Məhkəmə qərarları › İş №e-2(040)-932/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-932/2025

28.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-932/2025 28.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi, İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 8(004)-75/2025 saylı qərardadına əsasən İddiaçı 26 oktyabr 2015-ci ildə doğulmuş X4 və 01 iyun 2013-cü ildə doğulmuş X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,8 (sıfır tam onda səkkiz) misli həddində tutulmuş alimentin miqdarının azaldılaraq sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 (sıfır tam mində altı yüz on beş) misli həddində müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2(004)-209/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından 26 oktyabr 2015-ci ildə doğulmuş X4 və 01 iyun 2013-cü ildə doğulmuş X1 anaları Cavabdeh himayəsinə verilməsi müəyyən edilmiş və yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İlk zamanlardan ondan tutulan aliment məbləğini, əməkhaqqı özünün saxlanma xərclərinin təmin edilməsində çətinliklər yaratsa da, ödəyirdi. Daha sonra, cavabdeh, onun əməkhaqqı əvvəlki dövrdən cəmi 50 (əlli) manat artım olmasına və yenidən ailə qurmasına baxmayaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə alimentin indeksasiyası ilə bağlı ərizə vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 8(004)-75/2025 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2(004)-209/2022 nömrəli qətnaməsinə əsasən İddiaçı 26 oktyabr 2015-ci ildə doğulmuş X4 və 01 iyun 2013-cü ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,8 (sıfır tam onda səkkiz) misli həddində indeksasiya olunması qərara alınmışdır. O, hesab edir ki, tutulan aliment həddindən artıq yüksəkdir və onun hazırkı ailə vəziyyətinə mütənasiblik təşkil etmir, eyni zamanda da onun maddi vəziyyətini daha çətin və ağır vəziyyətə salmaqdan başqa bir şeyə gətirib çıxarmır. Hazırda müraciət etdiyi ərizəsi təmin edilməli və maddi və ailə vəziyyəti nəzərə alınaraq ondan tutulan alimentin miqdarı azaldılmalıdır. Belə ki, hazırda o, rəsmi işləyir və 400 manat əmək haqqı alır. Bundan əlavə olaraq da ikinci dəfə ailə qurmuşdur. Onun yeganə gəlir yeri işlədiyi yerdən aldığı əmək haqqıdır. Hətta nikahları pozulandan əvvəl və sonra da hazırkı günə kimi eyni yerdə, yəni fərdi sahibkar mağazasında kassir işləyir. Onun əmək haqqında və gəlirində ciddi dəyişiklik olmamışdır. Hətta onu da bildirir ki, hazırda ölkə üzrə uşaqların yaşayış minimumu 2025-ci il üçün 246 (iki yüz qırx altı) manat və minimum əmək haqqı 400 (dörd yüz) manat olduğu halda iki uşağa görə ondan ölkə üzrə minimum əmək haqqının 0,8 (sıfır tam onda səkkiz) misli qədər, yəni 640 (altı yüz qırx) manat pul tutulmuşdur. Bu isə ölkə üzrə uşaqların yaşayış minimumundan daha da artıqdır; onun gəlirində dəyişiklik olmadan alimentin bu qədər artırılaraq ondan tutulması ədalətsizlikdir və qanunsuzdur. Hesab edir ki, hazırda ondan tutulan alimentin miqdarı ölkə üzrə uşaqların yaşayış minimumunun yəni 2025-ci il üçün müəyyən edilmiş 246 (iki yüz qırx altı) manata uyğun indeksasiya edilərək azaldılmalıdır. Bütün bu səbəblərdən də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinin tələblərinə əsasən ilkin olaraq mediasiya üçün müraciət etmiş və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsə də barışıq əldə edilməmiş və proses davam etdirilə bilməmişdir. Bu barədə mediasiya arayışını və qəbzi hazırki iddia ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Onun isə əmək haqqında əvvəlki, yəni 2022-ci ilə nəzərən 2025-ci il üçün cəmi 50 (əlli) manat artım olmuşdur. Tutulmuş alimentin miqdarı onun gələcəkdə yaşayışını, ödəniş qabiliyyətini mümkünsüz vəziyyətə salacaqdır və daha da ağırlaşdıracaqdır. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 23 iyul 2025-ci il tarixdə keçirilmiş və məhkəmə baxışı iclası 28 avqust 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hal-hazırda maddi imkansızlıqdan tələb olunan aliment ödənişini ödəyə bilmir. Artıq altı aydır ki, yenidən ailə qurmuşdur. Əvvəl iki uşağa görə cəmi 400 (dörd yüz) manat aliment ödəyirdi, indi isə ödəniş 640 (altı yüz qırx) manata qalxıb. O, mağazada kassir işləyir, aylıq 400 (dörd yüz) manat əmək haqqı alır. Cavabdehin isə özünün geyim mağazası var, gəliri kifayət qədərdir. Əslində cavabdehin onun maddi dəstəyinə heç ehtiyacı da yoxdur, sadəcə olaraq onu incidir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs (iddiaçının hazırki nikahda olduğu arvadı) X8 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mağazada sosial media marketinqi (SMM) vəzifəsində işləyir, aylıq 450 (dörd yüz əlli) manat əməkhaqqı alır. Hazırda dörd aylıq hamilədir, xəstəxana xərcləri yüksəkdir, maddi vəsait çatdırmaq olmur. Həmçinin əri Natiqin cavabdehlə birgə nikahından olan uşaqları da gəlir, uşaqlara da imkanları daxilində xoş baxırlar. Cavabdehin geyim mağazası var, gəliri kifayət qədərdir. Alimentin hazırki miqdarda olması onun da mənafeyinə ziddir, ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə icraatında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 8(004)-75/2025 saylı qərardadının surətinən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-75/2025 nömrəli 31 yanvar 2025-ci il tarixli qərardadından tələbkarın nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-75/2025 nömrəli 31 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsi, tələbkar Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2(004)-209/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizəsinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2(004)-209/2022 nömrəli qətnaməsi ilə İddiaçı 26 oktyabr 2015-ci ildə doğulmuş X4 və 01 iyun 2013-cü ildə doğulmuş X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmalarına görə hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,8 (sıfır tam onda səkkiz) misli həddində indeksasiya olunması qərara alınmışdır. İş materiallarında olan: Sumqayıt 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X10 tərəfindən verilmiş 20 may 2025-ci il tarixli MŞS/MT030/2025-00819 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya prosesində iştirak etsələr də, prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini və 10 (on manat) kargüzarlıq xərcini ödəmişdir. İş materiallarında olan: 7 saylı Bakı “ASAN xidmət” X7 tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli AZ-İİ № 663715 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Sadıqov X6 Lalə Ramiz qızı arasında nikah 21 fevral 2025-ci il tarixdə 401-ci nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “Sadıqov”, arvada “Sadıqova” soyadları verilmişdir. İş materiallarında olan: “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı fərdi sahibkar mağazasında hesablaşma kassasında xəzinədar vəzifəsində işləyir, aylıq vəzifə maaşı 400 (dörd yüz) manatdır; Cavabdeh (iddiaçının keçmiş arvadı)- fərdi sahibkarddır (VÖEN: **********); mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 (iddiaçının hazırda nikahda olduğu arvadı)- fərdi sahibkar mağazasında menecer vəzifəsində işləyir, aylıq vəzifə maaşı 400 (dörd yüz) manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 8(004)-75/2025 saylı qərardadı ilə 01 iyun 2013-cü ildə doğulmuş X1 və 26 oktyabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,8 (sıfır tam onda səkkiz) misli həddində indeksasiya olunması hazırki halda tərəflərin əmlak vəziyyətinə mütənasib deyildir. Ona görə də, 01 iyun 2013-cü ildə doğulmuş X1 və 26 oktyabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2(004)-209/2022 saylı qətnaməsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi 10 fevral 2025-ci il tarixli 8(004)-75/2025 saylı qərardadla cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı 28 avqust 2025-ci il tarixdən hesablanmaqla azaldılmalıdır. 01 iyun 2013-cü ildə doğulmuş X1 və 26 oktyabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 28 avqust 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,615 (sıfır tam mində altı yüz on beş) misli həddində sabit pul məbləğində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,23 (bir tam yüzdə iyirmi üç) misli həddində sabit pul məbləğində aylıq aliment İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. 01 iyun 2013-cü ildə doğulmuş X1 və 26 oktyabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2(004)-209/2022 saylı qətnaməsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi 10 fevral 2025-ci il tarixli 8(004)-75/2025 saylı qərardadla cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı 28 avqust 2025ci il tarixdən hesablanmaqla azaldılsın. 01 iyun 2013-cü ildə doğulmuş X1 və 26 oktyabr 2015-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 28 avqust 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,615 (sıfır tam mində altı yüz on beş) misli həddində sabit pul məbləğində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 1,23 (bir tam yüzdə iyirmi üç) misli həddində sabit pul məbləğində aylıq aliment İddiaçı Cavabdeh xeyrinə tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar