Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-794/2025 16.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmə iddia qaldıraraq, cavabdeh X5 ilə onun arasında Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən, xx.xx.2021-ci il tarixli çıxarışla qeydə alınmış, cavabdehin və ailə üzvülərinin mülkiyyətində olan 0,3833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. Cavabdehə və onun ailə üzvülərinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1,32 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh və digər mülkiyyətçilər həmin torpaq sahəsinin 0,3833 ha hissəsini 1999-cu ildə ona 2 şirvan paçkası pula (köhnə pulla 200.000) manata satıblar. Cavabdeh və digər mülkiyyətçilər tərəfindən ona satılmış torpaq sahəsinin 0,3833 ha hissəsi satıldığı vaxtdan naturada ona təhvil verilmişdir. Torpaq sahəsi naturada ona təhvil verildiyi vaxtdan təyinatı üzrə istifadə edir. Həmin torpaq sahəsində 30 ədəd meyvə ağacı əkmişdir. Ağaclar uzun illərdir ki, bar verirlər. 500 manat vəsait xərcləyərək həmin torpaq sahəsinə su çəkdirmişdir. O, orada taxta ev qurmuşdur. Həmin vaxtdan hal-hazıra kimi həmin torpaq sahəsindən mübahisəsiz istifadə edir. O, mübahisəli torpaq sahəsi üçün ödəniş etsə də cavabdeh ona satmış olduğu torpaq sahəsinə görə alqı – satqı müqaviləsini qeydə aldırmaqdan yayınır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı və nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdilər və əlavə olaraq bildirdilər ki, mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə razılaşma 1998-ci ildə cavabdehin əri X4 ilə iddiaçının arasında olmuş və iddiaçı torpaq sahəsini 2 şirvan paçkası pula (köhnə pulla 200.000) manata almışdır. Həmin vaxtdan həmin torpaq sahəsini iddiaçı mübahisəsiz istifadə edir. Həmçinin iddiaçı tərəfindən taxta tikili inşa edilmişdir. Torpaq sahəsi aralarında razılaşma əldə edildiyi vaxtdan iddiaçının nəzarətindədir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Gədəbəy rayonu, Novosaratovka kəndində ona xüsusi mülkiyyət hüququ ilə ayrı- ayrılıqda 1,32 ha və 0,1954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Bu barədə əlində daşınmaz əmlakın dövlət reyestrində verilmiş çıxarışlar vardır. Torpaq sahələrinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. 1,32 ha torpaq sahəsi paylı mülkiyyətdədir, onun həmin torpaq sahəsindən 2/5 hissə payı vardır. Digər pay sahibləri onun ailə üzvləridir. Halhazırda torpaq sahəsinə bütövlükdə o nəzarət edir. Cavabdeh X6 qanunsuz olaraq həmin torpaq sahəsini özbaşına zəbt etmiş, torpaq sahəsində taxta materialdan butka tikmişdir. O, dəfələrlə cavabdehə ona məxsus torpaq sahəsindən çıxmasını və tikdiyi butkanı sökməsini tələb etsə də heç bir müsbət nəticəsi olmamışdır. Hüquqları pozulduğu üçün cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddia qaldırmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-53/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ona məxsus olan, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1,32 ha torpaq sahəsinin zəbt etdiyi 0,3833 ha hissəsindən çıxarılması, ona məxsus olan torpaq sahəsində yerləşən İddiaçı məxsus taxta materialdan olan tikilinin cavabdehin hesabına sökülməsi və məhkəmə xərclərinin əvəzinin cavabdeh İddiaçı alınaraq, ona verilməsi qət edilmişdir. İddiaçı məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(104)-1633/2024 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin 14 may 2024-cii il tarixli 2(042)- 53/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki mülki iş üzrə İddiaçı iddia ərizəsində göstərmişdir ki, “guya mən və digər mülkiyyətçilər həmin torpaq sahəsinin 0.3833 ha hissəsini 1999-cu ildə 2 şirvan paçkası oula (köhnə pulla 200.000) manat satmışıq və torpaq sahəsinin həmin hissəsi naturada İddiaçı təhvil verilmişdir, torpaq sahəsini təhvil verildiyi vaxtdan o istifadə edir.” Vaxtilə onun İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməində işə baxılarkən də İddiaçı eyni arqumenti məhkəmə iclasında bildirmişdir. Belə ki, İddiaçı məhkəmə hazırlıq iclasında mübahisəli torpaq sahəsini guya ondan pulla satın almasını bildirmiş, lakin bu halı təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhz bunun nəticəsindir ki, məkhəmə onun iddiasını təmin etmiş, İddiaçı ona məxsus torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsində taxta materialdan olan tikilinin sökülməsini qət etmişdir. Hazırda da iddiaçı iddia tələbinin əsaslılığını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Ona görə ki, o və ailə üzvləri İddiaçı heç vaxt torpaq sahəsi satmamışlar, iddiaçıdan heç bir məbləğdə pul almamışlar. Dəfələrlə İddiaçı onun torpaq sahəmdən çıxmasını tələb etsə də, o, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının iddia tələbi tamamilə əsassız olduğundan rədd edilməlidir.
5. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə onun arasında mübahisəli torpaq sahəsinin alqısatqısına dair heç bir razılaşma olmamışdır. İddiaçı alqı-satqının əri X4 aparıldığını bildirsə də, onun bundan məlumatı olmamışdır. Əgər belə bir məsələ olsa idi, onun məlumatı olardı. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
6. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.6-cı maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
9. Belə ki, mülki iş materiallarında olan; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0,1954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına xx.xx.2021-ci il tarixdə, ********** nömrə ilə qeyd alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/5 hissədə X1, 1/5 hissədə X2, 1/5 hissədə X3 və 2/5 hissədə Cavabdeh adına xx.xx.2021-ci il tarixdə, ********** nömrə ilə qeyd alınmışdır. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-53/2024 saylı qətnaməsində görünür ki, İddiaçı Cavabdeh məxsus olan, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1.32 ha torpaq sahəsinin zəbt etdiyi 0,3833 ha hissəsindən çıxarılması və Cavabdeh məxsus olan torpaq sahəsində yerləşən, İddiaçı məxsus taxta materialdan olan tikilinin cavabdehin hesabına sökülməsi qət edilmişdir.
10. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
11. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.
12. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
13. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. - 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. - 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. - 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. - 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. - 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
16. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri iləəlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edəbilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.
20. Məhkəmə qeyd edir ki, iddiaçı bağlanılmış hesab edilməsini tələb etdiyi müqavilənin predmeti olan torpaq sahəsi ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi torpaq sahəsinin Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1,32 ha kənd təsərrüfatı təyinatlı 1/5 hissədə X1, 1/5 hissədə X2, 1/5 hissədə X3 və 2/5 hissədə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsi olması müəyyən edilmişdir (Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-53/2024 saylı qətnaməsinə əsasən). Həmçinin iddiaçı iddia ərizəsində cavabdehlə aralarında alqı-satqı münasibətlərinin 1999-cu ildə olduğunu bildirsə, məhkəmə iclasında həmin münaisəblərin 1998-ci ildə olduğunu bildirmişdir.
21. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1,32 ha torpaq sahəsinin alqısatqısına dair müqavilənin bağlanmış hesab edilməsi tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair münasibətlər 1998-ci ildə yarandığından köhnə xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir.
22. Məhkəmə müqavilənin bağlanmış hesab edilməsinə dair iddia tələbi ilə bağlı bildirir ki, əvvəlki MM-in 43-cü maddəsinin İ hissəsinə görə əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur.
23. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də mütləq notariat qaydada təsdiq edilməli olan əqdlərdəndir. Belə ki, yuxarıda qeyd olunan Məcəllənin 230-cu maddəsinə görə tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməlidir. Göründüyü kimi, sonuncu norma tərəflərdən heç olmasa biri vətəndaş olduğu halda alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun notariatda təsdiq edilməsini nəzərdə tutur, bu da yalnız o halda mümkündür ki, onun yazılı formasına riayət edilmiş olsun. (C.Abdullayeva və digərlərinin şikayəti ilə əlaqədarAzərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 may 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 13 aprel 2007-ci il tarixli qərarı)
24. Bununla belə, əvvəlki MM-in 43-cü maddəsinin İİ hissəsi əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını əks etdirir. Belə ki, bu normaya əsasən tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır.
25. Həmin normanın tətbiqi ilə bağlı «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, bu normanın konstitusiya hüquqi mənasına görə əqdi (yaşayış evinin alğı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır.
26. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum olunmasına səbəb ola bilər. (Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2012-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı).
27. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında alqı-satqı münasibətlərinin mövcudluğunu və qanuna uyğunluğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh iddiaçı ilə aralarında alqı-satqı münasibətlərinin olmadığını bildirmişdir. İddiaçı alqı-satqı münasibətlərinin cavabdehlə deyil, cavabdehin əri X4 ilə olduğunu bildirmişdir. Həmçinin mübahisə predmeti olan torpaq sahəsi paylı mülkiyyətdə olmaqla cavabdehdən başqa digər şəxslərində mülkiyyət hüquqları vardır. İddiaçı həmin şəxslərə qarşı iddia qaldırmamaqla onlarla arasında alqısatqı münasibətlərinin olub-olmamasını mübahisələndirməmişdir.
28. Məhkəmə əvvəlki Mülki Məcəllənin yuxarıda qeyd edilən müvafiq müddəlarını və oxşar münasibətləri tənzimləyən Ə.Ə.Nəsibovanın şikayəti üzrə xx.xx.2012-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarını, C.Abdullayeva və digərlərinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 13 aprel 2007-ci il tarixli qərarını və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2006cı il tarixli qərarını əsas götürərək, hesab edir ki, iddia ərizəsi rədd edilməlidir.
V. Nəticə:
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
qət etdi:
İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə” iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamiq Rəsulov