Alimentin müəyyən edildiyi vaxtdan keçən vaxtdan 26 sentyabr 2015-ci il təvəllüdlü X2 xərclərinin artması isə işin mübahisəsiz halıdır. xx.xx.2025-ci il tarixli MŞB/2-00121 saylı mediasiya prosesi üzrə təsdiq edilmiş barışıq sazişinin hazırkı mübahisəyə ilə bağlı işin həlli mərhələsində bağlanması isə, onun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğunu təsdiq edir. Belə olan halda iddiaçının tələbinin əsası kimi istinad etdiyi həmin əqd, iddia tələbinin təmin edilməsinə əsas ola bilməz. Eyni zamanda 26 sentyabr 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması, aylıq qazancı və başqa gəlirləri artaraq 12037,12 manatadək yüksəlmiş və aylıq minimum 285 manat maddi təminat hüququ olan iddiaçının, eləcə də onun yeni nikahdan doğulmuş aylıq minimum 246 manat maddi təminat hüququ olan xx.xx.2023-cü il təvəllüdlü X8 hüquqlarını pozmur. Bundan başqa, iddiaçı alimentin onun qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında müəyyən edilməsinin tərəflərin birgə nikahdan doğulmuş, hazırda Çexiya Respublikasında yaşayan və təhsil alan Fərəh Orucovanın saxlanması üçün yetərli olması barədə sübut təqdim etməmişdir. İş üzrə olan sübutlarla həmin hal təsdiq edilməmişdir. Məhkəmə alimentin iddiaçının qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında müəyyən edilməsinin tərəflərin birgə nikahdan doğulmuş və hazırda Çexiya Respublikasında yaşayan və təhsil alan Fərəh Orucovanın saxlanması üçün yetərli olması halının təsdiq olunmadığını nəzərə alaraq, iddianın təmin edilməsini hazırda Çexiya Respublikasında yaşayan və təhsil alan 26 sentyabr 2015-ci il təvəllüdlü X7 üstün tutulmalı və daha yaxşı təmin edilməli olan mənafeyinə zidd hesab edir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, yeni nikaha girənədək Fərəh Orucovanın saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment ödəmək öhdəliyinin olması iddiaçıya bəlli olsa da, o, yeni nikaha daxil olduğundan, həmin hal alimentin miqdarının azaldılmasına əsas ola bilməz. Belə ki, yeni nikaha daxil olma və bu nikahdan uşağın doğulması əvvəlki nikahdan olan uşağın maddi təminatının azaldalmasına əsas sayılması, əvvəlki aliment öhdəliyinin azaldılması üçün iddiaçını qeyri müəyyən sayda yeni nikah münasibətinə daxil olmağa və ya uşaq sayında artıma təşviq xarakteri daşıyır. Başqa sözlə yeni doğulan uşaqlarını saxlamaq öhdəliyini hazırda saxlmaq öhdəliyi olan uşağının maddi təminatı hesabına icra etməsi üçün iddiaçıya şərait yaradır ki, bu da qəbul edilməzdir. Beləliklə, alimentin miqdarının azaldılması üçün Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmiş əsas yoxdur. Odur ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu onun özünə aid edilməldir. MPM-in 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda, 12037,12 manat aylıq gəliri olan iddiaçının uşaq üçün qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında (3009,28 manat) tutulan alimentin, ayda 1/6 hissəsi miqdarında (2006,19 manat) miqdarında tutulmasını, bununla da ödəmənin ayda 1003,09 manat məbləğində azaldılmasını tələb etdiyini, azaldılması tələb olunan ödəmənin illik məbləği 12037,08 (12 ay X 1003,09 manat) manat təşkil etdiyi üçün isə dövlət rüsumunun 126,11 manat miqdarında ödənilməli olduğu halda, mediasiya prosesində 60 manat, dövlət rüsumu olaraq 50 manat miqdarında ödənildiyini, iddia tələbinin də rədd edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun çatışmayan 16,11 manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ :

İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4737/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək onun qazancın və başqa gəlirlərinin altıda bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı dövlət rüsumunun çatışmayan hissəsi üzrə 16,11 manat tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar