Məhkəmə qərarları › İş №e-2(040)-766/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-766/2025

02.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-766/2025 02.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “uşaqların saxlanması üçün aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, övladları- 14 aprel 2013-cü ildə doğulmuş X3 və 05 oktyabr 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2013-cü ildən rəsmi nikaha daxil olmuş, birgə nikahlarından iki övladları vardır: 14 aprel 2013-cü ildə doğulmuş X3 və 05 oktyabr 2014-cü ildə doğulmuş X5. Kəlbəcər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan rəsmi nikah pozulmuş və birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqları onun yanında saxlanılmışdır. Yetkinlik yaşına çatmayan övladları- 14 aprel 2013-cü ildə doğulmuş X3 və 05 oktyabr 2014-cü ildə doğulmuş X5 doğulduqları andan hal-hazıradək onun himayəsində saxlanılırlar. Cavabdeh uşaqlar doğulandan sonra hal-hazıradək uşaqların zəruri ehtiyaclarının ödənilməsi üçün heç bir maddi köməklik etməmişdir; cavabdehin maliyyə imkanları kifayət qədər yaxşıdır və azyaşlı övladlarına aliment verməsində heç bir çətinliyi yoxdur. Qeyd olunan məsələ ilə bağlı onun tərəfindən mediasiya təşkilatına müraciət edilmiş və ilkin mediasiya sessiyası təyin edilmişdir. Cavabdehin mediasiya sessiyasında iştirak etməməsinə görə ona müfaviq arayış verilmişdir; 50 (əlli) manat məbləğində mediasiya xərci tam şəkildə onun tərəfindən ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə baxışı iclasına gəlməmişdir. O, 30 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(040)-395/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 09 aprel 2013-cü il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 72 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından 14 aprel 2013-cü ildə doğulmuş X3 və 05 oktyabr 2014cü ildə doğulmuş X2 anaları- İddiaçı yanında saxlanılmaları qət edilmişdir (Qətnamədə aliment tələbi və aliment təyinatı yoxdur). İş materiallarında olan: X1 tərəfindən 21 may 2024-cü il tarixdə verilmiş “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Kəlbəcər Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(040)-395/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 21 iyun 2022-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 21 may 2024-cü il tarixdə 45 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Ağayev” qadına “Ağayeva” soyadları verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Vətəndaşının “AZE № 12363806” seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, X3 14 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuşdur. Atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Vətəndaşının “AZE № 11329328” seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, X5 05 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuşdur. Atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan: Gəncə 2 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00547) X4 tərəfindən verilmiş 07 mart 2025-ci il tarixli MŞG/MT033/2025-00127 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 14 aprel 2013cü ildə doğulmuş X3 və 05 oktyabr 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 05 may 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum əməkhaqqı məbləğinin 1,1 (bir tam onda bir) misli həddində sabit pul məbləğində aylıq aliment müəyyən edilməlidir. İddia qalan hissədə- hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,55 misli həddindən artıq olan hissədə əsassız olduğundan rədd edilməlidirbelə ki, iddiaçı öz tələbinin tam təmin edilməsinə əsas verəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 05 may 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından 14 aprel 2013-cü ildə doğulmuş X3 və 05 oktyabr 2014cü ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 05 may 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,1 (bir tam onda bir) misli həddində sabit pul məbləğində aylıq aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar