Məhkəmə qərarları › İş №e-2(040)-374/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-374/2024

06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-374/2024 06.06.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı subroqasiya qaydasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, “Vaz 21074” markalı ** VA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1357 (min üç yüz əlli yeddi) manat pulun və ödənilmiş 34 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 mart 2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Vaz 2121” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Vaz 21074” markalı ** VA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq sığorta aktına, qiymətləndirmə barədə hesabata və ödəniş tapşırığına əsasən “Vaz 21074” markalı ** VA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1600 (min altı yüz) manat sığorta ödənişi həyata keçirmişdir. 22 mart 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi Cavabdeh İXM-nin 332.2-ci maddəsi ilə təqsirli bilinmişdir. 1600 manat borcun 243 manat hissəsi Cavabdeh tərəfindən ödənilmiş, 1357 manatı isə ödənilməmiş qalmışdır. 1357 (min üç yüz əlli yeddi) manat pul cavabdehdən alınaraq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Kürdəmir Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli e-2(041)-1986/2023 saylı qərardadı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətini əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli e-2(040)-374/2024 saylı qərardadı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmış, mülki işin hazırlıq iclası 08 may 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxış iclası 06 iyun 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Kəlbəcər Rayon Məhkəməsinə ünvanladığı 08 may 2024-cü il tarixli ərizədə məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, ona görə də bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi 08 may 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hadisə olan zaman İddiaçı Sığortadan ona bildirsəydilər o, zərərçəkən vətəndaşla razılığa gələ bilərdi. Hal-hazırda heç bir yerdə işləmir, heç bir gəliri yoxdur, həmçinin, xəstədir. Ona görə də ödəniş etməyə imkanı çatmır (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: 19 aprel 2021-ci il tarixli 095711 nömrəli sığorta aktının surətindən görünür ki, sığortalanmış “Vaz 2121” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil “Vaz 21074” ” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1600 manat olmuşdur. X3 1600 (min altı yüz) manat sığorta ödənişi köçürülməsi qərara alınmışdır. İş materiallarında olan: Goranboy Rayon Polis Şöbəsinin DYPB-nin 23 aprel 2021-ci il tarixli İnzibati tənbəh vermə haqqında ******* saylı Qərar və Protokolundan görünür ki, Cavabdeh 22 mart 2021-ci il tarixdə idarə etdiyi “Vaz 2121 minik” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Buna görə də Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmiş və 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan: Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş 21 may 2018-ci il tarixli 059-17161-1218 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”ından görünür ki, X2 istifadəsində olmuş “Suzuki” markalı 10 B 644 dövlət qeydiyyat nişanlı motoskletə dəymiş ziyan aşağıdakı kimi təsvir edilmişdir: “disk, vilka, fara, qanad”. İş materiallarında olan: 21 aprel 2021-ci il tarixli 3182 nömrəli ödəniş tapşırığından görünür ki, X1 hesabına 1600 manat sığorta ödənişi həyata keçirmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, 22 mart 2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “Vaz 2121” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil “Vaz 21074” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yolnəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Nəticədə zərərçəkmişə 1600 (min altı yüz) manat məbləğində maddi ziyan vurduğu İddiaçı Sığorta Şirkəti ASC-nin Texniki ekspertiza şöbəsi tərəfindən hesablanmış, həmin hesablama əsasında zərərçəkənə 1600 (min altı yüz) manat məbləğində sığorta ödənişi ödənilmiş, bununla da İddiaçı Sığorta Şirkətinin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Dəymiş ziyandan 243 (iki yüz qırx üç) manatı cavabdeh tərəfindən ödənilmiş, İddiaçı sığorta şirkətinə dəymiş ziyandan qalıq 1357 (min üç yüz əlli yeddi) manat zərər məbləği qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icbari qaydada sığortalanmış “Vaz 2121” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində digər şəxsə məxsus “Vaz 21074” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, eyni zamanda yol-nəqliyyat hadisəsi baş verən vaxt Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığında, İnzibati Xətalar Məcəlləsinin 332.2-cü maddəsinə uyğun olaraq inzibati qaydada cərimə edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Dəymiş ziyanın həcmi 1600 (min altı yüz) manat məbləğində müəyyən edilmiş, ondan 243 (iki yüz qırx üç) manatı ödənilmiş, yerdə qalan 1357 (min üç yüz əlli yeddi) manatın ödənişi isə cavabdeh tərəfindən təmin edilməmişdir. Ona görə Cavabdeh 1357 (min üç yüz əlli yeddi) manat pul subroqasiya qaydasında alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iddiaçı tərəfindən iddia qaldırılması ilə əlaqədar ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun pul əvəzi də Cavabdeh alınmaqla iddiaçı "xxxx" ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 1357 (min üç yüz əlli yeddi) manat pul, həmçinin, iddiaçı tərəfindən ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun pul əvəzi, cəmi 1391 (min üç yüz doxsan bir) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar