Məhkəmə qərarları › İş №e-2(040)-72/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-72/2025

14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-72/2025 14.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı“subroqasiya qaydasında pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: "xxxx" ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2910,0 (iki min doqquz yüz on) manat məbləğində pul vəsaitinin, 49,10 manat (qırx doqquz manat 10 qəpik) dövlət rüsumunun əvəzinin alınıb "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il saat 14:00 radələrində Tovuz rayonunun İsakənd kəndi ərazisində Cavabdeh tərəfindən idarə olunan, tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 2121” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Opel Astra” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymiş və sərnişin Sadıqova Kəmalə Davud qızı az ağır dərəcəli xəsarət almışdır. Tovuz Rayon Məhkəməsinin 1(062)-79/2022 saylı hökmünə əsasən, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 8019 №-li, xx.xx.2021-ci il tarixli Qüsur aktında göstərilmişdir ki, “Opel Astra” markalı, **-FX-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 1410,00 (bir min dörd yüz on) manat təşkil edir. Həmçinin sərnişin Sadıqova Kəmalə Davud qızı az ağır dərəcəli xəsarət aldığından 1500,0 (bir min beş yüz) manat sığorta ödənişinin ödənilməsi müəyyənləşdirilmişdir. Hadisə ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA112443 və PXA112444 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə ümumilikdə 2910,00 (iki min doqquz yüz on) manat məbləğində sığorta ödənişi xx.xx.2022-ci il tarixində ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 07 noyabr 2024-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə ərizə göndərərək, iddia ərizəsinə əlavə olunan sübutlara əsaslanaraq, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi 28 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, 25 noyabr 2021-ci il tarixdə Tovuz rayonunda onun idarə etdiyi “Vaz 2121” markalı 22–BD–092 dövlət qeydiyyat nişanlı avtоmоbil “Opel Astra” markalı avtomobillə toqquşmuşdur. Hadisə baş verdikdən sonra onlar sığorta şirkətinə müraciət edən zaman oradan bildirmişlər ki, sığorta ödənişi olaraq ən çoxu 600-700 manat ödəyə bilərlər. Yəni hadisə vaxtı qarşı tərəfə iddiaçının qeyd etdiyi məbləğdə deyil, ən çoxu 600-700 manat ziyan dəymiş olardı. Onun iddiaçının tələb etdiyi məbləğdə pul ödəməyə maddi imkanı yoxdur. İddia tələbini 600 (altı yüz) manat hissədə qəbul edir, imkanı olduqca ödəyəcəkdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Tovuz Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 1(062)- 79/2022 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş 22 iyun 2022-ci il tarixli PXA112443 saylı “Sığorta aktı”nın surətindən görünür ki, dəymiş ziyanın ümumi məbləği 1410 (min dörd yüz on) manat hesablanmış, Verdiyev Namiq Aydın oğluna sığorta ödənişi olaraq 1410 (min dörd yüz on) manat məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. İş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib edilmiş 22 iyun 2022-ci il tarixli PXA112444 saylı “Sığorta aktı”nın surətindən görünür ki, Cavabdeh idarə etdiyi “Vaz 2121” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil “Opel Astra” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin Sadıqova Kəmalə Davud qızı az ağır dərəcəli xəsarət almış, dəymiş ziyanın ümumi məbləği 1500 (min beş yüz) manat hesablanmış, Sadıqova Kəmalə Davud qızına sığorta ödənişi olaraq 1500 (min beş yüz) manat məbləğdə pulun köçürülməsi təsdiq olunmuşdur. İş materiallarında olan: 30 iyun 2022-ci il tarixli ödəniş tapşırığından (cari hesabdan çıxarış) görünür ki, "xxxx" ASC tərəfindən Verdiyev Namiq Aydın oğluna 1410 (min dörd yüz on) manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: 30 iyun 2022-ci il tarixli ödəniş tapşırığından (cari hesabdan çıxarış) görünür ki, "xxxx" ASC tərəfindən Sadıqova Kəmalə Davud qızına 1500 (min beş yüz) manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 09 dekabr 2021-ci il tarixdə verilmiş dəymiş zərərin hesablanmasına dair “Qiymətləndirmə aktı”ndan görünür ki, “Opel Astra” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə təmir-bərpa işləri 710 manat, ehtiyat hissələri 700 manat olmaqla, cəmi 1410 (min dörd yüz on) manat ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3cü maddələrindən görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi hallarında da sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; -936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; -936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, 25 noyabr 2021-ci il saat 14:00 radələrində Tovuz rayonunun İsakənd kəndi ərazisində Cavabdeh tərəfindən idarə olunan, PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 2121” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Opel Astra” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı sürücü (cavabdeh) Cavabdeh təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən 2910,0 (iki min doqquz yüz on) manat sığorta ödənişi edilmişdir. Bununla da "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, icbari qaydada sığortalanmış “Vaz 2121” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, 99–FX–560 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, sərnişin Sadıqova Kəmalə Davud qızı az ağır dərəcəli xəsarət almışdır. İddiaçı zərərçəkənlərə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tələbetmə hüququnu əldə etmişdir. Buna görə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 2910,0 (iki min doqquz yüz on) manat pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, həmçinin iddia təmin edildiyi üçün cavabdehdən ödənilmiş 49,10 manat (qırx doqquz manat 10 qəpik) dövlət rüsumunun pul əvəzi də alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin müddəalarını rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə subroqasiya qaydasında 2910,0 AZN (iki min doqquz yüz on manat) məbləğində pul vəsaiti, həmçinin, ödənilmiş 49,10 manat (qırx doqquz manat 10 qəpik) dövlət rüsumunun pul əvəzi, cəmi 2959,10 manat (iki min doqquz yüz əlli doqquz manat 10 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar