Məhkəmə qərarları › İş №e-2(042)-1070/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-1070/2025

06.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1070/2025 06.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddiası üzrə mülki iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : I. İşin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı cavabdehin təqsiri ucbatından əldən çıxmış faydaya görə 2000 manat və ödənilmiş 41 manat dövlət rüsumunun cavabdeh alınaraq, ona verilməsi tələbi barədə iddia ərizəsi ilə məhəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır və tərəflər arasında 6–7 ildir ki, münasibət mövcuddur. Cavabdeh Gədəbəy bazarında həm alver, həm də fəhləlik fəaliyyəti ilə məşğul olduğundan tərəflər arasında yaxın münasibətlər yaranmışdır.2021-ci ilin əvvəllərində cavabdeh ondan 4 ton kartof almışdır. Kartofun hər kiloqramı 0.55 qəpik və 0.40 qəpik qiymətləri ilə hesablanmışdır. Eyni zamanda cavabdeh ondan pazı toxumu və ot presi də almışdır. Nəticədə cavabdehin onun ümumilikdə 2671 manat pul borcu yaranmışdır.O, cavabdehdən borcun qaytarılmasını xahiş etsə də, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. Bu səbəbdən o, məcbur olaraq Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir.Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-914/2024 saylı qətnaməsi ilə onun tələbi qismən təmin edilmiş, Cavabdeh alqı-satqı üzrə 1050 manat və vəkilə ödənilmiş 130 manat xidmət haqqının alınıb ona ödənilməsi qət edilmişdir.O, apellyasiya şikayəti vermiş, əsas tələbi tam haqqlı olduğu halda, şikayət təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda qətnamə qanuni qüvvəyə minmiş və icrası üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona əlindən çıxmış faydaya görə 2000 manat ziyan dəymişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. .

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat vermiş,iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəm iclasında İddiaçı nümayəndəsi X1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası MPM-nin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

9. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

10. Azərbaycan Respublikası MPM-nin - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

11. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

12. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

13. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilən hallar sübut edilməmişdir.Ona görə də iddia tələbi təmin edilməməlidir.

V. Nəticə:

14. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

qət etdi:

İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən : Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar