Məhkəmə qərarları › İş №e-2(043)-1999/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №e-2(043)-1999/2021

08.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(043)-1999/2021 08.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, kreditor Tələbkar MMC-nin Borclu “borcun və ödənilmiş dövlət rüsumunun” tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri məhkəmə iclasından kənar nəzərdən keçirərək, müəyyən etdim: Kreditor Tələbkar MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 1200 (bir min iki yüz) manat borc məbləği, 100 (bir yüz) manat cərimə və 20 manat məbləğində dövlət rüsumunun-cəmi 1320 (bir min üç yüz iyirmi) manat tutularaq tələbkara ödənilməsinə dair məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Kreditorun ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkar “Tələbkar" MMC-nin direktoru X1 ilə Borclu arasında 12 noyabr 2019-cu il tarixdə hissə-hissə şərti ilə WTCN-006359 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Borclu “Tələbkar" mağazasından ümumi nisyə dəyəri 2000 (iki min) manat olan “İphone Xs 64” (İMEİ **********57379) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Borclu 12.12.2019-cu il tarixdən başlayaraq hər ayın 12-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 200 (iki yüz) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri- 1200 (bir min iki yüz) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7,3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu isə həll edilmədik də, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Borclu borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, borclu tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədirlər. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslansa da, hazırkı ərizə üzrə məhkəmə əmrinin verilməsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsi ilə müəyyən edilmiş əsaslarının (tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanması) mövcudluğunu istisna edir. Belə ki, kreditor nisyə satılmış əşyanın borcluya verilməsini təsdiq edən sübutu, tərəflər arasında bağlanmış müqavilənin və ödəniş cədvəlinin əslini ərizəsinə əlavə etməmişdir. Bu hal borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasının mövcudluğunu istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci və 279.2.3cü maddəsinə görə, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina üçün əsasdır. Həmin Məcəllənin 276-cı maddəsi isə barəsində məhkəmə əmri verilə bilən tələblərin siyahısını və həmin tələblər üzrə məhkəmə əmrinin verilməsinin əsaslarını müəyyən edir. Qeyd olunan maddəyə görə, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Göründüyü kimi, qanunvericilik məhkəmə əmrinin verilməsinin iki əsasını nəzərdə tutur ki, bunlar kreditorun tələbinin aşkar olması və kreditorun tələbinin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Kreditorun tələbinin aşkar olması dedikdə, məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən də kreditor tərəfindən irəli sürülmüş pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. Ona görə də, kreditor tərəfindən məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmaqla təqdim edilmiş sübutlar borcluya qarşı olan tələbin əsaslı olduğunu tam təsdiq etmirsə və ya qismən təsdiq edirsə, bu halda kreditorun tələbi aşkar olmadığı üçün məhkəmə əmri verilə bilməz. Kreditor Tələbkar MMC məhkəməyə müraciət etdiyi ərizəsində və ona əlavə edilmiş sənədlərdə əmlakın borcluya verilməsini təsdiq edən sübutu, tərəflər arasında bağlanmış müqavilənin və ödəniş cədvəlinin əslini əlavə etmədiyindən tələbi aşkar deyildir və bu tələbin də borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığını müəyyən etmək mümkün deyildir. Belə olan halda məhkəmə əmrinin verilməsi qanunvericiliyin tələbinə ziddir və məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin, göstərilən xüsusat Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin e-2(043)- 1561/2021 saylı, 08.04.2021-ci il tarixli qərardadında da göstərilmişdir. Lakin, həmin nöqsan aradan qaldırılmadan yenidən məhkəməyə müraciət edilmişdir. Göstərilən nöqsan aradan qaldırılmadan təkrar müraciət edildiyindən məhkəmənin iş fəaliyyətini pozulmasına və iş vaxtının itirilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən, Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə növbəti belə halın baş verəcəyi təqdirdə Tələbkar MMC-ni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən cərimə ediləcəyi barədə xəbərdarlıq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə görə isə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279-cu maddəsini rəhbər tutaraq, qərara a l d ı m: Kreditor Tələbkar MMC-nin Borclu “borcun və ödənilmiş dövlət rüsumunun” tutulması barədə məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması onun, həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar