Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № e-2(042)-535/2023 26.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Gədəbəy rayon Elektrik Şəbəkəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Gədəbəy rayon Elektrik Şəbəkəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ərazi aidiyyəti qaydalarına əməl etməmiş və ərizəni hüquqi şəxsin olduğu yerin məhkəməsinə verməmişdir. Belə ki, iddia ərizəsindən məlum olur ki, cavabdeh "xxxx" ASC hüquqi şəxsdir və Baki şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa ünvan 1 ünvanında yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2.-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, Gədəbəy rayon Elektrik Şəbəkəsi "xxxx" ASC-nin tabeçiliyində olan idarədir. Ona görə də, vurulmuş maddi ziyana görə Gədəbəy rayon EŞ yox, idarəni yaratmış hüquqi şəxs kimi "xxxx" ASC məsuliyyət daşıyır. Gədəbəy rayon EŞin cavabdeh kimi göstərilməsində məqsəd işə Gədəbəy rayon Məhkəməsində baxılmasına nail olmaq olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Gədəbəy rayon EŞ hüquqi şəxs olmadığından cavab verməli şəxs deyildir və iş üzrə cavabdeh kimi göstərilməsi lüzumsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin Məcəllənin 54.3-ci maddəsinə əsasən, idarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən, idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Gədəbəy rayon Elektrik Şəbəkəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(042)-535/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №e-2(042)-535/2023
26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver