Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-45/2025 27.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1830 (min səkkiz yüz otuz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını 31 may 2011-ci il tarixdə rəsmiləşdirmiş və birgə nikahlarından iki övladları- 24 may 2011-ci il təvəllüdlü X2 və 04 yanvar 2014-cü il təvəllüdlü X3 anandan olmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə onun tərəfindən verilmiş iddianın qismən təmin edilməsi, nikahın pozulması, uşaqların onun yanında saxlanılması və Cavabdeh 04 may 2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh birgə nikahda olduqları müddətdə 03 fevral 2022-ci il tarixdə, GTKR4756592A128 nömrəli müqavilə əsasında 35 ay müddətinə onun adına "xxxx" ASC-dən kredit götürülməsinə baxmayaraq, sonradan cavabdeh həmin kredit ödənişinə köməklik göstərmədiyi üçün, o, məcbur olub hər ay kredit borcuna görə ödənişlər etmişdir. Bundan başqa qeyd edir ki, 03 fevral 2022-ci il tarixli, GTKR4756592A128 nömrəli müqavilə əsasında 35 ay müddətinə onun adına "xxxx" ASC-dən götürülmüş 2870 (iki min səkkiz yüz yetmiş) manat məbləğində kredit faizi ilə birlikdə tərəfindən banka 3659,95 (üç min altı yüz əlli doqquz manat 95 qəpik) manat ödənildiyi təqdirdə tam bağlanacaqdır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Cavabdeh iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Mülki iş üzrə hazırlıq iclası 05 noyabr 2024-cü il tarixdə keçirilmiş, prosessual zərurətlə əlaqədar 03 dekabr 2024-cü il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 09 yanvar 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə əlaqədar 27 yanvar 2025-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 12 oktyabr 2024-cü il tarixli 2(040)-654/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 31 may 2011-ci il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 125 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 24 may 2011-ci ildə doğulmuş X2 və 04 yanvar 2014-cü ildə doğulmuş X1 anaları (iddiaçı) İddiaçı yanında saxlanılması, 04 may 2023-cü il tarixdən hesablanmaqla, 24 may 2011-ci ildə doğulmuş X2 və 04 yanvar 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşağa görə 150 (yüz əlli) manat, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aylıq alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.” İş materiallarında olan: "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 03 fevral 2022-ci il tarixli GTKR4756592A128 saylı kredit müqaviləsinə Əlavədən (ödəniş qrafiki) görünür ki, İddiaçı 35 ay müddətinə illik 17 faiz olmaqla 2870 (iki min səkkiz yüz yetmiş) manat kredit verilmişdir. Kreditin müddətinin bitmə tarixinə xx.xx.2025-ci il tarixə 2870 manat əsas, 791,16 manat faiz borcu olduğu qeyd edilmişdir. İş materiallarında olan: "xxxx" ASC-nin Kəpəz filialı tərəfindən 27 yanvar 2025-ci il tarixdə verilmiş 025 nömrəli arayışdan görünür ki, İddiaçı: "xxxx" ASC-nin Kəpəz filialından 03 fevral 2022-ci il tarixdə GTKR4756592A128 saylı müqavilə üzrə 2870 (iki min səkkiz yüz yetmiş) manat məbləğində “Gündəlik Tələbat Krediti” götürmüşdür. 02 dekabr 2024-cü il tarixdə qeyd olunmuş kredit tam bağlanmışdır. Hal-hazırda həmin kredit müqaviləsi üzrə müştərinin heç bir borcu yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. -36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. -36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. -37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. -37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. -37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçı ilə cavabdehin 04 may 2023-cü il tarixdən faktiki olaraq ayrı yaşadıqları öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı cavabdehlə aralarında olan nikahın pozulması üçün 04 may 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Tərəflərin birgə nikahda olduqları zaman İddiaçı adına "xxxx" ASC-dən götürülmüş 03 fevral 2022-ci il tarixli GTKR4756592A128 saylı kredit müqaviləsi üzrə 03 may 2023-cü il tarixinə ödənilmiş kreditin məbləği 1568,55 manat (min beş yüz altmış səkkiz manat 55 qəpik), kredit müqaviləsinin müddətinin bitmə tarixinə isə borc 3659,95 manat (üç min altı yüz əlli doqquz manat 95 qəpik) olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı adına "xxxx" ASC-dən götürülmüş 03 fevral 2022-ci il tarixli GTKR4756592A128 saylı kredit müqaviləsi üzrə cəmi ödənilməli 3659,95 manat (üç min altı yüz əlli doqquz manat 95 qəpik) məbləğindən tərəflərin birlikdə yaşadıqları müddətdə ödənilmiş 1568,55 manat (min beş yüz altmış səkkiz manat 55 qəpik) məbləği çıxılmaqla qalan 2091,40 manat (iki min doxsan bir manat 40 qəpik) kredit borcu öhdəliyi tərəflərin arasında yarı bölünməli, Cavabdeh 1045,70 manat (min qırx beş manat 70 qəpik) məbləğində pul alınaraq İddiaçı verilməlidir. Qalan hissədə - 784,30 manat (yeddi yüz səksən dörd manat 30 qəpik) hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1045,70 manat (min qırx beş manat 70 qəpik) məbləğində pul vəsaiti İddiaçınun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-45/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-45/2025
27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver