Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1685/2025 12.02.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin birgə nikahından 30 oktyabr 2015-ci ildə doğulmuş X1 üçün nəzərdə tutulmuş aliment məbləğinin azaldılaraq hər ay 180 (yüz səksən) manat olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(040)-103/2019 saylı qətnaməsi üzrə onunla birgə nikahlarından 30 oktyabr 2015-ci ildə doğulmuş X1 üçün müəyyən edilmiş 140 (yüz qırx) manat aliment məbləğinin indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmiş, Kəlbəcər Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli 8(040)-66/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş və hər ay ödənilməli olan 140 (yüz qırx) manat sabit pul məbləğində aylıq alimentin miqdarı bu qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,07 (bir tam yüzdə yeddi) misli həddində indeksasiya edilmişdir. Qeyd edilən qərardad əsasında ondan tutulmalı olan alimentin məbləği 140 (yüz qırx) manatdan 428 (dörd yüz iyirmi səkkiz) manata artmışdır. O, hazırki vaxta kimi sözügedən alimenti normal qaydada ödəmiş və heç vaxt qərəzli hərəkət etməmişdir. Lakin hazırda onun kimi bəzi şəxslərə gözlənilmədən uşaqlar üçün nəzərdə tutulmuş minimum əmək haqqının və uşaqlar üçün yaşayış minimunun az qala iki mislinədək olan alimentin hesablanması baş vermişdir. Sözügedən məsələ qətnamənin icrası qaydasında baxıldığı üçün alimentin azaldılması ən ağlabatan və qanuni tədbirdir. Məsələnin hüquqi tərəflərini izah edərək bildirmək istəyir ki, iddiaçıya aliment təyin olunarkən yəni 2018-ci il üçün uşaqlar üçün yaşayış minimumu 154 (yüz əlli dörd) manat, ölkə üzrə minimum əmək haqqı isə 130 (yüz otuz) manat müəyyən olunmuşdur. Ona isə həmin vaxt 130 (yüz otuz) manat aliment ödəməsi öhdəliyi qoyulmuşdur. Aliment təyin olunarkən iddiaçının hər hansı fikri dinlənilməmiş və sırf məhkəmə tərəfindən qeyd olunan aliment məbləği müəyyən olunmuşdur. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında da göstərildiyi kimi məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Hazırda işləyir və aldığı əmək haqqında heç bir artım olmamışdır. Belə olan halda aliment məbləğinin artırılması (və ya indeksasiya edilərək artırılması) üçün heç bir səbəb olmadığı qənaətindədir. Həmçinin bildirir ki, tərəfindən hər ay övladı üçün qeyd edilən 140 (yüz qırx) manat məbləğdən əlavə ödənişlər də etmişdir. Bundan başqa, Ailə Məcəlləsinin tələblərinə əsasən aliment müəyyən edilərkən məhkəmə tərəfindən diqqətə alınmalı hallar da vardır ki, bunları aşağıda qeyd edir: 1. Cavabdeh hazırda orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində çalışır və ***-**** (səkkiz yüz-min) manat aralığında əməkhaqqı alır- belə olan halda uşağın bütün maddi xərclərinin ondan tələb edilməsi əsaslı və ədalətli deyildir; 2. X2 əlavə olaraq dövlət tərəfindən məcburi köçkünlərə verilən 60 (altmış) manat müavinət alır, yəni həmin məbləği hazırda cavabdeh alır; 3. Cavabdeh hazırda ikinci dəfə ailə həyatı qurmuş və cavabdehin hazırki əri hərbçidir və onun da kifayət qədər aylıq gəliri mövcuddur; 4. O da ikinci dəfə ailə həyatı qurmuş və bu evlilikdən dünyaya gələn övladı hazırda çanaq problemi xəstəliyindən əziyyət çəkir- buna görə də mütəmadi olaraq həkim müayinə və müalicələrinə görə maddi çətinliklər çəkir; 5. Bundan başqa, anası X6 da onlarla birlikdə yaşayır və onkoloji xəstəlikdən əziyyət çəkir, müalicəsi üçün əhəmiyyətli dərəcədə maddi vəsait xərclənir; 6. Əlavə olaraq qeyd edir ki, hazırda anasının müalicə xərclərin qarşılanması üçün bankdan əldə etdiyi kredit müqaviləsi üzrə də aylıq 485 (dörd yüz səksən beş) manat ödəniş edir. Hesab edir ki, aliment məbləği müəyyən edilərkən tərəflərin maddi vəziyyəti nəzərə alınmalı və ədalətlilik, obyektivlik prinsipləri rəhbər tutulmalıdır. Aldığı əmək haqqı isə 1038 (min otuz səkkiz) manatdır. Yuxarıda qeyd edilənləri hesabladıqdan sonra 428 (dörd yüz yirmi səkkiz) manat alimet ödəmək isə maddi cəhətdən mümkün deyildir. Hesab edir ki, qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılsa, məsələnin əsl mahiyyəti bəlli olacaqdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ikinci dəfə ailə qurub, həmin evlilikdən bir uşağı var və uşağın çanaq nahiyəsində problem var; mütəmadi olaraq müalicə olunur. Bundan əlavə, anası onkoloji xəstədir və onun himayəsindədir. Cavabdeh də ikinci dəfə ailə qurub, işləyir və qazancı var. Hazırki vəziyyətdə ən çoxu 180 (yüz səksən) manat məbləğində aliment ödəyə bilər. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı dövlət qulluqçusudur, kifayət qədər əməkhaqqı alır, bundan əlavə il ərzində üç dəfə mükafat alır. Həmçinin, cavabdehin ikinci evlilikdən olan arvadı da işləyir. Uşağın saxlanması üçün aliment məbləğinin 300 (üç yüz) manatadək azaldılmasına razıdır. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 fevral 2022ci il tarixdə verilmiş AZ-İİ № 443201 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X7 arasında nikah 10 fevral 2022-ci il tarixdə 09 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə- “Həsənov”, arvada- “Həsənova” soyadları verilmişdir. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 yanvar 2025-ci il tarixdə verilmiş AZ-V № 025974 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 06 yanvar 2025-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuş, atası- İddiaçı, anası- X4r. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00223) X5 tərəfindən verilmiş 12 dekabr 2025-ci il tarixli MŞG/MT/032-00604 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ının surətindən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 (əlli) manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan: Kapital Bank” ASC ilə İddiaçı arasında bağlanmış 23 oktyabr 2025-ci il tarixli RGRR7322161C299 saylı kredit müqaviləsindən və həmin kredit müqaviləsinə əlavədən görünür ki, kreditor borcalana 32 ay müddətinə, illik 19,8 faiz dərəcəsi ilə 11963 (on bir min doqquz yüz altmış üç) manat məbləğində kredit verir. Borcalan isə aldığı kredit və kredit üzrə hesablanacaq faizləri həmin müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. Kreditin ödəniş məbləği 31 ay 484,19 manat, 1 ay 487,88 manat təşkil edir. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemdən çıxarışdan görünür ki, X6 “Yumurtalığın bədxassəli yenitörəməsi, yumurtalığın Cr-i.T3N0M0.İİİ mərhələ. Kompleks müalicədən (cərrahi əməliyyat-PKM) sonrakı vəziyyət (2021). Qasıq limfa düyünlərinə MTS (2023). PKM-dən sonrakı vəziyyət” diaqnozu ilə ikinci dərəcəli əlildir, yüngül işlərdə işləyə bilər. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli 8 (040)-66/2025 saylı qərardadı ilə ərizəçi Cavabdeh ”uşağın saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(040)-103/2019 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilməsinə dair” ərizəsinin təmin edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 11 yanvar 2019cu il tarixli 2(040)-103/2019 saylı qətnaməsi ilə 31 oktyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay ödənilməli olan 140 (yüz qırx) manat sabit pul məbləğində aylıq alimentin miqdarının bu qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,07 (bir tam yüzdə yeddi) misli həddində indeksasiya edilməsi, 31 oktyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, bu qərardadın qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, maraqlı şəxs- 2(040)- 103/2019 saylı qətnamə üzrə cavabdeh İddiaçı ərizəçi- 2(040)-103/2019 saylı qətnamə üzrə iddiaçı Cavabdeh xeyrinə hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,07 (bir tam yüzdə yeddi) misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Konstitusiyanın 34-cü maddəsinin dördüncü (İV) hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu: ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(040)-103/2019 saylı qətnaməsinin qəbul edildiyi ildə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 130 (yüz otuz) manat, uşaqlar üçün yaşayış minimumunun məbləği 160 (bir yüz altmış) manat müəyyən edilmişdir. Cavabdeh ərizəsinə əsasən Kəlbəcər Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli 8(040)-66/2025 saylı qərardadı ilə Kəlbəcər Rayon Məhkəməsinin 11 yanvar 2019cu il tarixli 2(040)-103/2019 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilərək, müvafiq dövrdə ölkə üzrə minimumum əmək haqqının 1,07 (bir tam yüzdə yeddi) misli həddində müəyyən edilmişdir- 2025-ci ildə ölkə üzrə minimum aylıq əməkhaqqının miqdarının 400 (dörd yüz) manat olduğu nəzərə alınmaqla, hazırki halda ödənilməli olan alimentin miqdarı 428 (dörd yüz iyirmi səkkiz) manat məbləğində müəyyən edilmişdir. Hazırki halda iddiaçının (icra icraatında borclu) dövlət qulluqçusu olaraq aylıq qazancı, həmçinin himayəsində azyaşlı uşağının olması və dövlət qulluqçusu olaraq əmək haqqından əlavə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa digər gəlirlər əldə etməsinə qanunla məhdudiyyət qoyulması nəzərə alınmaqla, mövcud aliment məbləği onun maddi və ailə vəziyyətinin çətinləşməsinə səbəb olur. Belə olan halda işin halları nəzərə alınmaqla, 30 oktyabr 2015ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(040)-103/2019 saylı qətnaməsi əsasında Kəlbəcər Rayon Məhkəməsinin qəbul etdiyi 28 noyabr 2025-ci il tarixli 8(040)-66/2025 saylı qərardadla cavabdeh- hazırki mülki iş üzrə İddiaçı- hazırki mülki iş üzrə Cavabdeh xeyrinə tutulan alimentin miqdarı bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən azaldılmalı, 30 oktyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,65 (sıfır tam yüzdə altmış beş) misli həddində sabit pul məbləğində aylıq aliment İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. İddia qalan hissədə- bu qətnamə ilə təmin edilmiş aliment məbləğindən az olan həddə azaldılmaya dair hissədə qanunsuz və əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 30 oktyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(040)-103/2019 saylı qətnaməsi əsasında Kəlbəcər Rayon Məhkəməsinin qəbul etdiyi 28 noyabr 2025-ci il tarixli 8(040)-66/2025 saylı qərardadla cavabdeh- hazırki mülki iş üzrə İddiaçı- hazırki mülki iş üzrə Cavabdeh xeyrinə tutulan alimentin miqdarı bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən azaldılsın. 30 oktyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,65 (sıfır tam yüzdə altmış beş) misli həddində sabit pul məbləğində aylıq aliment İddiaçı Cavabdeh xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1685/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1685/2025
12.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver