Məhkəmə qərarları › İş №e-2(039)-1755/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1755/2025

29.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1755/2025 29.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi və tələbin əsaslandırıldığı hallar: İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 18680 manat ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 146.04 manat dövlət rüsumunun və 1.17 xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Honda İnsight” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. **********583 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 131119 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər sığorta dəyəri 50000 AZN olmaqla könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Avtoservis tərəfindən tərtib və təqdim edilmiş qiymətləndirməyə əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 23680 manat zərər dəymişdir. X1 ərizəsindən görünür ki, sonuncu dəymiş zərər məbləği ilə razı olmuşdur. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, xx.xx.2024-cü il tarixli 16377 saylı ödəniş tapşırığından görünür ki, sığortalanmış “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 100 manat azadılma məbləği çıxılmaqla qalan 23580 manat sığorta ödənişini zərərçəkən X4 bank hesabına köçürmüşdür. xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Həmçinin forma 4 arayışı, izahatlardan da sığorta hadisəsinin baş verməsi və bunun Cavabdeh təqsirli hərəkətləri nəticəsində meydana gəlməsi faktı sübut olunur. İSB-dən (icbari Sığorta Bürosu) çıxarışa əsasən, zərərvuran nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman icbari qaydada "xxxx" ASC-də sığortalanmışdır. Buna görə də məbləğin 4900 manat hissəsi "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Beləliklə, geri qalan 18680 manat ödəniş Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Cavabdehə pretenziya göndərilmiş, əlaqə yaradılmağa cəhd edilmişdir. Lakin əlaqə yaratmaq mümkün olmamışdır. Sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı Sığorta Şirkəti ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də,18680 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə sözügedən yol nəqliyyat hadisəsi baş vermiş, etibarnamə əsasında idarə etdiyi Honda İnsight” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Lakin hesab edir ki, “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği düzgün qiymətləndirilməmiş və hesablama zamanı zərər böyük həcmdə hesablanmışdır. Hadisə günü həmin avtomobili görmüşdür. Qüsur aktında qeyd edildiyi qədər ziyan dəyməmişdir. Həmçinin, "xxxx" MMC tərəfindən rəy qərəzli şəkildə verilmiş, obyektiv qiymət verilməsi üçün Bakı şəhərində Babək prospektindəki qiymətlərin nəzərə alınmasını xahiş etdikdə, qiymətləndirici ondan yol pulunun ödənilməsini tələb etmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəydə real bazar qiymətləri nəzərə alınmamışdır. Halbuki, real bazar qiymətləri nəzərə alınsa idi, vurulmuş ziyan daha obyektiv müəyyənləşdirilə bilərdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar: xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 00:15-də “Honda İnsight” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (yol nişanlarının tələblərinə riayət edilməməsi) törədilməsində təqsirli bilinmiş və barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli **********583 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 131119 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər sığorta dəyəri 50000 AZN olmaqla könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, Cavabdeh istifadə etdiyi “Honda İnsight” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icbari qaydada sığortalanmışdır. xx.xx.2025-ci il tarixli avtoservis tərəfindən tərtib və təqdim edilmiş qiymətləndirməyə əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 23680 manat zərər dəymişdir. İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 131119 nömrəli sığorta aktından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 00:15 radələrində Bakı şəhəri, Nizami küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən **********583 nömrəli sığorta müqaviləsi üzrə avtomobillərin kasko sığortası növü üzrə sığortalanmış X5 məxsus “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği 23680.0 manat məbləğində müəyyən edilmiş və nəqliyyat vasitəsinin təmiri üçün müvafiq sığorta ödənişi X5 tam şəkildə ödənilmişdir. xx.xx.2024-cü il tarixli 16377 saylı ödəniş tapşırığından görünür ki, sığortalanmış “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 100 manat azadılma məbləği çıxılmaqla qalan 23580 manat sığorta ödənişini zərərçəkən X4 bank hesabına köçürmüşdür. xx.xx.2025-ci il tarixli,74538486 nömrəli qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 146.04 manat dövlət rüsumu, 1,17 manat bank xidməti haqqı ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri 20380 manat, ustanın xidmət haqqı 3250 manat olmaqla, ümumi aftomobilə çəkilən xərclər 23630 manat təşkil edir. xx.xx.2025-cü il tarixli kassa mədaxil orderindən görünür ki, daşınar əmlakın qiymətləndirilməsinə dair xidmət haqqının 330 manat tərəflərdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. "xxxx" MMC-nin MZ-1311.1/2025 saylı rəyindən görünür ki, “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin, o cümlədən dəyişdirilmiş və bərpa edilmiş hissələrin, həmçinin avtomaşının bərpasına çəkilmiş əməyin real bazar dəyəri 23898 manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2025-ci il tarixli bank hesab rekvizitlərindən görünür ki, daşınar əmlakın qiymətləndirilməsinə dair xidmət haqqının 150 manat tərəflərdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. xx.xx.2025-ci il tarixli MZ/AV/0004/25 saylı "xxxx" MMC-nin rəyindən görünür ki, “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği ümumilikdə 21650 manat müəyyən olunmuşdur. Eyni zamanda, daşınar əmlakın qiymətləndirilməsinə dair xidmət haqqının 300 manat olduğu qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Sığorta. Sığorta—sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir.

2. Sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər.

3. Könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir.

4. İcbari sığortanın növləri, şərtləri və aparılması qaydası Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir. Maddə 23. Əmlak sığortası üzrə sığorta olunanın dəymiş zərər üçün məsul şəxs barəsində hüquqlarının sığortaçıya keçməsi. Sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat+10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “Honda İnsight” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Həmin hadisə ilə bağlı xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Qeyd olunan qərara əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirli bilinmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati cərimə növündə inzibati tənbəh tədbiri tətbiq edilmişdir. İddiaçı tərəfindən “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 23680 manat məbləğində hesablanmışdır. Həmin sığorta ödənişinin bir qismi, yəni 4900.0 manat məbləği cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış sığorta şirkəti ("xxxx" ASC) tərəfindən iddiaçıya ödənilmiş, 18680 manat hissəsi qalıq qalmışdır. Azadolma məbləği çıxıldıqdan sonra hadisə nəticəsində yararsız vəziyyətə düşmüş nəqliyyat vasitəsinin sahibinə müvafiq sığorta ödənişi iddiaçı tərəfindən edilmişdir. Belə olan halda, cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə faydalanan şəxsə sığorta ödənişi edən iddiaçı ödədiyi sığorta ödənişi məbləğini ona dəymiş zərərə görə məsuliyyət daşıyan cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ eldə etmişdir. Həmçinin, məhkəmə tərəfindən işin faktiki hallarının araşdırılması nəticəsində, hüquq qaydasının pozulması halı (hüquqa zidd əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi), həmin hadisəsinin baş verməsində hazırkı iş üzrə cavabdeh – Cavabdeh təqsirinin olması (həmin hüquqa zidd əməli törədərkən iradəsində nöqsan olması), təqsirli olaraq törədilmiş hüquqa zidd əməl nəticəsində zərərçəkmiş şəxsə zərər vurulması və törədilmiş əməllə vurulmuş zərər arasında səbəbli əlaqənin olması, həmçinin iddiaçı tərəfindən vurulmuş zərərin əvəzinin zərərçəkmiş şəxsə sığorta ödənişi təyinatı ilə ödənilməsi və subroqasiya qaydasında həmin ödənişin geri tələb hüququnun əldə edilməsi öz təsdiqini tapmış, qeyd edilənlərin əksini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından göründüyü kimi sığortaçının subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla belə nəzərə alınmalıdır ki, istənilən növ mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və zərərvuranın təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Yol-nəqliyyat hadisəsinin baş verməsi, bu hadisənin məhz cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olması, hadisə nəticəsində avtomobillərin könüllü və icbari sığortası üzrə sığortalanmış nəqliyyat vasitəsinə zərər vurulması və bu zərərin iddiaçı tərəfindən kompensasiya edilməsi kimi hallar barədə mübahisə edilməsə də, məhkəmə iclasında iştirak edən cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ümumi məbləğinin düzgün hesablanmadığını bildirmişdir. Bu məqsədlə iş materialları 3 dəfə yazılı mütəxəssis məsləhətinin verilməsi üçün müstəqil qiymətləndirici təşkilatlara göndərilmişdir. ki, “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (ehtiyat hissələri və təmir xərcləri daxil olmaqla) "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə 23630 manat, "xxxx" MMC-nin MZ-1311.1/2025 saylı rəyi ilə 23898 manat, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli MZ/AV/0004/25 saylı rəyi ilə 21650 manat müəyyən olunmuşdur. Məhkəmə hər 3 rəyi araşdıraraq, rəylərin strukturunun məntiqi analizi, nəticələrin tədqiqatların gedişində müəyyən edilmiş faktlara uyğunluğu, mütəxəssislər tərəfindən tətbiq olunan metodikaların əsaslılığı və mümkünlüyü kimi meyarları nəzərə almaqla, hesab edir ki, xx.xx.2025-ci il tarixli MZ/AV/0004/25 saylı "xxxx" MMC-nin rəyi mötəbər sübut kimi qəbul edilməlidir. "xxxx" MMC tərəfindən 8 dekabr 2025-ci il tarixdə tərtib edilmiş MZ/AV/0004/25 nömrəli yazılı mütəxəssis məsləhətindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdehin idarə etdiyi “Honda İnsight” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə Bakı şəhəri, Nizami küçəsi ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X6 məxsus “BMW 640” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (ehtiyat hissələri və təmir xərcləri daxil olmaqla) 21650 manat təşkil edir. Həmin akt əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsi – qiymətləndirici təşkilat tərəfindən qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyin tələbləri əsas götürülməklə tərtib edilmişdir. Müvafiq aktda nəqliyyat vasitəsinin fərdi xüsusiyyətləri (modeli, markası, buraxılış və s.), qiymətləndirmənin hansı meyarlar üzrə aparılmasına dair kifayət qədər məlumatlar əks olunmuş, həmçinin digər iki rəydən fərqli olaraq akt əmlak bazarında analoji qiymətləndirmə obyektlərin təhlili və qiymətləndirilən nəqliyyat vasitəsinin aid olduğu bazarın tədqiqi əsasında tərtib edilmişdir. Belə olan halda, həmin yazılı mütəxəssis məsləhəti iş üzrə mötəbər sübut kimi qəbul edilməli və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği 21650.0 manat kimi nəzərə alınmalıdır. Beləliklə, həmin zərər məbləğinin 4900.0 manat hissəsi cavabdehin sığorta şirkəti tərəfindən kompensasiya edildiyindən qalıq 16750.0 manat məbləğ subroqasiya qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, mütəxəssislərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 146.04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. İş üzrə mütəxəssis rəylərinin alınması ilə bağlı isə onlara ödənilməli məbləğ ümumilikdə 780.0 manat (330+150+300=780) təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 130.94 manat hissəsini əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, mütəxəssis rəylərin verilməsi üçün ödənilməli olan 780.0 manat pulun 699.35 manat hissəsi cavabdehdən, 80.65 manat hissəsi isə iddiaçıdan tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə: Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 16750.0 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 130.94 manat hissəsinin əvəzi tutularaq iddiaçının xeyrinə ödənilməli, cavabdehdən 295.88 manat pul tutularaq "xxxx" MMC-yə, 134.49 manat pul tutularaq "xxxx" MMC-yə, 268.98 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməli, iddiaçıdan 34.12 manat pul tutularaq "xxxx" MMC-yə, 15.51 manat pul tutularaq "xxxx" MMC-yə, 31.02 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 16750.0 (on altı min yeddi yüz əlli manat) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun 130.94 manat (bir yüz otuz manat doxsan dörd qəpik) hissəsinin əvəzi tutularaq "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 295.88 manat pul tutularaq "xxxx" MMC-yə, 134.49 manat pul tutularaq "xxxx" MMC-yə, 268.98 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməli, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-dən 34.12 manat pul tutularaq "xxxx" MMC-yə, 15.51 manat pul tutularaq "xxxx" MMC-yə, 31.02 manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar