Məhkəmə qərarları › İş №e-2(037)-1062/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1062/2025

28.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1062/2025 28.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi İddiaçı və səlahiyyətli nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında 28 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(007)-2687/2024 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan 04 noyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2687/2024 saylı,xx.xx.2024cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü X4 anasının himayəsində saxlanılmaqla uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ondan 235 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Təyin olunmuş aliment məbləği həddindən artıq çoxdur. Belə ki, onun rəsmi iş yeri yoxdur. Bakı şəhəri “8-ci kilometr” adlanan ərazidə yerləşən bazarda araba ilə yük daşımaq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edir. Maddi imkanı aşağı olması səbəbindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəyə bilmir. Ona görə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il il tarixli 2(007)-2687/2024 saylı, qətnaməsi ilə 04 noyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş 235 manat aliment məbləğinin dəyişdirilərək hər ay 150 (bir yüz əlli) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə etdiyini bildirərək təyin edilmiş alimentin məbləğinin azaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə iddiaçı və nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2687/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş. xx.xx.2020-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay İddiaçı 235 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞİ/MT018/24 00136 nömrəli xx.xx.2025-ci il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2687/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş. xx.xx.2020-ci il təvəllüdlü X4 anasının yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay iddiaçıdan 235 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. İddiaçı rəsmi iş yerinin olmadığını, Bakı şəhəri “8-ci kilometr” adlanan ərazidə yerləşən bazarda araba ilə yük daşımaq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etdiyini, maddi imkanı aşağı olması səbəbindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəyə bilmədiyini qeyd edərək təyin edilmiş 235 manat aliment məbləğinin dəyişdirilərək hər ay 150 (bir yüz əlli) manat müəyyən edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyinə görə iddia tələbinə münasibətini öyrənmək mümkün mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2, 8.7-ci bəndlərində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2687/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X1 üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində hər hansı dəyişikliyin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı məhkəməyə bu halı təsdiq edən sübut təqdim etməmişdir. Aliment müəyyən olunduqdan sonra keçən müddət ərzində uşağın yaşının artması onun xərclərinin də artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2024-cü ilə nisbətən 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu da artmışdır. İddiaçının cavabdehə ödəməli olduğu aliment hazırki şəraitdə bir uşağın saxlanması üçün yüksək məbləğ deyildir. Alimentin azaldılması uşağın maddi vəziyyətinə pis təsir göstərə bilər. İddiaçı alimentin azaldılması əsasları barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə uşağın mənafeyini, uşaqlar üçün yaşayış minimumunu, alimentin məbləğinin azaldılması üçün heç bir əsasın olmadığını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin azaldılmasına dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar