Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1408/2025 05.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ödənilmiş inzibati xəta haqqında İXP7017551 saylı protokola görə 864 manat məbləğində pul vəsaiti və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan X2 arasında bağlanmış 16 oktyabr 2024-cü il tarixli AUT-843 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyekti olan “X4” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Lizinq obyekti olan “X4” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alanın müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Cavabdeh 02 aprel 2025-ci il tarixli İXP7017551 saylı protokola əsasən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1.1-ci maddəsinə uyğun olaraq inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. İddiaçı tərəfindən yuxarıda qeyd edilən cəriməyə görə 864 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə iddiaçıya məxsus nəqliyyat vastəsi ilə törədilmiş inzibati xəta haqqında protokol əsasında yaranmış cərimə ödənilmişdir. Həmin cərimə ödənilmədiyi təqdirdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarında olan sənədlər: 16 oktyabr 2024-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətindədir. 16 oktyabr 2024-cü il tarixli AUT-843 saylı “Daxili lizinq” müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 2024-cü il buraxılışlı, “X4” minik markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 02 aprel 2025-ci il tarixli İXP7017551 nömrəli inzibati xəta haqqında protokolun elektron çıxarışının surətindən görünür ki, “X4” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alanın müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Cavabdeh 02 aprel 2025-ci il tarixli İXP7017551 saylı protokola əsasən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə uyğun olaraq inzibati qaydada cərimələnmişdir. 20 may 2025-ci il tarixli 74212580 nömrəli qəbzin surətindən görünür ki, İXP7017551 nömrəli inzibati xəta haqqında protokol üzrə 864 manat cərimə məbləği ödənilmişdir. 25 iyul 2025-ci il tarixli 548 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən ödənilmiş 864 manat pul vəsaitinin 07 gün ərzində ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. 30 sentyabr 2025-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən “Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, 864 manat miqdarında cərimə məbləğinə görə məhz cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə iddia tələbi təmin edilməlidir. Məhkəmə xərcləri: İş materiallarına əlavə edilmiş 30 sentyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Lakin 0,40 manat xidmət haqqı məbləğinin tutulması ilə bağlı iddiaçı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi 30 manat dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 0,40 manat xidmət haqqı məbləğinin tutulması hissəsində isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ödənilmiş inzibati xəta haqqında İXP7017551 saylı protokola görə 864 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 894 (səkkiz yüz doxsan dörd) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1408/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1408/2025
05.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver