Məhkəmə qərarları › İş №e-2(036)-1111/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1111/2024

02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1111/2024 02.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki mübahisə (açar sözlər: sığorta, subroqasiya) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən X4 oğlunun az ağır dərəcəli bədən xəsarətinə görə ödənilmiş 1500 manat, “VAZ 21074” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4344 manat pulun, cəmi 5844 manat pulun və ödənilmiş 78.44 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən X4 oğlunun az ağır dərəcəli bədən xəsarətinə görə ödənilmiş 1500 manat, “VAZ 21074” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4344 manat pulun, cəmi 5844 manat pulun və ödənilmiş 78.44 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2021-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “VAZ 21074” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə X4 oğlu az ağır dərəcəli bədən xəsarəti almış, “VAZ 21074” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə isə maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş İcbari sığorta bürosundan çıxarışdan və 102024, 102023 nömrəli sığorta aktlarından göründüyü kimi hadisə zamanı “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər müddətə iddiaçıda “Avtonəqliyyat vasitəsisahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(099)-684/2021 nömrəli hökmündən görünür ki, hadisə zamanı “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh oğlu nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, sərxoş halda idarə etmiş və nəqliyyat vasitəsinin istismar qaydalarını pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. “İcbari sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, az ağır dərəcəli bədən xəsarətinə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30%-ni təşkil edir. X4 oğlunun az ağır dərəcəli bədən xəsarətinə görə 4981 nömrəli ödəniş tapşırığından da göründüyü kimi 1500 manat məbləğində sığorta ödənişi olunmuşdur. Həmçinin məhkəməyə təqdim olunan hökmdə qeyd edilən Məhkəmə ekspertiza mərkəzinin rəyinə əsasən, habelə iş materiallarında olan dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, zərərçəkən X4 oğlunun idarə etdiyi “VAZ 21074” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4344 manat zərər dəymişdir. Həmin zərər də 4976 saylı ödəniş tapşırığına əsasən, zərərçəkənə ödənilmişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sürücülük vəsiqəsi olmadan, sərxoş olaraq nəqliyyat vasitəsini idarə etmişdir və buna görə də iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edir ki, ümumilikdə 5844 pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

9. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. İşin müəyyən edilən halları ondan ibarətdir ki, cavabdehə məxsus “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək iddiaçıda icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə saat 22:15 radələrində cavabdehin idarə etdiyi “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “VAZ 21074” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə həm X3 az ağır dərəcəli bədən xəsarəti almış, həmçinin həmin avtomobilə maddi zərər dəymişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(099)-684/2021 nömrəli hökmü ilə hadisə zamanı “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh oğlunun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, sərxoş halda idarə etməsi və nəqliyyat vasitəsinin istismar qaydalarını pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olması müəyyən edilməklə ona 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı tərəfindən “VAZ 21074” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4344 manat, X2 az ağır dərəcəli bədən xəsarətinə görə 1500 manat məbləğlərində sığorta ödənişi zərərçəkmiş şəxs X2 ödənilmişdir.

11. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur.

12. Belə ki, “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində digər şəxsə məxsus avtomobilə və şəxsə zərər dəymiş, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, sərxoş halda idarə etmiş, eyni zamanda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(099)-684/2021 nömrəli hökmü ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və iddiaçı digər şəxsə məxsus avtomobilə dəymiş zərəri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.

13. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş cavabdehdir ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı zərəçəkmişə ödənilmiş pul vəsaitinin subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır.

14. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

VI. Nəticə:

15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh X4 oğlunun az ağır dərəcəli bədən xəsarətinə görə ödənilmiş 1500 manat, “VAZ 21074” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4344 manat pul, cəmi 5844 manat pul və 78.44 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar