Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-369/2024 29.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanması və aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan 21 dekabr 2021-ci ildə doğulmuş X1 onun himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin aylıq qazancının və gəlirlərinin ¼ (dörddə biri) hissəsində aliment məbləğinin, uşağın 3 yaşına çatanadək hər ay 200 (iki yüz) manat məbləğin və mediasiya prosesləri üçün ödədiyi 60 (altmış) manat mediasiya xərcinin və vəkil xidməti üçün banka ödədiyi 320 (üç yüz iyirmi) manat məbləğin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2020-ci ildə ailə qurmuş, nikahlarını 17 iyul 2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 21 dekabr 2021-ci ildə X3 adlı bir uşaqları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən faktiki olaraq uzun müddətdir ki, ayrılmışlar və hazırda ayrı yaşayırlar. Azyaşlı övladı hazırda onun himayəsindədir. O, uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. Uşağı saxlamaq cavabdehlə onun birgə borcudur. Hesab edir ki, cavabdehin bir uşaq üçün hər ay aylıq qazancının və gəlirlərinin ¼ hissəsində aliment ödəməyə maddi imkanı yol verir. Cavabdehin aylıq qazancı yüksəkdir. Onun isə köməyə ehtiyacı vardır. Cavabdeh Bakı şəhəri, 8 Noyabr prospekti 15, “X8” ünvanında yerləşən "xxxx" Supermarket MMC-nin şöbə müdiri vəzifəsini icra edir. Aylıq əmək haqqı məbləği rəsmi olaraq 3200 manat təşkil edir. Ona görə də cavabdehin qazancının kifayət qədər yüksək olmasını nəzərə alıb bir uşaq üçün aylıq qazancının və gəlirlərinin ¼ hissəsində aliment tutulmasını istəyir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə 25 aprel 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçının Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş X1 ananın himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə 29 may 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, səhhətilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 17 iyul 2021-ci ildə tarixdə təkrar verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında nikah 07 iyul 2020-ci il tarixdə 850 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “Salahzadə”, arvada “Salahzadə” soyadları verilmişdir. İş materiallarında olan: 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 12 yanvar 2022-ci ildə verilmiş AZ-İV № 689244 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 21 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik komissiyasının 01 may 2024-cü il tarixli rəyindən görünür ki, Komissiya toplanmış sənədləri, uşağın yaşının az olması ilə əlaqədar ana qayğısına daha çox ehtiyacı olduğunu nəzərə alaraq, uşağın gələcək həyatının formalaşması, onun qanuni hüquq və mənafelərinin qorunması naminə 21 dekabr 2021-ci ildə doğulmuş X1 ana (iddiaçı) İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00223) X4 tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli MŞG/MT/032/2023-00067 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat mediasiya xərcini tam ödəmişdir. İş materiallarında olan: Cavabdeh tərəfindən 18 aprel 2024-cü il tarixdə məhkəməyə göndərilən teleqramda qeyd edilir ki, o, İddiaçı ona qarşı nikahın pozulması tələbinə dair iddiasını qəbul edir, nikahın pozulmasına və birgə nikahdan doğulan azyaşlı övladının saxlanılması üçün ayda 500 (beç yüz) manat aliment ödəməyə razıdır. İddiaçı ilə aralarında olan nikahın vaxt verilmədən pozulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Ailə Məcəlləsinin 22.2-ci maddəsinin müddəalarından görünür ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını;22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu mütləq müəyyən etməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən - nikahın pozulması, uşağın anada qalması və uşağa görə aylıq 500 (beş yüz) manat aliment tələbinə dair hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməli, ailənin saxlanması mümkün olmadığından, yəni tərəflər faktiki olaraq ayrı yaşadıqlarından və barışmaları mümkün olmadığından, İddiaçı ilə Cavabdeh arasında 07 iyun 2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 850 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır. Nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 21 dekabr 2021-ci ildə doğulmuş X3 qəyyumluq və himayə orqanının müvafiq rəyi, tərəflərin qarşılıqlı razılığı və uşağın mənafeyi nəzərə alınmaqla, ana-İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, həmçinin iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların ananın üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, 21 dekabr 2021-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə - uşağın üç yaşına çatanadək hər ay 200 (iki yüz) manat məbləğin və vəkil xidməti üçün iddiaçı tərəfindən ödənilən 320 (üç yüz iyirmi) manat məbləğin cavabdehdən tutulması hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, məhkəmə uşağın saxlanması üçün alimentin tutulmasının başlanğıc tarixi ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı alimentin tutulmasına dair ərizə ilə 14 fevral 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tərəflərə əlavə olaraq izah edilir ki: -Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 (üç) illik iddia müddəti tətbiq olunur; -Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarının nəticə hissəsinin: 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 (üç) illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablansın; 2-ci bəndində qeyd edilir ki, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 07 iyun 2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 850 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 21 dekabr 2021-ci ildə doğulmuş X3 anası (iddiaçı) İddiaçı yanında saxlanılsın. 14 fevral 2024-cü il tarixdən hesablanmaqla, 21 dekabr 2021-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin pul əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayətinin verilməsi alimentin tutulması hissəsində onun icrasını dayandırmır. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-369/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-369/2024
29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver