Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1217/2025 09.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, X6 oğlunun katibliyi Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mediasiyaya müraciət etdiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən sabit pul məbləğində iki uşaq üçün 246+246 = 492 manat və uşaqların saxlanılması üçün alimentin minimum məbləğləri vaxtaşırı dəyişməsi və indeksasiyanın dəyişməsini sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icraata yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbini əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 24 may 2012-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı iki övladları dünyaya gəlmişdir. Nikah qeydiyyata alındığı gündən cavabdeh ilə münasibətlər normal olmuş, lakin, sonradan cavabdeh mütəmadi olaraq onu döyüb - təhqir etmiş, fiziki və mənəvi-psixoloji təziqlərə məruz qalmışdır. O, uşaqlarla atasının evinə qayıtmışdır. Cavabdeh onu özünə qəsd etmə həddinə çatdırmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(037)-417/2025 №-li qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmamış uşaqlar ananın yanında saxlanılmışdır. Hesab edir ki, uşaqları yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən sabit pul məbləğində iki uşaq üçün alimentin miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində alimentin tutularaq ona ödənilməlidir. Tərəflərin izahatları İddiaçı məhkəmə baxış iclasına gəlməmiş, iddiaçının nümayəndəsi /vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı və nümayəndəsi /vəkilin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə təmsil etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərmişdir ki, oğlu Cavabdeh ilə keçmiş gəlini İddiaçı birgə yaşadıqları müddətdə münasibətləri normal olmuşdur. İddiaçı onların evində döyülüb-söyülməyib. Əvvəlcədən iddiaçı həm valideynlərini görmək, hə də bacısı övladının toy mərasimində iştirak etmək üçün Gürcüstana getmək istədiyini onlara bildirmişdir. Razılıq əsasında iddiaçını uşaqları ilə birgə Gürcüstana göndərmişlər. Getdikdən bir müddət sonra iddiaçının valideynləri zəng edərək iddiaçının gəlməyəcəyini, cavabdehi istəmədiyini bildirmişlər. Tərəfindən dəfələrlə cəhd edilsə də İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, iki övladları iddiaçının yanında saxlanılmışdır. İddiaçı anadangəlmə lal-kar olmaqla İİİ qrup əlil kimi ayda 180 manat müavinət alır. Qüsurlu olduğuna görə heç yerdə işləyə bilmir. Cavabdeh öz uşaqlarının maddi təminatının ödənilməsinə köməklik etməyə etiraz etmir. O, hər ay aldığı müavinət qədər aliment ödəyə bilər. Lakin iddiaçının tələb etdiyi aliment məbləğini ödəmək iqtidarında deyildir. Maddi vəziyyəti nəzərə alınmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Belə ki, iş materiallarına əlavə olunan sənədlərə əsasən: AZ-İİ 904016 saylı xx.xx.2012-ci il tarixli və AZ-İİİ 082690 saylı xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin 02 iyun 2012ci il tarixdə X4 və 21 iyun 2013-cü il tarixdə X3 adlı iki uşaqları anadan olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-417 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında 24 may 2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, 02 iyun 2012-ci il tarixdə doğulmuş X4 və 21 iyun 2013-cü il tarixdə doğulmuş X3 boşanmadan sonra anası İddiaçı yanında saxlanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin e-16(037)-25 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından müəyyən edilir ki, “alimentin təyin edilməsi” tələbinə dair 2(037)-1217/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək 15 avqust 2025-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində müvəqqəti aliment tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞ/MT0xx/xx-00180 nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin xx.xx.2025-ci il tarixli məlumatından müəyyən edilir ki, Cavabdeh ümumi səbəbdən İİİ qrup əliliyə görə 180 manat müavinət alır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin xx.xx.2025-ci il tarixli məlumatından müəyyən edilir ki, Cavabdeh Dağlıq X2 filialında işsiz statusu ilə qeydiyyatdadır. Tətbiq edilən qanunvericilik normaları Azərbaycan Respublikasının Konstitusiyası İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyası
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2.Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 234. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını, iddiaçının alimentin təyin edilməsinə dair tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Yəni valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması uşaqların üstün mənafelərinin qorunmasına yönəldilmişdir. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-417 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 24 may 2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, 02 iyun 2012-ci il tarixdə doğulmuş X4 və 21 iyun 2013-cü il tarixdə doğulmuş X3 boşanmadan sonra anası İddiaçı yanında saxlanılmışdır. Məhkəmənin qətnaməsi ilə uşaqların saxlanması üçün aliment təyin edilməmişdir. Hazırda iddiaçı iki uşağın saxlanması üçün aliment təyin edilməsini tələb edir. Cavabdeh anadangəlmə İİİ qrup əlil kimi müavinət alır və Dağlıq X2 filialında işsiz kimi qeydiyyatdadır. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, uşaqların iddiaçının yanında olması, uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Lakin belə olan halda cavabdehin də aylıq gəliri, maddi vəziyyəti, heç yerdə işləməməsi nəzərə alınmalıdır. Çünki uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı, həm də iddiaçının vəzifəsidir. Məhkəmə onuda vurğulayır ki, valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşağın və onun himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa və balansa riayət olunmalıdır. Məhkəmə onuda qeyd edir ki, iddiaçı alimentin miqdarı təyin edilərkən cavabdehin uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumundan artıq vəsaitə malik olmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna müvafiq olaraq əlilliyi olan şəxs-müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Dövlət əlilliyi olan şəxslərin layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmini üçün müvafiq tədbirləri həyata keçirir. Qanunvericiliyin bu yanaşmasından çıxış edərək məhkəmə həmçinin cavabdehin anadangəlmə lal-kar olmaqla İİİ qrup əlil olması və heç yerdə işləyə bilməməsi vəziyyətini də diqqətə alır. Həmçinin məhkəmə alimentin tutulmasının hansı vaxtdan hesablanmasına münasibət bildirərək qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli 16(037)-25 nömrəli qərardadı ilə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək əvvəli 15 avqust 2025-ci il tarixdən başlayaraq iki uşağın saxlanması üçün müvəqqəti aliment təyin edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumu ödəməkdə azad edildiyinə görə dövlət rüsumu, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, 09 oktyabr 2025ci il tarixdən başlayaraq 02 iyun 2012–ci il tarixdə doğulmuş X4 və 21 avqust 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3125 misli həddində sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməli, qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilməli, İsmayıllı Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli 16(037)-25/2025 nömrəli qərardadı ilə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək müvəqqəti alimentin tutulması nəzərə alınmalıdır. Bundan başqa cavabdehdən Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. 09 oktyabr 2025-ci il tarixdən başlayaraq 02 iyun 2012–ci il tarixdə doğulmuş X4 və 21 iyun 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3125 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli 16(037)-25/2025 nömrəli qərardadı ilə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək müvəqqəti alimentin tutulması nəzərə alınsın. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Nərmin Qoşqarova