Məhkəmə qərarları › İş №e-2(036)-2643/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2643/2022

13.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2643/2022 13.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdehnа qarşı “birgə nikah dövründə yaranmış borc öhdəliyinin bölünməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövrdə "xxxx" KB ASC və "xxxx" ASC-dən əldə etdikləri kreditlər üzrə borc öhdəliklərinin aralarında bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə iddiaçının ər-arvad münasibətləri pozulduğundan Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1496/2022 saylı qətnaməsi ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli 778 №-li nikahın pozulması, uşaqları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 boşanmadan sonra iddiaçının yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 193 manat, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Birgə nikahları dövrdə ailəni saxlamaq üçün məcbur olub bir neçə bankdan kredit götürmüşlər. Daha sonra iddiaçı işə düzəlmişdir. Banklardan götürdükləri kredit borclarını ödəmək üçün yenidən "xxxx" Kommersiya Bankı ASC ilə iddiaçının arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 1000 AZN məbləğində pul kreditini, "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən isə 5657 AZN məbləğində kredit götürmüşlər. Daha sonra cavabdeh işləmədiyinə görə və kredit borcunun ödənilməsinə köməklik göstərmədiyinə görə "xxxx" Kommersiya Bankı ASC-nə cəmi 1377 manat 80 qəpik borcları yaranmış və bank iddiaçını məhkəməyə vermiş və Abşeron rayon Məhkəməsinin 2(012)-4477/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən iddiaçıdan kreditor "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə cəmi 1377 manat 80 qəpik məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulması əmr edilmişdir. Bundan əlavə Abşeron rayon Məhkəməsinin 2(012)-2840/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən iddiaçıdan kreditor "xxxx" ASC-nin xeyrinə cəmi 7428,53 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması əmr edilmişdir. İddiaçının rəsmi iş yeri olduğuna görə 2021-ci ilin noyabr ayından Abşeron rayon Məhkəməsinin 2(012)-2840/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə "xxxx" ASC-nin xeyrinə hər ay əmək haqqından 280 manat tutulur. Həmin borclar birgə nikah dövründə yaranmış öhdəlik olduğundan yarısı iddiaçıya, yarısı da cavabdehə aid olmalıdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı götürdüyü kreditlərdən onun məlumatı olmamışdır. İddiaçı həmin kreditlər barədə ona məlumat verməmişdir. Ona görə də hesab edir ki, iddia tələbi tam əsassızdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)- 4477/2016 saylı məhkəmə əmrinə əsasən borclu İddiaçı kreditor "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 1197 manat 16 qəpik əsas, 136 manat 90 qəpik faiz, 42 manat 45 qəpik cərimə və 1 manat 20 qəpik komisyon haqqı olmaqla, cəmi 1377 manat 80 qəpik məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulması əmr edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)- 2840/2017 saylı məhkəmə əmrinə əsasən İddiaçı kreditor "xxxx" ASC-nin xeyrinə 5431,02 manat əsas, 1997,51 manat faiz borcu olmaqla, cəmi 7428,53 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması əmr edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 1496/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 778 № ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Göründüyü kimi tərəflər arasında nikah kredit öhdəliklərinin yaranmasından sonra, yəni xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Həmin Qərarın 3-cü bəndində əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin olunmalı, İddiaçı "xxxx" KB ASC ilə aralarında bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə və "xxxx" ASC ilə aralarında bağladığı xx.xx.2015-ci il tarixli nağd pul layihəsi müqaviləsi üzrə yanmış borc öhdəlikləri Cavabdeh ilə aralarında ½ (ikidə bir) hissə üzrə bölünməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" KB ASC ilə aralarında bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə və "xxxx" ASC ilə aralarında bağladığı xx.xx.2015-ci il tarixli nağd pul layihəsi müqaviləsi üzrə yanmış borc öhdəlikləri Cavabdeh ilə aralarında ½ (ikidə bir) hissə üzrə bölünsün. Cavabdeh iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 manat, mediasiya xərclərinə görə 50 manat və iddiaçıya hüquqi yardım göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində pul tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar