Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-163/2022 06.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami rayon məhkəməsinin 16.02.2018 tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə ondan tutulmuş 150 manat alimentin miqdarının 83 manat 33 qəpiyədək, ondan Cavabdeh xeyrinə qazancının 1/3 hissəsi, yəni 83,33 manat miqdarında aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-207/2018 qətnaməsinə əsasən ondan Cavabdeh xeyrinə, qızları X4 01.11.2015-ci il doğum tarixli saxlanması üçün 150 manat sabit pul məbləğində tutulmuşdur. Bundan başqa Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 16.02.2018 il tarixli qərarı ilə Cavabdeh xeyrinə X1 üçün 150 manat sabit pul miqdarında aliment tutulur və bu günə kimi 150 manat hər ay ödəniş etmişdir. Alimentin azaldılmasına səbəbi ailə tərkibinin artması və səhhətində çoxlu sayda problemlərin olmasıdır. Hazırda onun aylıq qazancı 250 manat təşkil edir. Ondan tutulan alimentin ümumi miqdarı onun qazancının 60%-ni, yəni 150 manat təşkil edir və qanunda nəzərdə tutulan hissədən artıq olur. O, Cavabdeh ilə boşandıqdan sonra 2-ci dəfə ailə həyatı qurmuş və onun X3 əlavə olaraq 2-ci nikahdan 2 uşağı var və aylıq ümumi qazancı 250 manat təşkil edir, bundan əlavə heç bir yerdən əlavə qazancı yoxdur. Əlavə olaraq qeyd edir ki, o, Hepatit B virusu, Bronxial astma xəstəsidir və Covid 19 keçirmişdir. Hal hazırda onun dərmanları bahalı olduğundan və xəstəliyilə ömür boyu yaşacağından onun özünün maddi yardıma böyuk ehtiyacı var. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, cavabdehin anasıdır. Cavabdeh heç bir yerdə işləmir, eyni zamanda Gəncə Dövlət Universitetində ödəniş əsaslarla təhsil aldığı üçün hər il 1800 manat təhsil haqqı ödəyir. O, uşağını saxlamaqda çətinlik çəkdiyindən, alimentin miqdarının azaldılmasına etiraz edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarından görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 207/2018 saylı, 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə Məmmədova (İbrahimova) Aytən İlqar qızı ilə İddiaçı arasında 06 aprel 2015-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 135 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahlarında 01 noyabr 2015-ci il tarixdə anadan olmuş X4 nikah pozulduqdan sonra Cavabdeh yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 20 sentyabr 2017-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı 03.10.2018-ci il tarixdə X9 ilə nikaha daxil olmuş, onların birgə nikahlarından 01.01.2020-ci il tarixdə X6 və 01.11.2021-ci il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından 01.11.2015-ci il tarixdə Mədinə adlı uşaqları doğulmuşdur. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 16.02.2018-ci il tarixli qətnaməsinə əsasən azyaşlı Mədinənin saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 150 manat aliment tutulmuşdur. Hal-hazırda iddiaçı ikinci dəfə nikaha daxil olduğundan və həmin nikahdan iki övladı daha olduğundan, həmçinin səhhətində problemlər olduğundan, maddi vəziyyəti ilə əlaqədar alimentin miqdarının azaldılmasını xahiş edir. Həqiqətən məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə vəziyyətində dəyişiklik olmuş, o, ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan iki övladı doğulmuşdur. Lakin, həmin uşaqlar hal-hazırda hər iki valideynin də himayəsində yaşayır və onların saxlanılması üçün iddiaçı tərəfindən aliment ödənilməsi müəyyən edilməmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.7-ci bəndində də qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının aliment tutulmayan digər iki azyaşlı övladlarının olması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilə bilməz. Bundan başqa, iddiaçı qətnamənin çıxarıldığı vaxtla müqayisədə hazırda maddi vəziyyətinin əsaslı dərəcədə pisləşməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). “Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Həmçinin, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Bununla belə, iddiaçıdan 01.11.2015-ci il təvəllüdlü Mədinənin saxlanılması üçün təyin edilmiş 150 manat aliment məbləği isə hazırda ölkə üzrə uşaqlar üçün təyin edilmiş yaşayış minimumu məbləğindan (193 manatdan) çox aşağı olduğundan, həmin məbləğin azaldılması uşağın mənafeyi baxımından ədalətli hesab edilə bilməz. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin, qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Cavabdeh izahatında aylıq qazancının az olmasını bildirsə də, məhkəmə hesab edir ki, valideynin qazancının məbləği onun uşağını saxlamaq vəzifəsindən azad edilməsinə əsas vermir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay 150 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində hər hansı dəyişiklik olmaması, sonrakı nikahından isə azyaşlı uşaqlarının doğulması özlüyündə alimentin azaldılması üçün əsas olmaması, eləcə də uşağın mənafeyi nəzərə alınaraq, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi tələbatının təmin edilməsi üçün iddia rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №e-2(043)-163/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-163/2022
06.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver