Məhkəmə qərarları › İş №e-2(042)-204/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-204/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-204/2024 16.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2306.48 manat pulun və 43.50 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Siğorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 22 noyabr 2022ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “Ford Transit” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 7392.93 manat maddi ziyan dəymişdir. “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi əsasında sığortalanmışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 7392.93 manat sığorta ödənişini "xxxx" MMC-ə ödəmişdir. Cavabdeh bu hadisə ilə əlaqədar təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Buna görə də cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Həmin məbləğin 4836.45 manat hissəsi “Ford Transit” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-ə ödənilmişdir. Qalan məbləğ 2306.48 manat Cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı Sığorta Şirkəti ASC məhkəmə ərizə göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan Sığorta Ödənişi ilə bağlı 120822 nömrəli Aktın surətindən görünür ki, 22 noyabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “Ford Transit” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə, zərərçəkmiş şəxsə 7392.93 manat ziyan dəymişdir. İşdə olan Hesablanma cədvəlindən görünür ki, “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün cəmi 7392.93 manat məbləğində pul hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-ə 7392.93 manat məbləğində ödəniş edilmişdir. İşdə olan Qəzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edən zaman 43.50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını araşdırıb, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, 22 noyabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “Ford Transit” markalı, **- OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 7392.93 manat maddi ziyan dəymişdir. “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi əsasında sığortalanmışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, “Hyundai Accent” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 7392.93 manat sığorta ödənişini "xxxx" MMC-ə ödəmişdir. Cavabdeh bu hadisə ilə əlaqədar təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin məbləğin 4836.45 manat hissəsi “Ford Transit” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-ə ödənilmişdir. Qalan məbləğ 2306.48 manat pul Cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olan 2306.48 manat və işə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 43.50 manat alınaraq, İddiaçı Sığorta Şirkəti ASC-ə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-227, 233.1, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2306.48 manat və işə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 43.50 manat alınaraq, İddiaçı Sığorta Şirkəti ASC-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar