Məhkəmə qərarları › İş №e-2(036)-1544/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1544/2024

04.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1544/2024 04.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1Tapdıq oğluna və İmişli Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair mülki mübahisə (açar sözlər: sərəncamın ləğv edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1Tapdıq oğlunun, Cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1Tapdıq oğluna və İmişli Rayon İcra Hakimiyyətinə qarşı İmişli Rayon İcra Hakimiyyətinin 28 noyabr 2023-cü il tarixli 209 nömrəli sərəncamının ləğv edilməsi, Cavabdeh1 X8 üzərindəki qəyyumluğunun ləğv edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X4 iddiaçının himayəsinə verilməsi və uşağın yaşayış yerinin atasının yanında müəyyən olunması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı İmişli Rayon İcra Hakimiyyətinin 28 noyabr 2023-cü il tarixli 209 nömrəli sərəncamının ləğv edilməsi, Cavabdeh1 X8 üzərindəki qəyyumluğunun ləğv edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X4 iddiaçının himayəsinə verilməsi və uşağın yaşayış yerinin atasının yanında müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və X5 xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahda olduqları dövrdə 3 övladı, xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X8 doğulmuşdur. Daha sonra onların nikahları İmişli Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(036)-2083/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən nikah pozulduqdan sonra X6 iddiaçının yanında saxlanılması, X10 və X4 isə anasının yanında saxlanılması qət edilmişdir. Keçmiş həyat yoldaşı X5 9 iyun 2023-cü il tarixdə vəfat etmişdir. Daha sonra Cavabdeh1 2-ci cavabdehə müraciət edərək övladı üzərində qəyyum təyin edilməsini xahiş etmiş, 2-ci cavabdeh onun bu xahişini təmin etmiş və 28 noyabr 2023-cü il tarixli 209 nömrəli sərəncamı ilə 1-ci cavabdehi övladı X8 üzərində qəyyum təyin etmişdir. Cavabdeh1 ona qarşı aliment tələbi ilə İmişli Rayon Məhkəməsinə müraciət etdikdən sonra elektron məhkəmə sistemi vasitəsilə 15 fevral 2024-cü il tarixdə həmin sərəncamla tanış olmuşdur. Sərəncamla tanış olduqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidentinə həmin sərəncamdan xx.xx.2024-cü il tarixli şikayət ünvanlanmışdır. İddiaçı övladının atası olaraq valideynlik hüquqlarından məhrum edilməmiş və onun valideynlik hüquqları məhdudlaşdırılmamışdır. İddiaçı 2-ci cavabdehin qanunsuz sərəncamına görə öz uşağını tərbiyə edə, onun qayğısına qala bilmir. Qanunvericiliyin tələblərinə uyğun olaraq uşağın qayğısına qalmaq və onu tərbiyə etmək hər iki valideynin həm hüququ, həm də borcu olduğundan qızı onu tərbiyə edib böyütməsi üçün ona qaytarılmalı idi. Buna baxmayaraq uşağı üzərində qanunsuz olaraq onun babası 2-ci cavabdehin sərəncamı ilə qəyyum təyin edilmişdir. Hər iki oğlu hazırda iddiaçı ilə birlikdə yaşayır. Belə ki, Davud Nuriyev məhkəmənin qətnaməsi əsasında iddiaçının yanında qalmış, digər oğlu Qadir Nuriyev isə 18 yaşına çatdıqdan sonra öz iradəsi əsasında iddiaçının yanına qayıtmışdır. Hazırda mübahisələndirdiyi sərəncam qızının öz qardaşlarından ayrı yaşamasına səbəb olmuşdur. Buna baxmayaraq Cavabdeh1 qəyyum kimi təyin edilməklə bağlı müraciət etməsi və həmin müraciətin 2-ci cavabdeh tərəfindən təmin olunması iddiaçının hüququnun kobud şəkildə pozulmasının bariz göstəricisidir. İddiaçı hesab edir ki, cavabdehlərin bu hərəkətləri tamamilə qanunsuzdur və həm onun, həm də övladının hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1Tapdıq oğlu iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı onun mərhum qızı ilə rəsmi nikahda olmuşdur. Daha sonra aralarında olan nikah pozulmuşdur. Uşaqlardan biri iddiaçıda, ikisi isə mərhum qızında qalmışdır. Boşanma zamanı iddiaçıya bildirmişdir ki, uşaqları bir-birindən ayırmasın, uşaqların hər üçü anasında qalsın. Lakin iddiaçı onu dinləməmiş, uşaqlardan birini aparmışdır. 2022-ci ilin may ayından hal-hazırki vaxtadək Cəmilə onun yanında olmuşdur. Əsgərliyə gedən günə qədər Davud da onun yanında olmuşdur. Lakin özü onu atasının yanına göndərmişdir ki, əsgərliyə atasının yanından getsin. Ata-bala arasında münasibət pozulmasın. Mərhum qızı öləndən sonra 6 ay keçənədək gözləmişdir ki, iddiaçı tərəfdən kimsə uşaqları atasının yanına aparması üçün cəhd göstərəcək. Lakin iddiaçı uşaqlarını yanına aparmaq üçün cəhd göstərməmişdir. O da, nəvəsi də qəyyumluqla bağlı İmişli Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. İddiaçı ilə əlaqə saxlamaq istəmişlər, lakin o, onlara əhəmiyyət verməmiş və gəlməmişdir. Daha sonra İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları kəndə gəlmiş, qonşular arasında və onların iştirakı ilə akt tərtib etmişlər. Onu nəvəsinin üzərinə qəyyum təyin etmişlər. Daha sonra uşaqların analarını itirdiklərinə görə müaviət alınmaları məqsədi ilə müvafiq orqana müraciət etmişdir. Orada ona məlum olmuşdur ki, həmin müavinəti artıq uşaqların atası alır. Bu ona çox pis təsir etmişdir. Ona görə də aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçının ödənilməmiş aliment borcu var. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X12 iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, İmişli Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(036)-2083/2022 nömrəli qətnaməsi ilə nikah pozulduqdan sonra uşaq anasının himayəsində qalmışdır. Uşağın anası öldükdən sonra uşaq özü İmişli Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək babasının himayəsində qalmaq istədiyini bildirmişdir. Daha sonra uşağın babası da eyni məzmunlu ərizə ilə İmişli Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Daha sonra araşdırma zamanı müəyyən etmişlər ki, ata uşaqla maraqlanmamışdır. Kənd sakinləri arasında söhbətlər aparmışlar, oradan onlara məlum olmuşdur ki, hətta iddiaçı uşaqların anasnın hüzür məclisində də iştirak etməmişdir. Əgər valideynlər uşaqların təlim-tərbiyəsi ilə məşğul olmursa Qəyyumluq və Himayəçilik komissiyası uşağın mənafeyini əsas götürərək özü sərbəst şəkildə qərar qəbul edə bilər. Qonşuların iştirakı ilə akt tərtib edilmiş və həmin aktın surəti məhkəməyə təqdim olunmuşdur. Tərtib olunmuş akt, baba və nəvənin ərizəsini əsas götürməklə sərəncam verilmişdir. Sərəncam verildikdən sonra iddiaçı İcra Hakimiyyətinə dəvət olunsa da o, gəlməmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan X4 fikri öyrənilmiş və o, babasının yanında qalmaq istədiyini, eləcə də atasının onun oxuduğu məktəbə gələrək özü ilə aparmaq istədiyini bildirmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 63.1 və 63.2-ci maddələrinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. 63.3-cü maddəsinə əsasən valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 136-cı maddəsinə əsasən qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir.

10. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:1-ci maddəsinə əsasən qəyyumluq və himayə - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi formasıdır.

11. “Uşaq hüquqları haqqında” Konvensiya: 12-ci bəndinə əsasən iştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir. Bu məqsədlə uşağa ona toxunan hər hansı məhkəmə araşdırmasının və ya inzibati araşdırmanın gedişində ya bilavasitə, ya da nümayəndə və ya müvafiq orqan vasitəsilə, milli qanunvericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənilmək imkanı verilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. İmişli Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(036)-2083/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh X5 arasında xx.xx.2004-cü il tarixdə 466 nömrəli nikah akt qeydi ilə bağlanmış rəsmi nikahın pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X11 İddiaçı yanında qalması; xx.xx.2005-cı il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X4 cavabdeh X3 yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü İddiaçı hər ay 200 (iki yüz) manat sabit məbləğində alimentin tutulub X3 xeyrinə ödənilməsi qət edilmişdir.

13. İmişli Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2(036)-230/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı xx.xx.2011-ci il təvəllüdlü X4 cavabdehlərdən alınıb onun himayəsinə verilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.

14. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 371953 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə ölmüşdür.

15. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 209 nömrəli sərəncamından görünür ki, Cavabdeh1, yetkinlik yaşına çatmayan nəvəsi X4 üzərində qəyyum təyin edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 11/538 saylı ekspert rəyində göstərilmişdir ki, xx.xx.2011-ci il təvəllüdlü X4 hal-hazırda babası (qəyyumu) Cavabdeh1 və nənəsi X2 qarşı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, atası İddiaçı bağlılığı müəyyən olunmur. xx.xx.2011-ci il təvəllüdlü X4 psixikası və davranışlarında atası İddiaçı qarşı olan münasibəti ilə bağlı, eləcə də atası İddiaçı və ya babası (qəyyumu) Cavabdeh1 və nənəsi X1 himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur.

17. Mübahisələndirilən sərəncamın qəbul edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsinə dair məhkəmə sorğusuna cavab olaraq verilmiş İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-53/2-453/2024 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 X4 üzərində qəyyum təyin olunmasına əsas olan sənədlər - Cavabdeh1 ərizəsindən, İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli protokolu, X4 ərizəsindən, xx.xx.2023-cü il tarixli aktdan (atanın uşağı ilə maraqlanmaması barədə) ibarət olmuşdur.

18. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, xx.xx.2011-ci il təvəllüdlü X8, iddiaçının mərhum X5 ilə olan rəsmi nikah münasibətlərindən doğulmuşdur. Uşaq doğulduqdan sonra anası X5 ilə birlikdə iddiaçının yaşadığı evdə sonuncu ilə birgə yaşamışlar. Sonra məhkəmə qətnaməsi ilə X5 ilə iddiaçı arasında olan nikah pozulmuş və X4 anası X3 yanında saxlanması qət edilmişdir. X5 xx.xx.2023-cü ildə ölmüşdür. Uşağın atası, İddiaçı razılığı olmadan İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 209 nömrəli sərəncamı ilə Cavabdeh1, yetkinlik yaşına çatmayan nəvəsi X4 üzərində qəyyum təyin edilmişdir.

19. Qeyd olunan qanunvericilik normalarının tələblərindən görünür ki, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Qəyyumluq və himayə - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi formasıdır. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayan fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.

20. Hazırki iş üzrə xx.xx.2011-ci il təvəllüdlü X4 üzərində qəyyumluq təyin edilməsi məsələsini araşdıraraq məhkəmə hesab edir ki, onun üzərində qəyyumluq müəyyən edilməsinə zərurət olmamış və bu barədə qəbul edilmiş İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 209 nömrəli sərəncamı qanunsuzdur.

21. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2011-ci il təvəllüdlü X4 atası var (iddiaçı), ata hər hansı bir səbəblərə görə valideynlik hüquqlarından məhrum edilməmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmamışdır. Yəni, o valideyn kimi X8 üzərində qanunvericiliklə müəyyən edilmiş üstün hüquqlara malikdir. Lakin, Cavabdeh1 xx.xx.2011-ci il təvəllüdlü X8 üzərində qəyyum təyin edilməsi zamanı məsələ ilə bağlı onun fikri öyrənilməmiş, Cavabdeh1 uşaq üzərində qəyyum təyin edilməsinə razı olub-olmaması müəyyən edilməmişdir. Bu isə bir valideyn kimi onun hüquqlarının pozulmasına səbəb olmuşdur.

22. Həmçinin uşağın üzərində qəyyum təyin edilən zaman atasının uşağının saxlanılmasından, təlim-tərbiyyəsi ilə məşğul olmaqdan imtina etməsi və sairə bu kimi hallar mövcud deyildir və bu barədə İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən zəruri araşdırma aparılmamışdır.

23. Belə ki, uşağın üzərində qəyyum təyin edilən zaman İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli akta istinad edilmişdir ki, həmin akt sözügedən komissiyanın məsul katibinin, İmişli Rayon İcra Hakimiyyəti başçısının Qızılkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin, Cavabdeh1 və 2 nəfər qonşunun iştirakı ilə tərtib edilmişdir. Göründüyü kimi həmin aktın tərtib edilməsində iddiaçı iştirak etməmişdir. Eyni zamanda aktın tərtib edilməsində iştirak edən şəxslər aktda göstərilən halları, yəni iddiaçının valideynlik hüququnu həyata keçiribkeçirməməsini müəyyən etmək səlahiyyətinə malik olmamaqla bu halları müəyyən etmək iqtidarında olan şəxslər deyillər.

24. Bundan başqa, göstərilən aktda, iddiaçının, anası vəfat etdikdən sonra uşağın təlim-tərbiyəsi ilə maraqlanmaması, onun hüquq və mənafeyinin müdafiəsi ilə məşğul olmaması qeyd edilmişdir. Aktda göstərilən bu hallar işin faktiki halları ilə təsdiq edilmir. Əksinə işin hallarından müəyyən olunur ki, iddiaçı, uşağı X4 onun himayəsinə verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, bundan başqa, X4 məhkəmə iclasında verdiyi izahatında atasının onu məktəbdən götürməyə gəldiyini, onunla maraqlandığını bildirmişdir. Bu hallar iddiaçının uşağı ilə maraqlandığını, onun hüquq və mənafeyinin müdafiəsi ilə məşğul olma arzusunun olduğunu təsdiq edir.

25. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X4 üzərində Cavabdeh1 qəyyum təyin olunması haqqında İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 209 nömrəli sərəncamı əsassız olduğundan ləğv olunmalıdır.

26. Məhkəmə iddia tələbinin uşağın iddiaçının himayəsinə verilməsi və uşağın yaşayış yerinin atasının yanında müəyyən olunması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına olan məhkəmə-psixoloji ekspertizasına dair ekspert rəyində ekspertin qənaəti belə olmuşdur ki, X8 babası Cavabdeh1 və nənəsi X2 daha çox bağlıdır və atası İddiaçı bağlılığı yoxdur. Uşaq yaşadığı mühitə adaptasiya olunmuşdur.

27. Eyni zamanda məhkəmə tədqiqatı zamanı yetkinlik yaşına çatmayan X4 fikri öyrənilmiş və o, babasının yanında qalmaq istədiyini bildirmişdir.

28. Yetkinlik yaşına çatmayan X4 Cavabdeh1 qəyyumluğuna verilməsi zamanı uşağın atasının razılığı alınmasa da məhkəmə, X4 babası Cavabdeh1 daha çox bağlı olduğunu və onun yaşadığı mühitə adaptasiya olunduğunu nəzərə alaraq, uşaqların milli qanunvericiliklə və beynəlxalq hüquq normaları ilə müəyyən edilmiş hüquqları və üstün mənafeləri baxımından onun iddiaçının himayəsinə verilməsini və uşağın yaşayış yerinin atasının yanında müəyyən olunmasını məqsədə müvafiq hesab etmir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz.

29. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1, yetkinlik yaşına çatmayan nəvəsi X4 üzərində qəyyum təyin edilməsinə dair İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 209 nömrəli sərəncamı ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh1, yetkinlik yaşına çatmayan nəvəsi X4 üzərində qəyyum təyin edilməsinə dair İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 209 nömrəli sərəncamı ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar