Məhkəmə qərarları › İş №e-2(033)-960/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-960/2025

29.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-960/2025 29.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 avqust 2023-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cаvаbdeh Cavabdeh ilə xx.xx.2022-ci ildə nikаhlarını Zaqatala rаyоn Qeydiyyat şöbəsində 278 sayla rəsmiləşdirməklə evlənmişlər. Cаvаbdeh Cavabdeh ilə birgə nikahlarından 17 avqust 2023-cü ildə X5 аdındа bir uşаğı оlmuşdur. Onlar evləndikdən sоnrа аrаlarındа tez-tez аilə münаsibətləri zəminində mübаhisələri оlurdu, bütün qazancını özünə xərcləməklə ailəyə laqeyd münasibət göstərmişdir, bu səbəbdəndən 2024-cü ildən Cavabdeh ilə aralarında ailə münasibətləri pozulmuş, və yaranmış narazılıqlara görə uşaqlarıda götürüb ata evinə gəlmişdir. Hazırda bir ildən çoxdur ki, onlar ayrılmışlar. Lakin aralarında olan rəsmi nikah pozulmamışdır. Birgə nikahlarından olan uşaq onun himayəsində yaşayır. Tək başına uşağa baxmaq onun üçün çox çətindir. Cavabdeh hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində MAXE heyyətində həqiqi hərbi xidmətdə işləyir. Aylıq əmək haqqı alır lakin, uşağın maddi tələbatı ilə maraqlanmır. O, uşağa baxmağa borcludur. Cavabdehlə ayrıldığı müddətdə o, demək olar ki, birgə nikahlarından olan uşağı ilə maddi tələbatları ilə maraqlanmayıb. O, uşağın tələbatlarını təkbaşına ödəyə bilmir. Buna görə də Cavabdeh birgə nikahlarından 17 avqust 2023-cü ildə doğulmuş X5 аdlı övladının yetkinlik yaşına çatanadək baxılıb saxlanması üçün hər ay Cavabdeh aylıq əmək haqqının qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarı qədər aliment tutulmasını tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa oxşar izahat verərək bildirmişdir ki, uşaq hal-hazırda onun himayəsindədir, cavabdehin bütün gəlirlərinin ¼ hissəsində aliment istəyir. İddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da o, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İşin halları xx.xx.2025-ci il tarixli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, 60 (altmış) manat məbləğində ilkin mediasiya xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 avqust 2023-cü il tarixdə doğulmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş09 noyabr 2022-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 xx.xx.2022-ci il tarixdə nikah bağlamışdırlar və bu barədə 278 nömrəli akt qeydi tərtib edilmişdir. Nikaha daxil olduqdan sonra arvada Həsənova soyadı verilmişdir. Azərbaycan Respublikası DİN Daxili Qoşunları N saylı hərbi hissənin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh aylıq əmək haqqı 1012,95 manat təşkil edir. 65.24 manat gəlir vergisi, 30.39 DSMF-ə və 20,26 manat tibbi sığorta çıxıldıqdan sonra 961.06 manat ələ çatan məbləğdir, bir il ərzində 666 manat maddi yardım və 549 manat məzuniyyət pulu və 1332 manat birdəfəlik pul mükafatıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu : 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 05 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi : 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh sabit pul məbləğində gəliri vardır və onun aylıq əmək haqqı 1012,95 manat təşkil edir. 65.24 manat gəlir vergisi, 30.39 DSMF-ə və 20,26 manat tibbi sığorta çıxıldıqdan sonra 961.06 manat ələ çatan məbləğdir, bir il ərzində 666 manat maddi yardım və 549 manat məzuniyyət pulu və 1332 manat birdəfəlik pul mükafatıdır. Odur ki, tutulmanın miqdarı ilə bağlı tərəflərin maddi və ailə vəziyyətini eləcə də qanunvericiliyin bir uşaq üçün nəzərdə tutduğu valideynin gəlirindən tutulmalı olan hissəni nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməlidir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə 02 iyun 2025-ci il tarixdə müraciət etdiyindən aliment məhz həmin tarixdən tutulmalıdır. Cavabdeh (illik gəlir 11532.72+666+549+1332=14079.72/4=3519.93) 55,20 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilnədiyindən 60 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Tərəflərin birgə nikahından 17 avqust 2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 iyun 2025-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi həcmində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 55,20 (əlli beş manat iyirmi qəpik) manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İş üzrə İddiaçı tərəfindən ödənmiş 60 manat mediasiya xərci onun özünə aid edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar