Məhkəmə qərarları › İş №e-2(043)-3865/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №e-2(043)-3865/2021

28.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(043)-3865/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 16.02.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xeyrinə 01.11.2015-ci il doğumlu X1 üçün tutulan 150 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq qazancının 1/3 hissəsində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, eləcə də qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia tələbində yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün ondan tutulub cavabdehə ödənilən 150 manat sabit pul məbləğində aliment məbləğinin azaldılaraq, onun aylıq qazancının 1/3 hisssəsi miqdarında müəyyən edilməsini tələb ediyini bildirsə də, iddianın qiymətini iddia ərizəsində göstərməmişdir. Halbuki, 01.10.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti iddia ərizəsində mütləq şəkildə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddianın ərizəsinin məzmununa dair MPM-in 149-cu maddəsinin tələbinə əməl edilməməsi iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bundan başqa, iddiaçı iddia ərizəsində iddianın ümumi qiyməti göstərilmədiyindən, həmçinin qeyd edilən iddia tələbi üçün ödənilməli olan dövlət rüsumunu da müəyyən etmək mümkün olmur. Çünki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddia ərizəsi üzrə ödənilməli olan dövlət rüsumu iddianın qiymətindən bilavasitə asılıdır. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı mövcud iddia ərizəsinin verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən qiymətləndirilən iddialara görə ödənilməli olan minimum dövlət rüsumu 30 manatdır. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəməmiş və bu məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar