Məhkəmə qərarları › İş №e-2(034)-160/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-160/2024

29.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-160/2024 29.03.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5781/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 1391 nömrə ilə qeydə alınmış nikahın pozulması və yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması qət etmişdir. Bundan əlavə mediator X2 iştirakı ilə xx.xx.2022-ci il tarixdə onunla Cavabdeh arasında saziş imzalanmışdır. Sazişin şərtlərinə əsasən hər iki tərəf nikahın barışıq üçün əlavə vaxt verilmədən pozulması, birgə nikahdan doğulan xx.xx.2021-ci il təvəllüdlü X1 anasının himayəsində qalması, onun saxlanılması üçün xx.xx.2024-cü iltarixədək aliment tələb edilməməsi, sonra aliment tələb edilə (artırıla, azaldıla və s.) bilməsi, uşağın iki il müddətinə ölkə xaricinə çıxarılması barədə icazə verilməsi, iki ildən sonra icazə məsələsinə yenidən baxılması, cavabdehin övladı ilə ay ərzində 8 gündən çox olmayaraq, tərəflərin razılaşdıqları saat aralığında, gecə qalmamaq şərti ilə görüşməsi, vaxt məhdudiyyəti olmadan uşaqla onlayn danışması və görüşməsi və tərəflərin bir-birinə qarşı heç bir maddi tələb (alimentdən başqa) irəli sürməyəcəyi barədə razılaşmışdırlar. Sözügedən sazişin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, qısa müddətliyinə oğlu ilə Azərbaycana getdiyini və ölkədən çıxmağına 1 gün qaldığını bilən cavabdeh xx.xx.2022-ci il tarixində xx.xx.2022 tarixli 5 saylı Bakı “asan xidmət” mərkəzi notariat ofisində uşağın anasıyla birlikdə Azərbaycandan Türkiyəyə gedişinə icazəylə bağlı verdiyi ərizəni ləğv etmişdir. 1 gün sonra oğlu ilə Türkiyəyə gediş biletləri olmuş və oğlu hava limanında ölkədən çıxış icazəsi cavabdeh tərəfindən ləğv olunmuş olduğu üçün sərhəddən buraxılmamışdır. İşlədiyi üçün Türkiyəyə təkbaşına dönməli olmuşdur. Cavabdeh xx.xx.2022 tarixində ləğv etdiyi icazə ərizəsini təkrar vermiş və xx.xx.2022-ci il tarixində Azərbaycana gedərək oğlunu Türkiyəyə gətirə bilmişdir. Bu müddətdə cavabdeh ona yüksək miqdarda maddi və mənəvi zərər vermişdir. Oğlu ilə ayrı qaldıqları üçün oğlunun süddən kəsilməsinə və psixoloji travma almasına səbəb olmuşdur. Bu səbəbdən, eləcə də himayəsində olan xx.xx.2021-ci il təvəllüdlü X1 qabiliyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi məqsədilə, həmçinin ayrıldıqları gündən etibarən oğlunun tərbiyəsi, maddi və mənəvi ehtiyaclarının qarşılanması üçün hər şeyi, cavabdehin heç bir qatqısı olmadan tək başına etmişdir. Azərbaycan Respublikası Qanununa edilən dəyişikliyə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr məhkəmədən öncə Mediasiya qaydasında həll olunmalıdır. Bu qanun mübahisələrin həllinin alternativ üsulu kimi mediasiyanın təşkili sahəsində ictimai münasibətləri nizama salır, onun prinsiplərini və həyata keçirilməsi qaydalarını, həmçinin mediatorların statusunu müəyyənləşdirir. O, cavabdeh X5 təklifi barədə məktub göndərmişdir. Lakin aralarında aliment tələbinə dair razılıq əldə edilmədiyindən Bakı 18 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə MŞB/18/2023-01687 nömrəli (X4 sonra prosesin davam etdirilə bilməməsi barədə) arayış tərtib olunmuşdur. Mediasiya xərci kimi 60 (altmış) manat məbləğində ödəniş etmişdir. Qeyd edir ki, cavabdeh X9 Cümhuriyyitdə “Başkent Ankara hastanesinde” Kalp damar cerrahisi bölümündə həkim olaraq işləyir (https://tip.baskent.edu.tr/kw/genel.php?birim=600&id=3017). Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” 19 may 1998-ci il tarixli Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh ilə 2019-cu ildə nikaha daxil olmuşlar. Bu nikahdan 2021-ci ildə X7 anadan olmuşdur. Tərəflər 2022-ci ildə rəsmi olaraq boşanıb, mediasiyada barışıq sazişi bağlamışlar. Mediasiyanın əsas şərtləri uşağın ananın yanında saxlanması, 2024-cü ilədək aliment irəli sürülməməsi və uşağın xaricə çıxışına icazə verilməsi ilə bağlı olmuşdur. Hər iki tərəf Türkiyə Respublikasında təhsil alırlar. Uşaq ana ilə X8 gedərkən saxlanılmışdır. Ana uşağı özü ilə Türkiyə Respublikasına apara bilməmişdir. Uşaq süd əmər olduğu üçün süddən kəsilmiş, buda uşağa psixoloji təsir etmişdir. Cavabdeh Ankara Universitetində ürək damar cərrahı işləyir, müəyyən məvacib alır. Təqdim etdiyi sənədlərdə uşağın baxçaya getməsi göstərilmişdir. Ana 10000 tl həmin baxçaya ödəniş edir. 24 yanvardan sonra uşağı baxçaya qoymamış, səbəbdə inflasiyanın olmasıdır. Həmin baxçanında qiyməti 24000 tl olmuşdur. Cavabdeh iddiaçıya heç bir maddi dəstək olmamşdır. Cavabdeh təxmini 30-60000 tl alır. Cavabdeh hal-hazırda Türkiyə Cumhuriyyətində “Başkent Ankara hastanesinde” kalp damar cerrahisi bölümündə həkim olaraq işləyir və bu fakt cavabdehin vəkili Vəkil2 tərəfindən də inkar edilməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehin əmək haqqı və digər gəlirləri barədə məlumatın alınması məqsədi ilə X6 vilayətində yerləşən “Başkent Ankara Hastanesi Başhekimliğine” müraciət edilmiş lakin indiyədək müraciətə cavab ala bilməmişdir. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250 manat məbləğində alimentin alınmasına etiraz etməməsini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 alimentin cavabdehin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında deyil, sabit pul məbləğində ödənilməsini qəbul edərək, izahatında bildirmişdir ki, cavabdeh Türkiyədə təhsili alır, onun heç bir gəliri yoxdur.İddiaçı tərəf cavabdehin işləməsi barədə və hər hansı bir gəlirlərinin olması barədə heç bir subutunu məhkəməyə təqdim etməmişdir. Barışıq sazişinin şərtlərini iddiaçı tərəf irəli sürmüş, cavabdeh tərəfdə razılaşmışdır. Barışıq sazişi iddiaçı tərəfindən pozulmuşdur. Cavabdeh 10 gün Bakıda olur, uşağını görə bilmədiyi üçün barışığ sazişini ləğv etmişdir. Hər şeydən öncə uşağın mənafeyi üstün olmalıdır. Ata uşağa yay pal-paltarı, lazımı nə varsa almışdır.Cavabdeh uşağına qarşı laqeyid deyildir.Sonda cavabdehin nümayəndəsi cavabdehin hər ay 235 manat aliment ödəməyə razı olmasını və məhkəmədən hər ay 235 manat aliment təyin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 5781/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş,boşanmadan sonra yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilmişdir. İş materiallaırnda olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2021-ci il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarına əlavə edilmiş X4 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/18/2023-01675 nömrəli arayışdan görünür ki, tərəflər X4 sonra prosesi davam etdirməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə-valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin ailə münasibətləri alınmadığından Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5781/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X1 isə anası İddiaçı yanında qalması qət etmişdir. İddiaçı himayəsində olan xx.xx.2021-ci il təvəllüdlü X1 qabiliyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi məqsədilə, həmçinin cavabdehlə ayrıldıqları gündən etibarən oğlunun tərbiyəsi, maddi və mənəvi ehtiyaclarının qarşılanması üçün hər şeyi, cavabdehin heç bir köməyi olmadan tək başına etmişdir. İddiaçı birgə nikahdan olan uşağın saxlanması üçün Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında vəsaitin tutulmasını tələb etsdə,cavabdehin işləməsi və ya cavabdehin hər hansı bir gəlirlərini olması barədə məhkəməyə heç bir subutunu təqdim edə bilməmişdir,lakin sonradan ərizə ilə məhkəməyə müraciət ədərək, birgə nikahdan olan uşağın saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin ödənilməsinə etiraz etməməsini, cavabdeh isə buna razı olmasını bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi, iddiaçı Məhkəməyə xx.xx.2024-cü ildə müraciət etmişdir. Odur ki, alimentin tutulması xx.xx.2024-cü ildən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən edilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar