Məhkəmə qərarları › İş №e-2(044)-1096/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1096/2022

28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1096/2022 28.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanlması üçün hər ay bir uşaq üçün 250 manat, cəmi 750 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X13, xx.xx.2015ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X14 dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri pozulmuş və ayrılmışlar, birgə nikahdan olan uşaqlar iddiaçının himayəsindədir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehdən hər ay bir uşaq üçün 100 manat, cəmi 300 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh qeyd edilən məbləğdən əlavə heç bir maddi və mənəvi dəstək vermir. İddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir. Cavabdeh fərdi əməklə məşğuldur, maddi vəziyyəti yaxşıdır. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, ikinci dəfə ailə həyatı qurmuş və ikinci nikahdan da 1 övladı vardır. O, hər ay 3 uşağa görə 300 manat ödəyir, ikinci nikahdan olan uşağına görə isə 100 manat ödəyir, onun özünə və ailəsini saxlamağa pulu qalmır. Onun ələ aldığı əmək haqqısı 406 manatdır. Buna görə də o, alimentin artırılmasına razı deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etmədiyini, cavabdehin ikinci ailəsi olduğunu və həmin ailəsindən də uşağının olduğunu, cavabdehin aylıq 406 manat maaş aldığını, iddiaçının isə aylıq 787 manat maaş aldığını nəzərə alıb iddianın rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəməyə ərizə göndərərək Cavabdeh əmək haqqısından 300 manatı birinci nikahdan olan uşaqlarına verdiyini, əlavə 100 manatı isə xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən onların birgə nikahından doğulmuş uşaqlarına verdiyini, özünün yaşaması və dolanmağı üçün pul qalmadığını, maddi sıxıntı içində yaşadıqlarını bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X13, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur. - X5 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdə: - nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında xx.xx.2018-ci il tarixdə Gəncə “Asan” Xidmət Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X15 adlı uşaqları vardır. - xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, X9 ilə Cavabdeh ilə aralarında Gəncə “Asan” xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İİ№ 261013 saylı nikahdan anadan olmuş X1 və maddi ehtiyaclarının qarşılanması üçün alimentin tələbinə dair tərəflər qarşılıqlı razılıq əldə etmişlər.Cavabdeh saziş imzalandıqdan sonra 2022-ci ilin apel ayından başlayaraq hər ayın 01-05 tarixlərində ayda 100 manat sabit pul məbləğində aliment məbləğini ödəyəcəyini öz öhdəsinə götürmüşdür. - Vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, Cavabdeh "xxxx" QSC-nin infrastruktur Departamenti işarəvermə və rabitə xidməti 5 nömrəli Gəncə işarvermə və rabitə sahəsi Gəncə avtomat telefon məntəqəsində mühəndislər, proqram təminatı vəzifəsində işləyir aylıq əmək haqqı 496.33 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirində artım olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafelərini, onların normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki, əqli və sosial cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərclərin olduğunu, alimentin tutulduğu xx.xx.2018-ci il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minumumunun 39 manat artıdığını, həmçinin həmin müddətdə ölkədə malların və xidmətlərin qiymətinin bahalaşdığını, eyni zamanda cavabdehin ikinci nikahdan olan uşağına da aliment ödədiyini və ikinci ailəsi olduğunu nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 120 manat, cəmi 360 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərci iddiaçı tərəfindən ödənildiyinə və cavabdeh üzrsüz səbəbdən mediasiya sessiyasında iştirak etmədiyinə, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, tələb etdiyi alimentin artımının 1 illik ödəməsinin (əvvəl təyin edilmiş alimentin məbləği ilə iddiaçının tələb etdiyi alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusu 5400 manat olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilməli olan 74 manat dövlət rüsumunun 30 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-3506/2018 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar