Məhkəmə qərarları › İş №e-2(042)-744/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-744/2023

02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-744/2023 02.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2013-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanması üçün hər uşağa görə hər ay 220 manat alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha girmişdir. Birgə nikahlarından onların xx.xx.2013-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Hazırda övladları onun yanındadır və o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, cavabdeh ona və övladlarına heç bir diqqət və qayğı göstərmir. Uşaqlara tək baxmaq məcburiyyətindədir. Odur ki, cavabdehlə aralarında olan nikahın pozulmasını və uşaqların saxlanılması üçün cavabdehdən onun xeyrinə aliment tutulmasını istəyir. İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən dəyişiklik edilməsi barədə ərizə verərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2013-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanması üçün hər uşağa görə hər ay 100 manat alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 14 avqust 2023-cü il tarixli məhkəmə iclasında izahat verərək, iddiaçının ona qarşı olan iddia tələbini qəbul etdiyini bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Həmçinin cavabdeh ərizəsində məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Ələsov X1 Nüşabə Nofəl qızı ilə nikahlarını xx.xx.2013-cü ildə Gədəbəy rayonu Arıxdam kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ələsov, arvada Ələsova soyadı verilmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, X5 xx.xx.2013-cü il tarixdə, X7 xx.xx.2015-ci il tarixdə anadan olmuşlar, ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan mediator Mübariz Cəfərov tərəfindən verilmiş xx.xx.2023-cü tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini tək ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh nikahlarını xx.xx.2013cü ildə Gədəbəy rayonu Arıxdam kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar. Birgə nikahlarından xx.xx.2013-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 adında iki uşaqları anadan olmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədir. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Onların birgə yaşamaları mümkünsüz olmuşdur. Tərəflər arasında nikah formal xarakter daşıyır və ailəni bərpa etmək mümkün deyildir. Cavabdeh məhkəməyə ərizə verərək iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini etiraf etməsini qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinin tələbinə görə ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, bu məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 22.2, 22.2.1, 22.2.2-ci maddələrinin tələbinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını və uşaq üçün alimentin hansı valideyndən, hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə boşanmadan sonra uşağın valideynlərindən hansının yanında qalması məsələsini həll edərkən uşağın tərbiyəsində valideynlərin rolunu, uşağın valideynləri ilə bağlılıq dərəcəsini, uşağın faktiki olaraq ananın himayəsində yaşaması, eləcə də onun ana nəvazişinə və qayğısına daha çox ehtiyaclarının olmasını nəzərə alaraq yetkinlik yaşına çatmayan xx.xx.2013-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanmasını ədalətli və qanunauyğun hesab edir. Eləcə də məhkəmə uşaq üçün alimentin hansı valideyndən, hansı miqdarda tutulması məsələsini müəyyən edərkən, onu qeyd edir ki, uşaqlar ananın yanında saxlanıldığından, uşaqların azyaşlı olması və onun ana qayğısına daha çox ehtiyacı olması iddiaçının işləyib qazanc əldə etmək imkanını məhdudlaşdırdığından uşaqların saxlanılması üçün aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmədə işin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, cavabdehin daimi iş yeri və sabit qazancı yoxdur. Belə olan halda, cavabdehdən iddiaçının xeyrinə tutulan aliment sabit pul məbləği şəklində təyin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 -ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə hesab edir ki, uşaqların layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı onlara minimum yaşayış imkanı yaradılmalıdır. Alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, iddiaçının tələbini, cavabdehin aliment miqdarını qəbul etməsini, uşaqların saxlanılmasında, təhsil almasında tərəflərin iştirakları dərəcəsini nəzərə alaraq, hər bir uşağa görə 100 manat, olmaqla iki uşaq üçün 200 manat məbləğində aliment müəyyən edilməsini ədalətli və qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu və məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 11 mart 2013-cü ildə Gədəbəy rayonu Arıxdam kənd İƏD üzrə nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 № ilə qeyd edilmiş nikah pozulsun. Boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş uşaqları – 21 fevral 2013-ci il təvəllüdlü X5 və 28 may 2015-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında saxlanılsın. 10 iyul 2023-cü il tarixdən başlayaraq 21 fevral 2013-ci il təvəllüdlü X2 və 28 may 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa 100 manat olmaqla, iki uşaq üçün 200 manat aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar