Məhkəmə qərarları › İş №e-2(044)-1206/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1206/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1206/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə1, Cavabdeh Bank “xxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Bank “xxxx” (Azərbaycan) ASC-nə və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı “kredit və ipoteka müqavilələrinə xitam verilməsi, ipoteka predmetlərinin ipotekadan azad edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bank “xxxx” (Azərbaycan) ASC-nə və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı “kredit və ipoteka müqavilələrinə xitam verilməsi, ipoteka predmetlərinin ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank “xxxx” (Azərbaycan) ASC ilə aralarında bağlanmış 16.09.2015-ci il tarixli, 157314-CNS-19001 saylı girovlu istehlak krediti müqaviləsinə və 16.09.2015-ci il tarixli, 3M-369 saylı reyestrdə qeyd edilmiş ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən mənzilin ipotekadan azad olunması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 16.09.2015-ci il tarixli, 157314-CNS- 19001 saylı girovlu istehlak krediti müqaviləsinə əsasən Bank “xxxx” (Azərbaycan) ASCdən 12600 manat məbləğində kredit götürmüş, bu müqavilə üzrə öhdəliyin təmini kimi 16.09.2015-ci il tarixli, 3M-369 saylı reyestrdə qeyd edilmiş ipoteka müqaviləsinə əsasən özünə məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilini banka girov qoymuşdur.Kredit götürdükdən sonra ona verilmiş qrafikə uyğun olaraq ödəmələrini vaxtlı-vaxtında etmiş, lakin sonradan respublika ərazisində baş vermiş manatın məlum devalvasiyası nəticəsində banka olan ödəmələrində problem yaranmış, manatın ikinci devalvasiyasından sonra isə vəziyyət daha da gərginləşmiş, bundan sonra ödədiyi pulları ancaq faizlərə çıxmağa başlamış və əsas borc yerində qalmışdır. Ona görə də banka ödəniş etməkdən imtina etmişdir. Banka sanki elə bu lazım imiş kimi, bank onları məhkəməyə verərək tutmanın girov qoyulmuş evinə yönəldilməsini xahiş etmişdir. Lakin bank məhkəməyə müraciət edən zaman onun banka cəmi 5666.25 manat borcu olmuşdur. Məlum olduğu kimi sonradan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli fərmanı imzalanmış, həmin Fərmana əsasən fiziki fiziki şəxslərin xarici valyutada 10000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17000 (on yeddi min) manatadək vaxtı keçmiş (fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş) kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi (resruksiyasına), həmçinin məhkəmədə olan işlərin geri çağrılması (vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi) nəzərdə tutulmuşdur. O, həmin vaxt rəsmi qaydada banka müraciət etmiş və müraciətinə cavab olaraq gözləməyi, məsələnin tezliklə həllini tapacağı bildirilmişdir. Lakin bütün bunlara baxmayaraq, nəinki bank onlarla güzəştli şərtlərlə müqavilə bağlamamış , hətta ipoteka predmeti olan yeganə yaşayış evinin hərracdan satılması (çox ucuz qiymətə özlərinin alması) üçün əlindən gələni etməkdən belə çəkinmirlər. Həmçinin, cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən də ipoteka predmetinin girovdan azad olunması üçün heç bir tədbir görülməmişdir. İddiaçının nümayəndəsi, vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bank “xxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirdi ki, iddia ərizəsi əsassızdır və heç bir hüquqi əsası yoxdur. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmamasını xahiş etdi. Cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri gəlməmişdir. Cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 16.09.2015-ci il tarixli 157314-CNS-19001 saylı Girovlu istehlak krediti müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ASC-ti tərəfindən İddiaçı 12600.0 manat məbləğində kredit verilmişdir. 16.09.2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ASC-ti ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinin təmini kimi İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 53, mənzil 36 ünvanda yerləşən, 41.8 kv.m ümumi, 30.1 kv.m yaşayış, 11.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzili ipoteka ilə yüklü edilmişdir. 19.03.2019-cu il tarixdə Cavabdeh2 ASC-ti tərəfindən İddiaçı ünvanlanmış 1681 saylı məktubdan görünür ki, İddiaçı ilə Bank arasında bağlanmış 16.09.2015-ci il tarixli, 157314-CNS-19001 saylı Girovlu istehlak krediti müqaviləsinin 5.1.8-ci bəndlərinə əsasən “kredit alan” müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməli və onların pozulmasına yol verilməməlidir. 17.02.2020-ci il tarixli xxxx (Azərbaycan) ASC tərəfindən verilmiş 768 saylı arayışdan görünür ki, Cavabdeh2 ASC-ti ilə İddiaçı arasında bağlanmış16.09.2015-ci il tarixli 157314-CNS-19001 saylı Girovlu istehlak krediti müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banka daxil olmuş siyahılarda İddiaçı adı aşkar edilməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(044)-1143/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilməsi, cavabdeh İddiaçı əsas borc üzrə 4511.02 manat, faiz borcu üzrə 1150.23 manat, cərimə 5 manat, cəmi 5666.25 (beş min altı yüz altmış altı manat iyirmi beş qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinin qeydə alınması üçün ödənilmiş 30 manat, cəmi 60 manat dövlət rüsumu tutularaq Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi, tutma öhdəliyin təmini kimi ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 53, mənzil 36 ünvanda yerləşən, 41.8 kv.m ümumi, 30.1 kv.m yaşayış, 11.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzilə yönəldilsin və ipoteka predmeti açıq hərracdan satılması, ilkin satış qiyməti 37000 (otuz yeddi min) manat məbləğində müəyyən edilmiş ünvan 2 ünvanda yerləşən, 41.8 kv.m ümumi, 30.1 kv.m yaşayış, 11.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzili açıq hərracdan satışından əldə olunmuş vəsait hesabına banka olan cəmi 5666.25 (beş min altı yüz altmış altı manat iyirmi beş qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinin qeydə alınması üçün ödənilmiş 30 manat Cavabdeh2 ASC-nə ödənilməsi, ünvan 1 ünvanda yerləşən, 41.8 kv.m ümumi, 30.1 kv.m yaşayış, 11.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzil satıldıqdan sonra cavabdehlər tərəfindən 1 ay müddətinə boşaldılması, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi cavabdeh İddiaçı qaytarılması və iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını, yəni hərracın qanunsuz olaraq keçirilməsini və onun etibarsızlığı üçün əsas olan halları sübut etməlidir. Lakin məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, əksinə iddia tələbini yalnız öz mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsinin vermiş olduğu izahatdan, eləcə də iş üzrə təqdim edilmiş sənədlərdən müəyyən edildi ki, mübahisəli yaşayış sahəsinə dair əvvəllər rəsmiləşdirilmiş ipoteka müqaviləsi mülkiyyətçinin iradə ifadəsinə uyğun bağlanmışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əvvəlcədən aparılmış bütün əməliyyatların hüquqi nəticəsini və mülki hüquqi əsaslarını bilirdi. Məhkəmə baxışında həmçinin müəyyən edilmişdir ki, mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən mənzil kredit borcunun təminatı kimi ipoteka ilə yüklü edilmiş, lakin öhdəliklər icra edilmədiyindən məhkəmə qətnaməsinə əsasən adı çəkilən yaşayış sahəsinin açıq hərracdan satışından əldə edilən pul vəsaiti hesabına ödənilməsi qət edilmiş, həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iş 01.12.2020-ci il tarixdə apelyasiya qaydasında baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən kredit və ipoteka müqavilələrinin ləğv olunması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Bank “xxxx” (Azərbaycan) ASC-nə və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı “kredit və ipoteka müqavilələrinə xitam verilməsi, ipoteka predmetlərinin ipotekadan azad edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bank “xxxx” (Azərbaycan) ASC-nə və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı “kredit və ipoteka müqavilələrinə xitam verilməsi, ipoteka predmetlərinin ipotekadan azad edilməsinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar