Məhkəmə qərarları › İş №e-2(038)-30/2025

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(038)-30/2025

15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № e-2(038)-30/2025 15.01.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 minimal aylıq xərclərinin ödənilməsi və yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq hər bir uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, O xx.xx.1986-cı ildə Yardımlı rayonunda anadan olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Cavabdeh ilə xx.xx.2006-cı il tarixində Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Çayüzü ərazi nümayəndəliyi Çayüzü kəndində 29 saylı qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Yardımlı rayon Məhkəməsinin qətnaməsi ilə nikahın pozulması, uşaqların ananın yanında saxlanılması üzrə iddia ərizəsi təmin olunmuş və qətnamə qəbul edilmişdir. Cavabdeh ilə faktiki nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X4 və birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşdur. Övladları onun yanında qalır və onların bütün qayğıları ilə özü təkbaşına məşğul olur. Cavabdeh uşaqları ilə maraqlanmır və onların bütün maddi ehtiyaclarını o bir ana olaraq tək qarşılayır. Cavabdeh ötən müddət ərzində 4 uşaq ilə onu tərk edib getmiş və bir dəfə də olsun hər hansı maddi yardım etməmişdir. İddiaçı məhkəmə baxışı iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, cavabdeh 4 uşaqla onu tərk edib getmiş və özünün tüfeyli həyatını yaşayır. O isə nə dövlətdən hər hansı bir sosial yardım, nə də əlavə heç bir uşaq pulu ala bilmədiyi üçün onların bütün qayğı və etiyaclarını tək qarşılamaq məqsədi ilə gecə gündüz çalışır. Bundan əlavə kirayə də qalmağı və böyük qızının da ödənişli əsaslarla əyani təhsil alması, uşaqların və evin bütün xərclərini tək qarşılamağı ona çox çətindir. Cavabdeh ata olaraq öz doğma övladları ilə maraqlanmır onların heç bir maddi tələbatını hətta istədikdə belə vermir. O alimentlə bağlı X1 dair ərizə ilə hümanistlik olaraq müraciət etməmişdir. Bəlkə cavabdeh bunu anlar və bir kişi olaraq öz ailəsinə sahib çıxar. Ama o həm kişi həm də qadın olaraq bütün yükü özü tək qaldırır. Bu göstərdikləri baxımından məhkəmə prosesinin təxirə salınmadan yekunlaşdırılması və dərhal icraya yönləndirilməsinə zərurət vardır. Əslində 3 uşağın saxlanılması üçün ödənilməli minimal aliment məbləği yüksək olsa da o yenə də az məbləğ ona görə tələb etmişdir ki, ödənişi vaxtı vavtında imkan edib ödəyə bilsin. Sağlamlığında yaranmış problemlə əlaqədar olaraq xəstə olduğu üçün məhkəmə baxış iclasını onun iştirakı olmadan keçirilməsi və aliment tələbi ilə bağlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansısa məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 13 oktyabr 2010-cu il tarixdə Yardımlı rayon Çay Üzü kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 12 mart 2008-ci il tarixdə Yardımlı rayon Çay Üzü kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 08 may 2017-ci il tarixdə doğulmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından Günel, Veysəl, Yusif və Nəzrin adlı dörd uşaqları doğulmuşdur. Uşaqlardan Günel, Veysəl, Yusif hal hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalırlar. Uşaqlardan - X4 isə yetkinlik yaşına çatmışdır. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşağın əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2017ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün, sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,25 misli miqdarında aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı xx.xx.2024-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2008-ci ildə doğulmuş X3 və xx.xx.2010-cu ildə doğulmuş X5 və xx.xx.2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün, sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,25 misli miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar