Məhkəmə qərarları › İş №e-2(036)-980/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-980/2023

14.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-980/2023 14.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlu İddiaçı Cavabdeh qarşı daşınmaz əmlak obyektinə ümumi birgə əmlakın bölünməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ümumi birgə əmlakın bölünməsi tələbi barədə iddia qaldıraraq Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində birgə nikah dövründə əldə edilmiş gəlirlər hesabına inşa edilmiş 787 saylı fərdi yaşayış evinin tikintisinə və təmirinə sərf edilən 60.000,0 (altmış min) manat üzərində ½ hissə üzrə paylarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş AR İN ƏM DX Daşınmaz Əmlakın DKR PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********71 saylı məlumata əsasən daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində inşa edilmiş 787 saylı fərdi yaşayış evi üzərində Cavabdeh əmlak hüququnun qeydiyyatı aşkar edilməmişdir. Ərizəyə əlavə edilmiş 109944 nömrəli qəbzin surətinə əsasən İddiaçı 811 nömrəli “eManat” terminalı vasitəsilə xx.xx.2022-ci il tarixdə 51,0 manat dövlət rüsumu ödəmişdir. Aşağıda göstərilən əsaslara görə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməməli və geri qaytarılmalıdır. AR Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərin hər birinin payı qabaqcadan müəyyənləğdirildikdən sonra həyata keçirilə bilər. İşdən görünür ki, İddiaçı payının müəyyənləğdirilməsini tələb etdiyi əşya (60.000,0 manat nağd pul ) daşınmaz əmlak obyektinin tikilməsinə sərf edilərək fiziki cəhətdən mövcudluğunu itirib dəyər ölçüsünü ifadə edən mücərrəd formaya (qiymətə) çevrilmişdir. Bölünməsi tələb edilən əşya (60.000,0 manat) faktiki olaraq ümumi birgə mülkiyyətdə qalmadığından (konkret bir şəxsin sahibliyində və sərəncamında olmadığından) onunla bağlı əşya hüququ yaranmamış və yaxud artıq xitam olunmuşdur. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyilsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, bölünməsi tələb edilən əşya (60.000,0 manat) fiziki cəhətdən mövcud olmaması səbəbindən konkret olaraq bir və ya bir neçə şəxsdə əşya hüququ yaratmadığından hüquqi cəhətdən mübahisə predmetini təşkil edə bilməz. Mübahisə predmetinin olmaması isə işin məhkəmə qaydasında baxılması imkanını aradan qaldırır. Ona görə də, İddiaçı Cavabdeh qarşı ümumi birgə əmlakın bölünməsi tələbi barədə iddia ərizəsi icraata qəbul edilməməlidir. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10.000,0 manatdan 100.000,0 manatadək olduqda 120,0 manat və üstəlik 10.000,0 manatdan yuxarı olan məbləğin 0,03 faizi məbləğində dövlət rüsumu ödənilir. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264,266,267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı ümumi birgə əmlakın bölünməsi tələbi barədə iddia ərizəsi qəbul edilməsindən imtina edilərək geri qaytarılsın. Qərardaddan 10(on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar