Məhkəmə qərarları › İş №e-2(041)-2402/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2402/2025

27.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2402/2025 27.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Zenalova Leyla Fariz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşağın ölkədən getmə və ölkəyə gəlmək hüququnun anasına verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 fevral 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər, Cavabdeh icazəsi olmadan, ölkədən getmək və ölkəyə gəlmək, xarici pasportun alınması hüququnun İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, tərəflər 19 mart 2019-cu il tarixdə Cəbrayıl Rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, birgə nikahdan bir övladları anadan olmuşdur-15 fevral 2020-ci il təvəllüdlü X7. Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(012)-4375/2022 saylı qətnaməsi ilə tərəflərin arasında bağlanılmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 15 fevral 2020-ci il təvəllüdlü X7 nikah pozulduqdan sonra X2 (ananın) yanında qalması, Cavabdeh X3 xeyrinə 15 fevral 2020- ci il təvəllüdlü X4 yetkilik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat, 3 yaşına çatanadək saxlanması üçün hər ay 30 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tərəflərin nikahları pozulduqdan sonra cavabdeh iddiaçıya övladı ilə birlikdə Azərbaycan Respublikasından kənara istənilən xarici ölkəya gedib qayıtmasına heç bir etirazı olmadığı barədə ərizə vermiş, lakin 04 mart 2025-ci il tarixdə iddiaçı övladı ilə birlikdə Bakıdan İsrail ölkəsinə getdiyi zaman, hava limanında sərhəd zolağını keçərkən məlum olmuşdur ki, cavabdeh həmin razılıq ərizəni ləğv etmiş, nəticədə iddiaçı övladı ilə birlikdə heç bir yerə gedə bilməmişdir. Qeyd edir ki, iddiaçının cavabdeh ilə heç bir əlaqəsi yoxdur, eyni zamanda xeyli müddətdir ki,cavabdeh ümumiyyətlə övladı ilə maraqlanmamış, valideyn kimi heç bir qayğı göstərməmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh ilə X3 nikahına məhkəmə qətnaməsi ilə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan, 5 sayı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin AZ İV № 420761 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. İş materiallarında olan, atanın razılığı olmadan yetkinlik yaşına çatmayan uşağın atanın icazəsi olmadan Respublika hüdudlarından aparıb-gətirib və pasportun alınması hüququnun anasına verilməsi tələbi üzrə Hacıqabul 1 saylı Mediasiya təşkilatının İlkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli 00097 nömrəli arayışdan görünür ki, ilkin Mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Beləliklə, işin mübahisəsiz halı odur ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X7 anadan olmuş və uşaq nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılmışdır. İşin mübahisəli halı isə uşağın anası ilə birlikdə ölkə hüdudlarından kənara getməsi barədə atasının verdiyi razılığın ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarının 1.7-ci bəndinə əsasən məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır. Qərarın 7.17-ci bəndinə əsasən uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir. Qərarın 7.18-ci bəndinə əsasən bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. Həmin qərarın 7.13-cü bəndinə əsasən cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəsini almış qətnamənin olduğu halda, məhkəmələr uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddianın təmin edilməsi qənaətinə gəldikdə, qətnamədə iddiaçı tərəfin üzərinə səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna məlumat vermək vəzifəsini qoymalıdırlar. Belə ki, həmin məlumatın verilməsi icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 18.1.2-ci maddəsinə əsasən ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı olan icra sənədi üzrə icraatın borclunun üzürlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduğu müddətdə, yəni səfər müddətində dayandırılması üçün əsas təşkil edəcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2021-ci il 24 dekabr tarixli 13 nömrəli Qərarının 7.12-ci bəndinə əlavə edilmiş ikinci abzasda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, qanunverici yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə getməsi qaydasını tənzimləyərkən onlar arasında ayrı-seçkilik qoymamış, uşaqdan ayrı yaşayan valideynlə də ölkədən gedə bilməsi hüququnu istisna etməmişdir. Lakin belə bir hüququn realizəsi üçün ilk növbədə ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququ tanınmış olmalı və müəyyən olunmuş ünsiyyət qaydasının (müddətinin) buna imkan verib-verməməsi aydınlaşdırılmalıdır. Ünsiyyət qaydasının (müddətinin) buna imkan vermədiyi halda, tərəfə bu məqsədlə ünsiyyət qaydasının dəyişdirilməsi ilə bağlı ərizə ilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, himayəsində olan valideyndən fərqli olaraq, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi ayrı yaşayan valideynin üzərinə düşür. O da nəzərə alınmalıdır ki, ayrı yaşayan valideynin uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədilə əsaslandırdıqda, habelə qarşı tərəfin bunu sübuta yetirdiyi hallarda iddia rədd olunmalıdır. Birləşmiş Millətlər Təşkilatının xx.xx.1989-cu ildə qəbul olunmuş “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində bütün tədbirlərdə uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə əsas diqqət yetirilir. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Eyni zamanda məhkəmə qeyd edir ki, «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterində və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirdər görmək hüququna malik ola bilməz. Məhkəmə yuxarıda şərh edilən normativ hüquq aktlarının müddəalarına, Avropa məhkəməsənin presedent hüquqlarına və plenum qərarlarına əsaslanaraq hesab edir ki, atasının razılığı olmadan uşağa ümumvətəndaş pasportunun alınması uşağın mənafelərinə uyğun olmaqla, valideynlərin biri-biri olan münasibətlərdən asılı olmayaraq, zərurət yaranarsa xarici ölkələrə səfər etməsi üçün mütləqdir. Bundan əlavə, yuxarıda şərh edilən Konstitusiya və Ali Məhkəmənin Plenum qərarlarına əsaslanaraq məhkəmə mübahisəyə 2 prizmadan qiymət verilməsini zəruri hesab edir. Birincisi, uşağın üstün mənafeyini qorumaq məqsədilə, onun xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını təsdiq edən sübutların mövcudluğu və ikincisi, uşağın yanında qaldığı valideyni ilə birlikdə ölkə ərazisindən kənara çıxmalarının zəruriliyi. Birinci hala dair, uşağın atası, Cavabdeh tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İkinci halın zəruriliyi isə aşağıdakı səbəblərlə məhdudlaşdırılmışdır: 1) uşağın xarici ölkələrdə daha etibarlı və düzgün müalicə alması; 2) təhsil alması, bilik olimpiadalarında və bu kimi tədbirlərdə iştirak etməsi; 3) idman yarışlarında, xüsusi istedadı olan uşaqların isə mədəniyyət və incəsənət sahəsində təşkil və dəvət edilən yarışlarda, simpoziumlarda, yığıncaqlarda, sərgilərdə və sair iştirak etməsi; 4) xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, istirahət etməsi və sair məqsədlərlə ölkə ərazisindən kənara gedən valideyni ilə birlikdə getməsi. Hazırki iş üzrə valideynlərindən biri və ya hər ikisi ilə ölkə ərazisindən kənara getməsinə icazə verilməli olan uşağın 6 yaşı var. Uşaq anasının yanında qaldığı üçün, razılıq ata tərəfindən verilməlidir. Məhkəmə hesab edir ki, uşağın valideynlərinin biri ilə ölkə ərazisindən kənara getməsinə icazə verilərkən yuxarıda qeyd edilən səbəblərin mövcudluğu əsas şərt kimi nəzərə alınmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, atası Cavabdeh razılığı olmadan yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X6 ümumvətəndaş pasportunun alınmasına və onun anası İddiaçı ilə birlikdə üzrlü səbəblər olmaqla (uşağın xarici ölkələrdə daha etibarlı və düzgün müalicə alması; təhsil alması, bilik olimpiadalarında və bu kimi tədbirlərdə iştirak etməsi; idman yarışlarında, xüsusi istedadı olan uşaqların isə mədəniyyət və incəsənət sahəsində təşkil və dəvət edilən yarışlarda, simpoziumlarda, yığıncaqlarda, sərgilərdə və sair iştirak etməsi; xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, istirahət etməsi və sair məqsədlərlə ölkə ərazisindən kənara gedən valideyni ilə birlikdə getməsi) Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini tələb etmədiyinə görə, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (uşağın atası) Cavabdeh razılığı olmadan yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X6 ümumvətəndaş pasportunun alınmasına və onun anası İddiaçı ilə birlikdə üzrlü səbəblər olmaqla (uşağın xarici ölkələrdə daha etibarlı və düzgün müalicə alması; təhsil alması, bilik olimpiadalarında və bu kimi tədbirlərdə iştirak etməsi; idman yarışlarında, xüsusi istedadı olan uşaqların isə mədəniyyət və incəsənət sahəsində təşkil və dəvət edilən yarışlarda, simpoziumlarda, yığıncaqlarda, sərgilərdə və sair iştirak etməsi; xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, istirahət etməsi və sair məqsədlərlə ölkə ərazisindən kənara gedən valideyni ilə birlikdə getməsi) Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar