Məhkəmə qərarları › İş №e-2(037)-52/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-52/2024

03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-52/2024 03.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə 03 aprel 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək “BMW 740” markalı, **- AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 10123,07 manat və ödənilmiş 121,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək bütün məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 dekabr 2022-ci il tarixdə cavabdeh tərəfindən idarə olunan “VAZ-21213” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “BMW 740” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “BMW 740” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaı sığortalanmış “BMW 740” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 10123,07 manat sığorta ödənişi həyata keçirmişdir. 01 dekabr 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. “BMW 740” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 10123,07 manat və ödənilmiş 121,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, izahat verərək göstərdi ki, 01 dekabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi onun təqsiri üzündən baş verməmişdir. Belə ki, “BMW 740” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-hərəkət qayadalarını pozaraq qəza törətmişdir. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən müəyyən edilir ki, 01 dekabr 2022-ci il tarixdə, saat 13:48 radələrində İsmayıllı şəhəri, N.Gəncəvi küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh “VAZ-21213” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili ayıq və nəqliyyat vasitəsini idarə etmək barədə etibarnamə ilə idarə etmişdir. İsmayıllı rayon Polis Şöbəsinin TP5423571 nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat miqdarında inzibati cərimə edilmişdir. "xxxx" MMM-nin 02 mart 2023-cü il tarixli hesab fakturasının surətindən müəyyən edilir ki, “BMW 740” markalı, 90- AL-102 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 10123,07 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir 15 mart 2023-cü il tarixli, №122797 nömrəli sığorta aktının surətindən müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış “BMW 740” markalı, 90- AL-102 dövlət qeydiyyat nişanlı avtomobil “VAZ-21213” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "xxxx" MMM-nin 02 mart 2023-cü il tarixli hesab fakturasına uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 10123,07 manat müəyyən edilmiş və həmin məbləğ "xxxx" MMM-nin hesabına köçürülməli olduğu qeyd edilmişdir. 16 mart 2023-cü il tarixli, №10496 nömrəli ödəniş tapşırığının surətindən müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 122797 nömrəli sığorta aktına əsasən 10123,07 manat sığorta ödənişi məbləği "xxxx" MMM-nin hesabına ödənilmişdir. 03 iyul 2023-cü il tarixli, O-AS-2023-0797 nömrəli pretenziyanın surətindən müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10123,07 manat sığorta məbləği subroqasiya qaydasında Cavabdeh 10 iş günü ərzində ödənilməsi tələb edilmişdir. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2024-cü il tarixli, 3-16-16/2- 9/9168/2023 nömrəli ekspertizanın aparılmasında imtina edilməsi barədə məlumatdan müəyyən edilir ki, ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə vəsatət təmin edilmədiyindən ekspertizanın aparılmasında imtina edilmişdir. 14 sentyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlərinin surətindən müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət etmək üçün 121 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 01 dekabr 2022-ci il tarixdə, saat 13:48 radələrində İsmayıllı şəhəri, N.Gəncəvi küçəsində cavabdeh tərəfindən idarə olunan “VAZ- 21213” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “BMW 740” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxt cavabdeh “VAZ-21213” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili ayıq və nəqliyyat vasitəsini idarə etmək barədə etibarnamə ilə idarə etmişdir. İsmayıllı rayon Polis Şöbəsinin TP5423571 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat miqdarında inzibati cərimə edilmişdir. "xxxx" MMM-nin 02 mart 2023-cü il tarixli hesab fakturasına əsasən “BMW 740” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 10123,07 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. 15 mart 2023-cü il tarixli, №122797 nömrəli sığorta aktına əsasən "xxxx" MMM-nin 02 mart 2023-cü il tarixli hesab fakturasına uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 10123,07 manat müəyyən edilmiş və həmin məbləğ "xxxx" MMM-nin hesabına köçürülməli olduğu qeyd edilmişdir. 16 mart 2023-cü il tarixli, №10496 nömrəli ödəniş tapşırığı üzrə iddiaçı tərəfindən 122797 nömrəli sığorta aktına əsasən 10123,07 manat sığorta ödənişi məbləği "xxxx" MMM-nin hesabına ödənilmişdir. 03 iyul 2023-cü il tarixli, O-AS-2023-0797 nömrəli pretenziyaya əsasən iddiaçı tərəfindən 10123,07 manat sığorta məbləği subroqasiya qaydasında cavabdehdən 10 iş günü ərzində ödənilməsi tələb edilmişdir. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2024-cü il tarixli, 3-16-16/2- 9/9168/2023 nömrəli ekspertizanın aparılmasında imtina edilməsi barədə məlumata əsasən ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə vəsatət təmin edilmədiyindən ekspertizanın aparılmasında imtina edilmişdir. İddiaçı “BMW 740” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 10123,07 manat və ödənilmiş 121,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, 01 dekabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin cavabdehin təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə vəsatət təmin edilmədiyindən ekspertizanın aparılmasında imtina edilmişdir. Məhkəmə "xxxx" MMM-nin 02 mart 2023-cü il tarixli hesab fakturasına əsaslanaraq qərara gəlir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “BMW 740” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 10123,07 manat sığorta ödənişi cavabdehdən alıanaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 121,40 manat dövlət rüsumu məbləği də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “BMW 740” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 10123,07 manat pul və 121,40 manat ödənilmiş dövlət rüsumu – cəmi 10244 (on min iki yüz qırx dörd) manat 47 (qırx yeddi) qəpik alınaraq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar