Məhkəmə qərarları › İş №e-2(033)-648/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-648/2024

27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-648/2024 27.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə 27 iyun 2024-cü il tarixdə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat alimentin və mediasiyaya ödənilmiş 60 manat xidmət haqqının alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını xx.xx.2018ci il tarixdə Zaqatala rayon Qeydiyyat şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il tarixdə X4 adlı övladları anadan olmuşdur. Cavabdeh ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmışdırlar. Uzun müddətdir ki, ayrı yaşayırlar. Cavabdeh övladlarının saxlanması üçün heç bir maddi yardım göstərmir. Bunun üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh 29 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsindən görünür ki, iddia ərizəsini qəbul etmir. Bildirir ki, birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu təvəllüdlü X4 onun yanındadır. İddiaçı övladlarını ayda 2-3 gün görməklə kifayətlənir. Baxmayaraq ki, uşağın ana nəvazişinə ehtiyacı daha çoxdur. Ailəsi uşağın baxıb-böyüdülməsində yaxından iştirak edir. İddiaçı aliment tələbini uşaq üçün deyil, kirayə pulunu ödəmək üçün tələb edir. Çünki iddiaçı Zaqatala şəhəri ərazisində kirayə mənzildə yaşayır. İddiaçı uşağa qulluq, uşağa qayğı göstərmək, uşağın sosiallaşmasında iştirak etmək fikri yoxdur. Hesab edir ki, nikahın pozulması olmadan məhkəmə qətnaməsi ilə boşanmadan sonra uşağın hansı valideyinin yanında-himayəsində qalması müəyyən olunmadan hazırkı iddia ərizəsi baxılmamış saxlanmalıdır. O, uşağının qayğısına qalmaq üçün bütün imkanlarından istifadə edir. Aliəsinin köməyi ilə oğluna həm analıq, həm də atalıq edir. Eyni zamanda bildirir ki, uşağa baxmaq, qayğı göstərmək hər iki valideyinin borcudur. Qanunun tələbinə görə uşağın maddi təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Bu baxımdan uşağın saxlanması ilə bağlı bütün xərcləri və ya həmin xərclərin əhəmiyyətli hissəsinin valideynlərdən birinin yəni, atanın üzərinə qoyulması yolverilməzdir. Hazırkı yaranan şərait iddiaçının uşağın saxlanmasında iştirakına zərurət yaratsa da, onlar bunu qarşılıqsız edirlər. Uşağın faktiki olaraq, onun yanında-himayəsində olmasını Zaqatala rayonu Aşağı Tala kənd 2 nömrəli uşaq körpələr evinin müdirinin və Zaqatala rayonu, Aşağı Tala kənd İƏD üzrə nümayəndəsinin arayışları təsdiq edir. Belə ki, Zaqatala rayonu Aşağı Tala kənd 2 nömrəli uşaq körpələr evinin 22 may 2024-cü il tarixli arayışında qeyd edilir ki, X2 xx.xx.2021-ci il tarixdən Aşağı Tala 2 nömrəli uşaq bağçasında tərbiyə alır. Zaqatala rayonu Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-82- 15/2-516/2024 saylı, 21 may 2024-cü il tarixli arayışına əsasən Rüzgar adlı uşağın atası Cavabdeh Rəhim oğlu ilə birgə yaşayır. Uşaq onun himayəsində, onda olduğu halda, aliment tələb etmək onun hüququdur. Lakin onun belə bir iddiası yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən aliment almaq onun, yəni uşağa baxan valideynin, aliment ödəmək isə hazırkı iddiaçı-uşaqdan ayrı qalan valideynin vəzifəsidir. Bundan başqa iddiaçı uşağın özünün yanında qalması və ya himayəsində olması barədə heç bir sübut məhkəməyə təqdim etməmiş, iddia ərizəsində də göstərməmişdir. Uşaq iddiaçının himayəsində olsa idi, uşaq Muxax və ya şəhər ərazisində olan uşaq baxçasına gedər, həmçinin ailə tərkibi də Muxax və ya şəhər ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatda olardı. Hesab edir ki, məhkəmə qeyd etdiyi xüsusatları nəzərə almalıdır. Odur ki, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsinin xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, eyni zamanda aralarında bağlanmış nikah qeydinin pozulması məqsədi ilə mediasiyaya müraciət etmişdir. Barışmaları qeyri-mümkündür. Birgə nikahlarından bir övladları dünyaya gəlmişdir və halhazırda onun himayəsindədir. Cavabdeh isə uşaq onun yanında olan zaman onun bir sıra ehtiyaclarını qarşılamaqla kifayətlənir. Cavabdehdən 200 manat məbləğində aliment tələb edir. Həmçinin cavabdeh bu yaxınlarda uşağı götürdüyünü bildirsə də, əksinə o cavabdehdən ayrıldığı vaxtdan uşaq onun himayəsindədir. Eyni zamanda o iki və ya üç gün uşağın atası ilə görüşünə imkan yaradır, onların görüşünə maneə olmur. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, 200 manat məbləğində aliment ödəmək imkanı yoxdur. Belə ki, o işsizdir, imkan olan zaman taksi fəaliyyəti məşğul olur. Həmçinin uşağa özü baxır, lakin hal-hazırda müəyyən müddət üçün uşağı iddiaçıya vermişdir. Uşaq bağçaya belə Talada getmişdir. İddianı qismən qəbul edir, 150 manat aliment ödəməyə razıdır. İş materiallarına əlavə olunmuş sənədlər Zaqatala Rayon Qeydiyyat Şöbəsində qeyd edilən 06 noyabr 2018-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikah 06 noyabr 2018-ci ildə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 276 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. Zaqatala RİHB-nın Aşağı Tala İƏD üzrə nümayəndəliyində qeyd edilən 14 sentyabr 2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02 sentyabr 2019-cu il tarixdə doğulmuş X1 atası Cavabdeh və anası İddiaçıdır. xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 11:00-12:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini, 10 (on) manat kargüzarlıq və dəftərxana xərclərini İddiaçı birtərəfli qaydada ödəmişdir. Zaqatala rayonu Aşağı Tala kənd 2 nömrəli körpələr evi uşaq baxçasının müdiri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 həqiqətən xx.xx.2021-ci il tarixdən Aşağı Tala kənd 2 nömrəli uşaq baxçasında tərbiyə alır. Zaqatala RİHB-nın Aşağı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 5-82-15/2-516/2024 saylı 21 may 2024-cü il tarixli arayışdan görünür ki, X5 atası Cavabdeh Rəhim oğlu ilə birgə yaşayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında müəyyən olundu ki, tərəflərin birgə nikahından 02 sentyabr 2019-cu il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Cavabdeh etiraz ərizəsində uşağın onun himayəsində olduğunu qeyd etsə də, məhkəmə iclasında uşağı müəyyən müddətlik iddiaçıya verdiyini bildirmişdir. İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh isə iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının və ailə qanunvericiliyinin uşaqların saxlanılması üçün alimentin tutulması şərtlərini və qaydasını müəyyən edən və qeyd edilən maddələrinin tələblərinə, eləcə də iddiaçının cavabdehdən tutulacaq sabit pul miqdarını qeyd etməsinə əsasən hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşağa görə tutulmalı olan aliment sabit pul məbləğində tutulmalıdır. Sabit pul məbləğinin miqdarı ilə bağlı məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, uşağın saxlanması üçün alimentin sabit pul məbləğində aylıq miqdarı hər ay bir uşaq üçün 180 manat məbləğində müəyyən edilməlidir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə 30 aprel 2024-cü il tarixdə müraciət etdiyindən aliment məhz həmin tarixdən tutulmalıdır. Məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 1.000 manatdan 10.000 manatadək (il ərzində 180x12=2160 manat ödəmə təşkil edir) nəzərə alaraq hesab edir ki, Cavabdeh 41.60 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitini tələb etdiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından 02 sentyabr 2019-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 30 aprel 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat aliment sabit pul məbləğində tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 41.60 (qırx bir manat altmış qəpik) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar