Məhkəmə qərarları › İş №e-2(040)-816/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-816/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-816/2024 24.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (yaxın qohumu) X1, Cavabdeh nümayəndəsi (yaxın qohumu) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşağın onun yanında saxlanması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında 17 dekabr 2020-ci il tarixdə 2004 nömrə ilə qeydə alınmış nikahın pozulması və 11 fevral 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər onun (ata) İddiaçı himayəsində qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikahlarını 17 dekabr 2020-ci il tarixdə 2004 nömrə ilə qeydə aldırmaqla ailə qurmuşdur. Birgə nikahdan 11 fevral 2022-ci ildə X5 adlı bir övladları doğulmuşdur. Son günlər ərzində münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz-söhbət yaranmış, vəziyyət dözülməz həddə çatmışdır. Cavabdeh onunla münasibətlərini kəsmişdir. Cavabdehlə barışmaq, onların gələcək birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün deyildir. Münasibətlərini normallaşdırmağa, yenidən sağlam bir ailə kimi birləşməyinə cəhd edib cavabdehlə danışıqlar aparmağa çalışsa da heç bir nəticə əldə etməmişdir və bundan sonrada nəticə əldə edəcəyinə və ya cavabdehlə normal münasibət qura bilməyəcəyinə əmindir. İddiaçı nümayəndəsi (yaxın qohumu) X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflərin arasında olan nikah münasibətləri faktiki olaraq pozulmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmışlar. İddiaçı nikahın pozulmasını və övladının atasının yanında qalmasını tələb edir. Çünki Cavabdeh evdən getdikdən sonra öz ata evində onlara qarşı qəribə-qəribə iddialar irəli sürərək onları əsassız təqsirləndirmişdir. Onlar Cavabdeh psixi xəstə, əsəb gərginliyi və durduq yerə əsəbləşərək hamıya qışqırmağını bildiklərindən və onlar nə qədər istəsələr də müalicə olunmadığına görə düşünmüşlər ki, öz ata evində qardaşı və anasının israrı ilə müalicə alar. Lakin Cavabdeh oraya getdikdən sonra daha da aqressivləşmişdir. Çünki Cavabdeh anası özü də əsəb xəstəsidir, qardaşı da evə hər gün içərək gəlir, evdə normal xoş münasibətləri olmur və hər gün evdə dava-dalaş olur və bu hal uşaqda psixoloji problem yaradır. Halhazırda uşaq atasının yanındadır. Uşaq onların yanından gedəndən sonra qeyri-etik ifadələr işlədir, öz saçını yolur və ətrafına, öz yaşıdlarına qarşı çox aqressiv yanaşırdı. Bunun səbəbi isə anasının yanındakı ətraf mühitdən irəli gəlir. Buna görə də onlar məhkəmədən Cavabdeh ekspert vasitəsi ilə onun xəstəliyinin ortaya çıxması və azyaşlı uşağın onun himayəsinə verilməməsi barədə vəsatət irəli sürmüşlər. Uşağa körpəlikdən ata nənəsi baxıb qulluq etmişdir. Hesab edir ki, uşağın anasının yanında qalması düzgün deyildir. Cavabdeh uşağa ana qayğısı göstərməmişdir. Uşaq anada qalarsa bu onun gələcəyinə mənfi təsir göstərəcək və uşağın normal inkişafına maneə törədəcəkdir. Ona görə də, tərəflər arasında olan nikahın pozulması və 11 fevral 2022-ci ildə doğulmuş X3 atası İddiaçı himayəsidə saxlanması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (yaxın qohumu) Nümayəndə2 məhkəmə baxış iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, tərəflər arasında olan nikahın pozulmasına razıdır. Onların bundan sonra bir ailə kimi birlikdə yaşamaları qeyrimümkündür. Birgə nikahdan doğulmuş Uğur adlı uşağın isə atasından alınaraq anasına verilməsi, uşağın anasının himayəsində saxlanması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat alimentin iddiaçıdan tutularaq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 17 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İİ № 419024 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 arasında nikah 17 dekabr 2020-ci il tarixdə 2004 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “Qurbanov”, arvada “Qurbanova” soyadları verilmişdir. İş materiallarında olan: 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 22 avqust 2022-ci il tarixdə verilmiş AZ-İV № 779442 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, atası- İddiaçı, anası-Cavabdehdır. İş materiallarında olan: Bakı 2 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X7 tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli MŞB/2-00551/2024 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat xərci tam ödəmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik komissiyasının 06 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, Komissiya toplanmış sənədləri, uşağın yaşının az olması ilə əlaqədar ana qayğısına daha çox ehtiyacı olduğunu nəzərə alaraq, uşağın gələcək həyatının formalaşması, onun qanuni hüquq və mənafelərinin qorunması naminə 11 fevral 2022-ci ildə doğulmuş X3 ana (cavabdeh) Cavabdeh yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 20.1ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Ailə Məcəlləsinin 22.2-ci maddəsinin müddəalarından görünür ki, bu Məcəllənin 22.1ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu mütləq müəyyən etməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddia tələbi nikahın pozulması hissəsində qanuni və əsaslı olduğundan təmin edilməli, tərəflərin nikaha daxil olmaqla qurduqları ailə münasibətlərinin saxlanması mümkün olmadığından, yəni tərəflər faktiki olaraq ayrı yaşadıqlarından və barışmaları mümkün olmadığından, İddiaçı ilə Cavabdeh arasında 17 dekabr 2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən 2004 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. Qalan hissədə -uşağın atanın himayəsində saxlanması tələbi hissəsində iddia əsassız olduğundan rədd edilməlidir. Nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 11 fevral 2022-ci ildə doğulmuş X5 uşağın mənafeyi nəzərə alınmaqla, anası - Cavabdeh yanında saxlanılmalıdır. Belə olan halda, 11 fevral 2022-ci ildə doğulmuş X5 atası-İddiaçı alınıb anası-Cavabdeh verilməlidir. Ailə Məcəlləsinin 22.2-ci maddəsinin müddəalarını rəhbər tutaraq, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, 11 fevral 2022-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment İddiaçı alınaraq Cavabdeh ödənilməlidir. Bundan başqa, məhkəmə uşağın saxlanması üçün alimentin hesablanmasının başlanğıc tarixi ilə bağlı hesab edir ki, alimentin tutulması cavabdehin bu barədə ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan- 24 sentyabr 2024-cü il tarixdən sonra uşağın anaya verildiyi tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Tərəflərə əlavə olaraq izah edilir ki: -Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 (üç) illik iddia müddəti tətbiq olunur; -Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarının nəticə hissəsinin: 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 (üç) illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablansın; 2-ci bəndində qeyd edilir ki, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 17 dekabr 2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən 2004 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. İddia qalan hissədə rədd edilsin. Tərəflərin birgə rəsmi nikahından 11 fevral 2022-ci ildə doğulmuş X5 nikahın pozulmasından (boşanmadan) sonra anası- Cavabdeh yanında saxlansın. 11 fevral 2022-ci ildə doğulmuş X5 atası-İddiaçı alınıb anası-Cavabdeh verilsin. 11 fevral 2022-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, 24 sentyabr 2024-cü il tarixdən sonra uşağın anaya verildiyi tarixdən hesablanmaqla, İddiaçı hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aylıq aliment Cavabdeh xeyrinə tutulsun. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə elektron qaydada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayətinin verilməsi alimentin tutulması hissəsində onun icrasını dayandırmır. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar