Məhkəmə qərarları › İş №e-2(040)-316/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-316/2025

18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-316/2025 18.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “uşağın saxlanması üçün aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 07 noyabr 2013-cü ildə anadan olmuş X1 üçün hər ay uşaq yetkinlik yaşına çatana kimi minimum əmək haqqı məbləğinin 250 misli miqdarında alimentin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildə Cavabdeh ilə faktiki olaraq ailə qurmuş, birgə nikahdan 07 noyabr 2013-cü ildə X4 adlı bir uşaqları doğulmuşdur. 2022-ci ilin iyun ayına kimi bir ailə kimi yaşamışlar. Hazırda uzun müddətdir ki, ayrı yaşayırlar. 07 noyabr 2013-cü il təvəllüdlü övladı Dəniz əvvəl onun himayəsində olmuşdur. Sonradan uşaq zorla alındığından, məhkəmədə uşaq tələbinə dair iddia qaldırmış, Samux Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin edilmişdir. Üstəlik, hələ məhkəmədə işə baxılana qədər müvəqqəti təminat tədbiri kimi uşaqla ünsiyyət qurmasına dair verdiyi ərizəsi də təmin edilmiş, uşaqla ünsiyyət quran zaman uşaq onunla qalmış, atasının yanına getməkdən imtina etmişdir. Həmin vaxt məhkəmədə işə baxılarkən cavabdehin maddi imkanının həddən artıq yüksək olması, məktəb üzrə bütün gəzintilərin onun tərəfindən maliyyələşdirildiyi və sair hallar müəyyən edilmişdir. Cavabdeh sahibkardır, yaxşı qazanc əldə edir. Bir ayda 1000 (min) manat aliment verməyə imkanı çatır. Cavabdeh könüllü olaraq uşağına maddi köməklik etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 28 yanvar 2014-cü il tarixdə verilmiş AZ-İİİ № 240044 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 noyabr 2013-cü ildə Azərbaycan Respublikasının Şəmkir rayonunda doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Gəncə 2 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli MŞG/1/MT033/2024-00795 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (əlli beş) manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan: Samux Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli e- 2(058)-852/2024 saylı qətnaməsinin surətindən görünür ki, 07 noyabr 2013-cü ildə doğulmuş X2 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 07 noyabr 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulmalı və tutulacaq aylıq alimentin miqdarı müvafiq il üzrə aylıq minimum əməkhaqqı məbləğinin 0,6 (sıfır tam onda altı) misli həddində müəyyən edilməlidir. İddia qalan hissədə - 400x0,6=240 (iki yüz qırx) manatdan artıq olan aliment tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 22 yanvar 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 48,80 manat (qırx səkkiz manat 80 qəpik) dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə qeyri-rəsmi nikahından 07 noyabr 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, 22 yanvar 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,6 (sıfır tam onda altı) misli həddində sabit pul məbləğində aylıq aliment Cavabdeh iddiaçi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 48,80 AZN (qırx səkkiz manat-80 qəpik) dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar