Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-640/2025 03.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X9 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi : İddia tələbi və dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, İddiaçı və Cavabdeh ilə birgə nigahdan anadan olmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X2 həddi buluğa çatanədək saxlanması üçün hər ayda 245 (iki yüz qırx beş) manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı və Cavabdeh ilə xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Zaqatala RİHB-nın Göyəm ərazi nümayəndəliyi tiərəfindən aralarında rəsmi nikah bağlanmış və xarakter uyğunsuzluğu səbəbindən xx.xx.2025-ci il tarixində Zaqatala Rayon Məhkəməsinin iş№ e-2(033)- 162/2025-025 nömrəli Qətnaməsinə əsasən rəsmi nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahlarından doğulan övladları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə ayrılmalarına cavabdehin ailə müqəddəsliyini qorumaması və onların xarakter uyğunsuzluğu səbəb olmuşdur. Halhazırda cavabdehin onunla heç bir şəxsi münasibəti yoxdur. O atasının evində Yuxarı Tala kəndində yaşayır. Cavabdehlə ayrıldıqları zaman cavabdeh övladlarını da özü ilə aparmaq istəmiş lakin oğulları xx.xx.2009-cu il təvəllüdlü X6 anası ilə getməkdən imtina etmiş, onunla birlikdə qalmağı üstün tutaraq, hətta anasının ailələrini dağıtmasına öz mənfi reaksiyasını göstərmişdir. Lakin kiçik oğlu xx.xx.2016-ci il təvəllüdlü X7 az yaşlı olduğundan, öz fikrini ifadə etməkdə sərbəst mövqe göstərə bilməməsi səbəbindən anası ilə getmək məcburiyyətində qalmışdır. Hazırda birgə nigahlarından olan övladı xx.xx.2009-cu il təvəllüdlü X6 onun himayəsindədir. Uşaq yalnız onun maddi və mənəvi dəstəyi ilə yaşayır. Məktəbli övladının bütün xərclərini o ödəyir. Lakin rəsmi nikahlarının pozulması üçün cavabdehin iddiaçı qismində Zaqatala Rayon Məhkəməsinə verdiyi iddiasını Məhkəmənin hakimi bir tərəfli qiymətləndirmiş, uşaqların birinin onda, digərinin cavabdehdə olmasına baxmayaraq, ona aliment kəsmiş, lakin qarşı tərəfi bu məsuliyyətdən kənarda tutmuşdur. Belə ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(033)-162/2025-025 nömrəli qətnaməsinə əsasən uşaqlardan birinin onda, digərinin anasında eyni qaydada bərabər paylanılmasına baxmayaraq ona X5 yetkinlik yaşına çatanadək saxlanması üçün artımlarla birlikdə 14 oktyabr 2024-cü il tarixindən başlayaraq, hər ay minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərar qəbul edilmişdir. O, bunu özünə qarşı haqsızlıq hesab edərək, qarşılıqlı formada cavabdehdən də onda olan övladı X3 yetkilik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 2025-ci ilin ehtiyac meyarını nəzərə alaraq 246 manat alimentin mənə ödənilməsini obyektiv hesab edir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına istinad edərək hesab edir ki, birgə nigahlarından olan övladı xx.xx.2009-cu il təvəllüdlü X2 həddi–buluğa çatanadək hər ayda 245 (iki yüz qırx beş) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı onun xeyrinə tutulmalıdır. Bundan başqa hər iki valideyn uşaqların sağlamlıqlarında məsuliyyət daşımalı və səhiyyə xərcləri yarı yarıya bölünməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, rəsmi iş yeri yoxdur. Qəssab yanında fəhlə işləyir. Gündəlik qazancı 10-15 manatdır. Qardaşı ona maddi köməklik edir. Cavabdeh iddia tələbini qismən qəbul edərək yenicə işə girdiyini, uşaq üçün aliment ödəməyə razı olduğunu, aylıq gəlirinin 350 manat təşkil etməsini və himayəsində digər uşağının olmasını da nəzərə alaraq aliment müəyyən edilməsini xahiş etdi. Yazılı sübutlar Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının Göyəm kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 11 avqust 2009-cu il tarixdə doğulmuş X2 atası İddiaçı, anası Cavabdehdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(033)-162/2025 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 08 noyabr 2008-ci il tarixdə Zaqatala RİHB-ın Göyəm kənd icra nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərərəflərin birgə nikahından 12 avqust 2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 14 oktyabr 2024-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilmiş, tərəflərin birgə nikahından 11 avqust 2009-cu il tarixdə doğulmuş X6 atası İddiaçı, 12 avqust 2016-cı ildə doğulmuş X7 isə anası Cavabdeh himayəsində saxlanılmış, cavabdeh İddiaçı 44 (qırx dörd) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, caavabdeh İddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 60 (altmış) manat ilkin mediasiya sessiyasının keçirilməsi üçün xərc alınaraq iddiaçı Cavabdeh ödənilməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə barədə arayışdan görünür ki, 50 (əlli) manat məbləğində mediasiya xərcini və 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu 1 maddəsinə əsasən 2025-ci il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahtlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında müəyyən olundu ki, tərəflərin birgə nikahından 11 avqust 2009-cu il tarixdə X6 və 12 avqust 2016-cı ildə X7 adlı iki uşaqları doğulmuşdur. Tərəflər arasında nikah xx.xx.2025-ci il tarixdə pozulmuş və uşaqlardan X6 hal-hazırda iddiaçının himayəsindədirlər. İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh isə iddianı qismən qəbul etmiş və gəlirinə uyğun alimentin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən və qeyd edilən maddələrinin tələblərinə, eləcə də iddiaçının cavabdehdən tutulacaq sabit pul miqdarını qeyd etməsinə əsasən hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlara görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalıdır. Sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 11 avqust 2009-cu il tarixdə anadan olmuş X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmin məbləğ uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərlidir. Alimentin tutulmasının əvvəlinin hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı aliment tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir və Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhz həmin tarixdən tutulmalıdır. Məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək (il ərzində 400x0.40*12*1=1920 manat ödəmə təşkil edir) nəzərə alaraq hesab edir ki, Cavabdeh 39.20 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulsun. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından 11 avqust 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 07 mart 2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,40 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İş üzrə ödənilmiş 60 (altmış) manat mediasiyaya dair xərcin Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-640/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-640/2025
03.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver