Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-394/2022 16.08.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Asimovnanın, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində aliment, uşaqların əlavə xərcləri (müalicə, təhsil və s) nəzərə alınaraq, hər bir uşaq üçün əlavə hər ay 50 manat, cəmi 500 manat alimentin tutularaq ona verilməsi, eyni zamanda 120 manat vəkillə bağladığı müqavilə üzrə ödənişinin və mediatora ödədiyi 50 manat dövlət rüsumu olmaqla, cəmi 170 manat məbləğin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil Asimovna iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikahdan keçərək ailə həyatı qurmuşdur. Nikahlarını 1 saylı «Asan xidmət mərkəzi» qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2139 nömrəli akt qeydi icra olunmuşdur. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X7 və xx.xx.2017-ci il tarixdə X8 dünyaya gəlmişlər. Ailə həyatlarının əvvəlində cavabdehlə münasibətləri yaxşı olsa da, sonradan cavabdehin iddiaçıya və övladlarına qarşı münasibəti dəyişmişdir. Belə ki, son müddət ərzində cavabdeh iddiaçıya və uşaqlarına laqeyd münasibət göstərərək, öz ailəsinin qayğısına qalmamışdır. Cavabdeh uşaqların saxlanılmasında iştirak etmir. Övladlarının bütün xərcləri iddiaçı və qohumları tərəfindən ödənilir. Hal-hazırda qızlarının 5 yaşı var, o məktəbəqədər hazırlığa gedir. Bunun müqabilində iddiaçı hər ay 70 manat ödəniş edir. Eyni zamanda qızının səhəttində olan problemlərlə əlaqədar o, psixloqun seanslarından keçir. Hər seansın qiyməti 21 manat təşkil edir. Ayda uşaqların müayinə və müalicəsi ilə bağlı 50-100 manat xərcləyir. Göründüyü kimi bütün bu xərcləri ödəmək üçün xeyli maddi vəsait tələb olunur. Lakin iddiaçı uşaqların tərbiyəsi və onlara baxılması ilə məşğul olduğundan işləmir və onun hər hansı bir qazanc yeri yoxdur. Cavabdehin öz ailəsinə bu cür laqeyd və məsuliyyətsiz münasibətin göstərilməsi, ailənin çətin maddi duruma salaraq, uşaqların tələbat və ehtiyaclarının ödənilməsinə imkan vermir. Cavabdehin iş yeri barədə isə məlumatları yoxdur. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 ona verilən sual-cavablarda iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, cavabdeh hazırda Qəbələ rayonunda uşaqları ilə istirahət etdiyi üçün məhkəmə iclasında iştirak edə bilmir. Cavabdeh uşaqların atasıdır. Cavabdeh uşaqların zəruri xərclərində iştirak edir. Cavabdeh fərdi əməklə məşğul olur, stabil gəliri yoxdur. Alimenti isə hər uşağa 150 manat olmaqla, 300 manat verməyə razıdır. Sonda cavabdehin vəkili məhkəmədən iddia tələbinin qalan hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanaraq, bu barədə 1 saylı «Asan xidmət mərkəzi» Qeydiyyat şöbəsində akt qeydləri kitabında 2139 saylı qeyd aparılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2016-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 valideynləridirlər. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli N2021/006810 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan X10 tərəfindən verilmiş arayışlardan görünür ki, X8 xx.xx.2022-ci il tarixdən davranış pozuntsu, X9 isə xx.xx.2022-ci il tarixdən aqressiya və emosiyaların idarə edilməsində çətinlik şikayətləri ilə mərkəzə müraciət etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər X5 Haqqında 531 nömrəli xx.xx.2021-ci il tarixli müqavilədən görüünr ki, İddiaçı ilə 24 saylı Vəkil Bürosunun vəkili Vəkil arasında müqavilə bağlamış və 120 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahdan tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 dünyaya gəlmişlər. Tərəflər arasında ailə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan cavabdehin ailəsinə olan laqeyd münasibəti tərəflərin ailə münasibətlərinin pozulmasına gətirib çıxarmışdır. Cavabdeh uşaqların saxlanmasında heç bir köməklik etmir, uşaqların bütün xərcləri iddiaçı və iddiaçının qohumları tərəfindən ödənilir. Bu səbəbdən iddiaçı cavabdehdən uşaqların saxlanması ilə bağlı hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin, həmçinin uşaqların müalicə və təhsili üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat, ümumilikdə isə 500 manat alimentin tutularaq ona verilməsini tələb edir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, cavabdeh uşaqların zəruri xərclərində iştirak edir, fərdi əməklə məşğul olur, stabil gəliri olmasa da, alimenti hər uşağa 150 manat olmaqla, 300 manat verməyə razıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh uşaqların xəstəliyi ilə bağlı müalicəsi üçün əlavə xərclərə də cəlb olunmalıdır. Azərbaycani Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur Həmin məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi, iddiaçı Məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmişdir. Odur ki, alimentin tutulması xx.xx.2022-ci ildən hesablanmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçı əmək qabliyyətli olduğundan, uşağın saxlanması isə hər iki valideynin borcu olduğundan iddia tələbi qismən təmin edilərək Cavabdeh xx.xx.2016-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin, uşaqların xəstəliyi ilə bağlı əlavə xərcləri üçün hər ay 25 manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı həmçinin cavabdehdən hüquqi yardımla əlaqədar ödənilmiş 120 manat məbləğində xidmət haqqı və mediatora ödədiyi 50 manat dövlət rüsumunu tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi yardımla bağlı tələbi qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, mediasiya xərci isə məhkəmə xərclərinə aid olmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment, uşaqların xəstəliyi ilə bağlı əlavə xərcləri üçün hər ay 25 manat məbləğində pul və hüquqi yardımla əlaqədar ödənilmiş 120 manat məbləğində xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-394/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-394/2022
16.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver