Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-768/2025 24.02.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 Əli qızının katibliyi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddia ərizəsi üzrə mülki işə 24 fevral 2026-cı il tarixdə, Zaqatala şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Toyota Camry” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilən 28798.32 (iyirmi səkkiz min yeddi yüz doxsan səkkiz manat otuz iki qəpik) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 176.40 (bir yüz yetmiş altı manat qırx qəpik) manat dövlət rüsumunun və 1.41 (bir manat qırx bir qəpik) manat xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 1. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2024-cü il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “Hyundai İ30” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Camry” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı və “Kia Cerato” markalı nəqliyyat vasitələri ilə toqquşaraq zəncirvari yolnəqliyyat hadisəsi törətmişdir. 2. İş materiallarına əlavə edilmiş **********08 nömrəli sığorta müqaviləsindən çıxarışdan və 132526 saylı sığorta aktından görünür ki, “Toyota Camry” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər müddətdə, avtomobilin sığorta dəyəri 82450 AZN (səksən iki min dörd yüz əlli manat) olmaqla könüllü sığorta müqaviləsi (kasko sığorta) ilə sığortalı olmuşdur. 3. Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq nəqliyyat vasitəsinə Toyota markasının rəsmi servisi olan "xxxx" MMC tərəfindən baxış keçirilərək qiymətləndirilmişdir. Təqdim edilən Qiymətləndirmə aktına əsasən, sığortalanmış “Toyota Camry” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə son 33000 AZN (otuz üç min manat) zərər dəymişdir. 4. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə 100 manat azadolma (fransıza) çıxılmaqla qalan 32900 AZN sığorta ödənişi zərərçəkənə ödənilmişdir. 5. Hadisə baş verən tarixdə cavabdehin mülki məsuliyyətini sığortalamış olan "xxxx" ASC-yə Subroqasiya qaydasında iddiaçı tərəfindən ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı müraciət olunmuşdur. "xxxx" ASC tərəfindən 4101.68 AZN dröd) min yüz bir manat altmış səkkiz qəpik) məbləğ hissəsi geri qaytarılmışdır. Beləliklə, geriyə qalan, 28798.32 AZN (iyirmi səkkiz min yeddi yüz doxsan səkkiz manat otuz iki qəpik) hissə isə cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. 6. İş materiallarına əlavə edilmiş İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola və TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh oğlu hadisənin baş verməsində təqsirli bilinərək, İXM-nin 327.1-ci maddəsinə əsasən, 40 manat cərimə edilmişdir. Həm protokol, həm qərarda cavabdeh öz imzasını çəkərək qərarla razı olduğunu bildirmiş, polisin inzibati qərarından şikayət etməmişdir. Həmçinin cavabdeh polis orqanına verdiyi izahatdan, hadisə sxemində də, sığorta hadisəsinin məhz cavabdehin təqsirli hərəkətləri ucbatından baş verdiyi görünür. Beləliklə, zərərçəkən sığortalı nəqliyyat vasitəsinə görə sığorta ödənişi ödənildiyindən iddiaçı "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, Subroqasiya hüququ yaranmışdır. 7. Tərəfindən sözügedən şəxsə yazılı müraciət (pretenziya) göndərilməsinə baxmayaraq, ödəniş edilməmişdir. 9. Yuxarıda qeyd edilənlərlə birlikdə hesab edir ki, 28798.32 AZN (iyirmi səkkiz min yeddi yüz doxsan səkkiz manat otuz iki qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh vəkili Vəkil xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2026-cı il tarixə saat 11:00 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan e-2(008)-758/2025 saylı mülki iş üzrə, həmçinin xx.xx.2026cı il tarixə saat 14:30 və xx.xx.2026 15:00 tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 1(105)-824/2025 və 1(105)-786/2025 cinayət işləri üzrə əvvəlcədən təyin olunmuş məhkəmə prosesləri olduğundan iclasda iştrak edə bilməyəcək. Yaranmış zərurətlə əlaqədar olaraq məhkəmə prosesinin təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmçinin iddia tələbi üzrə tələb olunan məbləğlə razı olmadıqlarını, qiymət həddən artıq şişirdildiyini bildirmişdir. 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, cavabdehin vəkili Vəkil məhkəməyə ünvanladığı ərizəsində həmin gün Bakı şəhərində 3 məhkəmə iclasının olduğunu qeyd etsə də, bu barədə sübutları təqdim etməmişdir. Onun məhkəmə gəlməməyinin səbəblərinin üzürlü olması təsdiq edilməmişdir. Bundan başqa Vəkil iddiaçı Cavabdeh yalnız vəkilidir, səlahiyyəti müvafiq qaydada müəyyən edilmiş nümayəndəsi deyil, o, yalnız iş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda iddiaçıya ixtisaslı hüquqi yardım göstərməlidir. Vəkilin şifahi və yazılı izahatları isə mübahisənin həllində istinad edilməli olan sübut da sayılmır. Yəni məhkəmə iclasında cavabdeh özü və ya nümayəndəsi iştirak etməlidir, işin halları barədə izahatlar da, sonuncular tərəfindən verilməlidir. Vəkil nümayəndə səlahiyyətləri, o cümlədən iddia tələbinə etiraz etmək, işin cavabdehin və özünün iştirakı olmadan mahiyyəti üzrə həll edilməsini tələb etmək səlahiyyəti yoxdur. İş materiallarına əlavə edilmiş sənədlər Bakı şəhər X9 İdarəsinin polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 00:26-da HYUNDAİ İ30 minik markalı, **-DP-*** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 40 manat inzibati qaydada cərimə edilmişdir. Bakı şəhər X9 İdarəsinin polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 00:26-da HYUNDAİ İ30 minik markalı, **-DP-*** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Cavabdeh protokolla tanış olmuş, razı olduğunu bildirmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 00:26 dəqiqədə Bakı şəhərində baş vermiş, yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Təqsirli şəxsin idarə etdiyi avtonəqliyyat vasitəsinin markası HYUNDAİ İ30, dövlət qeydiyyat nişanı **-DP-***-dir. Hadisə zamanı nəqliyyat vasitəsini etibarnamə ilə Cavabdeh idarə etmişdir. **********08 nömrəli, xx.xx.2023-cü il tarixli “Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, TOYOTA CAMRY HİBRİD markalı, JTNB23HK4P3151826 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. “İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanmasına” dair çıxarışda görünür ki, hadisə baş verən zaman yəni, xx.xx.2024-cü il tarixdə HYUNDAİ İ30 markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbarı avtoməsuliyyətin sığorta müqaviləsi qüvvədə olmuşdur. xx.xx.2024-cü il tarixli, 132526 nömrəli sığorta aktından görünür ki, "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 33000 manat müəyyən edilmiş, zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat franşıza çıxılmaqla sığorta ödənişi 32900 manat müəyyən edilmişdir. 120İNTL242541378 order nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 hesabına 32900 manat ödənilmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, O-AS-20242528 nömrəli pretenziyadan görünür ki, zərər məbləğinin 10 gün ərzində şirkətə ödənilməsi bildirilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Baki Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1560/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh şikayəti təmin edilərək, Bakı şəhər Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişvə şəxsin iştirakının təmin edilərək müvafiq araşdırma aparılması üçün iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, 44-7/2-28187 nömrəli məktubundan görünür ki, Cavabdeh işinə yenidən baxılaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Baki Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-7388/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilərək, inzibati xəta haqqında AR DİN-nin Bakı şəhər X8 İdarəsinin 12 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi barədə elektron qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN-nin Bakı şəhər X8 İdarəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2923/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 3(011)-7388/2025 nömrəli qərarı ləğv edilmiş, Cavabdeh şikayəti təmin edilməmiş, Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri BPİ-nin X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Sistemdən əldə edilmiş çıxarışdan görünür ki, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərar üzrə hesablanmış cərimə və dəbbə pulu ilə birgə ümumilikdə 44 manat cərimə Cavabdeh tərəfindən ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 176.40 (bir yüz yetmiş altı manat qırx qəpik) dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsi 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. İşin mübahisəsiz halları bundan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “Hyundai İ30” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Camry” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı ilə toqquşaraq zəncirvari yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Camry” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Hadisə nəticəsində zərərçəkən sığortalı “Toyota Camry” markalı, **-GG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 33000 manat zərər dəymişdir. Azadolma (franşiza) məbləği 100 manat, sığorta dəyəri 32900 manat olaraq müəyyən edilmişdir. Zərərçəkən sığortalı X2 ərizəsindən görünür ki, sonuncu dəymiş zərər məbləği ilə razılaşmış və köçürülməsi üçün bank hesabının rekvizitlərin təqdim etmişdir. Sığortalanmış “Toyota Camry” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 32900 manat sığorta ödənişini X2 bank hesabına köçürmüşdür. "xxxx" ASC tərəfindən 4101.68 AZN dröd) min yüz bir manat altmış səkkiz qəpik) məbləğ hissəsi geri qaytarılmışdır. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati icraat başlanması və iş materiallarında olan xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 (qırx) manat cərimə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2923/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə həmin qərar qüvvədə saxlanmışdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olması sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmasının müstəqil bir əsasıdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 132526 nömrəli sığorta aktından görünür ki, "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 33000 manat müəyyən edilmiş, zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat fransıza çıxılmaqla sığorta ödənişi 32900 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 4101.68 AZN dröd) min yüz bir manat altmış səkkiz qəpik) məbləğ hissəsi geri qaytarılmışdır. Beləliklə məhkəmə iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şərh edilənlər iddianın əsaslı olması qənaətini formalaşdırır. Beləliklə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh “Toyota Camry” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 28798.32 manat, ödənilmiş 176.40 manat dövlət rüsumu və 1.41 manat xidmət haqqı tutulub İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Toyota Camry” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 28798.32 (iyirmi səkkiz min yeddi yüz doxsan səkkiz manat otuz iki qəpik) manat sığorta ödənişi və 176.40 (bir yüz yetmiş altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu, 1.41 (bir manat qırx bir qəpik) manat xidmət haqqı alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-768/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-768/2025
24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver