Məhkəmə qərarları › İş №e-2(036)-1204/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1204/2024

17.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1204/2024 17.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdehdan inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 218 manat məbləğində pulun və 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1037 saylı daxili lizinq müqaviləsinə əsasən “Chevrolet Nexia” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Lakin, cavabdeh daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə əməl etməmiş, lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bunula əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(036)-1760/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nn iddiası təmin edilərək cavabdehdən ümümilikdə 2057.72 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X3 İdarəsi tərəfindən İXP ******* (64 manat), EQ 12575076 (64 manat), EQ 13412943 (36 manat), EQ 13412944 (54 manat) nömrəli protokollara əsaəsn cərimələnmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 218 manat ödəniş edilmişdir.

3. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ALY-1037 saylı daxili maliyyə lizinqi müqaviləsi əsasən lizinq obyekti 48 ay müddətinə illik 15 faiz həcmində mükafat məbləği hesablanmaqla lizinqə verilmişdir.

4. xx.xx.2022-ci il tarixli, ALY-1037 saylı “öhdəliklərin ötürülməsi müqaviləsi”nə əsasən həmin ödhəlik X1 ötürülmüşdür.

5. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini icra etməmiş və nəticədə onun təşkilata 218 manat məbləğində borcu qalmışdır.

6. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur.

7. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir.

8. “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır”.

9. xx.xx.2024-cü il tarixli, 332 saylı xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehə borcun ödənilməsi üçün xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı məlumat verilmişdir.

10. Dövlət rüsumu olaraq 30.40 manat məbləğində pul ödənilmişdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

11. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

14. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

20. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

27. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.

28. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ALY-1037 saylı daxili lizinq müqaviləsinə əsasən “Chevrolet Nexia” minik markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan kimi cavabdehin istifadəsinə verilmişdir. Lizinq obyekti cavabdehin istifadəsi və sahibliyində olduğu müddətdə AR X3 İdarəsi tərəfindən İXP ******* (64 manat), EQ 12575076 (64 manat), EQ 13412943 (36 manat), EQ 13412944 (54 manat) nömrəli protokollara əsaəsn cərimələnmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 218 manat məbləğində pul ödənilmişdir.

29. Nəticədə cavabdehin Cəmiyyət qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Hazırda cavabdehin təşkilata ümumilikdə 218 manat məbləğində borcu qalmışdır.

30. Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.

31. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

34. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

35. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

36. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandiraraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 218 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat məbləğində pul vəsaiti tutulub İddiaçı MMC-nin xeyrinə ödənililməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 218 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat məbləğində pul vəsaiti tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar