Məhkəmə qərarları › İş №e-2(044)-827/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-827/2022

28.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-827/2022 28.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddia tələbi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan nikahın pozulmasına, onların birgə nikahlarından doğulmuş Əli və Mələk adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 manat sabit pul məbləğində alimentin, mediasiyanın hesabına ödənilmiş 50 manat, məhkəmənin hesabına ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2007-ci il tarixdə ailə qurmuş, nikahlarını 27.02.2012-ci il tarixdə rəsmiləşdirmişlər və onların birgə nikahlarından 28.01.2008-ci il tarixdə X4 və 01.10.2009-cu il tarixdə X2 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra ilk vaxtlar ailə münasibətləri normal olmuş, lakin sonradan xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən onların ailə münasibətləri kəskinləşmişdir. Cavabdeh ailəsinə baxmamış və hazırda başqa bir qadınla ailə qurmuşdur. O, cavabdehin hərəkətlərinə dözə bilməmiş və faktiki olaraq bir ilə yaxındır ki, ailə dağılmış, onların bütün münasibətləri kəsilmiş və nikahları formal xarakter daşıyır. Onların bundan sonra barışıb birgə yaşamaları mümkün deyildir. Cavabdeh ustadır, ev təmiri ilə məşğuldur, aylıq gəliri normaldır və normal aliment ödəmək iqtidarındadır. Onlar ayrıldıqları vaxtdan cavabdeh uşaqların saxlanması ona könüllü olaraq maddi köməklik göstərməmişdir. Hazırda uşaqlar böyümüşlər və onların maddi tələbatları da artmış və o, uşaqların saxlanmasında maddi çətinlik çəkir. O, ilkin olaraq mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən ona mediasiya sesiyasının arayışı verilmişdir. Mediasiya xərci bərabər şəkildə ödənilməsinə baxmayaraq, cavabdeh heç bir ödəniş etməmişdir. Buna görə də o, məcbur olub hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə arasında bağlanmış nikahın onlara barışıq üçün vaxt verilmədən pozulmasına razıdır. O, heç yerdə işləmir və onun hər ay 100 manat məbləğində aliment ödəməyə imkanı vardır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 05.07.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 27 fevral 2012-ci il tarixdə 70 saylı akt qeydi iıə bağlanmışdır. 05.07.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 01 oktyabr 2009-cu il tarixdə X2 anadan olmuşdur. 05.07.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 28 yanvar 2008-ci il tarixdə X4 anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər uzun müddətdir ki, ailə münasibətlərini kəsmiş, ər-arvad kimi yaşamırlar. Ayrı-ayrı ünvanlarda yaşamaqla müstəqil təsərrüfatı idarə edirlər. Onların nikahları formal xarakter daşıyır. Ailənin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcələsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcələsinin 21.3-cü maddəsinə əsasən nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcələsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Mübahisənin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəf cavabdehlə aralarında bağlanmış nikahın pozulmasında təkid etmiş, cavabdeh tərəf isə nikahın pozulmasına etiraz etməmişdir. İddiaçı tərəfin nikahın pozulmasında təkid etdiyini, cavabdeh tərəfin nikahın pozulmasına razı olduğunu, ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının artıq qeyri-mümkün olduğunu nəzərə almaqla məhkəmə tərəflər arasında nikahın pozulmasına dair nəticəyə gəlir. İşin hallarından görünür ki, tərəflər artıq ər-arvad münasibətlərini kəsmişlər. Artıq ailənin saxlanması, ər-arvad münasibətlərinin davam etdirilməsi mümkünsüzdür. Məhkəmə tərəflərə hazırkı vəziyyətdə barışıq üçün vaxt verilməsi zəruriliyini mümkün hesab etmir. Nikahın pozulmasına imkan verməyən qanunvericilikdə nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğunun sübuta yetirilmədiyi, iddiaçı tərəfin nikahın pozulmasında təkid etdiyini, cavabdehin nikahın pozulmasına razı olduğunu, eləcə də ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının artıq qeyri-mümkün olduğunu nəzərə alaraq qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, tərəflər arasındakı nikah pozulmalı, uşaqların yaşı və mənafeyi nəzərə alınmaqla tərəflərin birgə nikahlarından 28.01.2008-ci il tarixdə anadan olmuş X4 və 01.10.2009-cu il tarixdə anadan olmuş X2 nikahın pozulmasından sonra İddiaçı himayəsində saxlanılmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından 28.01.2008-ci il tarixdə anadan olmuş X3 və 01.10.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Cavabdeh hər ay hər uşaq üçün 160 (yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı qızının xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq aliment 22.02.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 27.02.2012-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 70 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından 28.01.2008-ci il tarixdə anadan olmuş X4 və 01.10.2009-cu il tarixdə anadan olmuş X2 nikahın pozulmasından sonra İddiaçı himayəsində saxlanılsınlar. Cavabdeh 28.01.2008-ci il tarixdə anadan olmuş X3 və 01.10.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22.02.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment, mediasiyanın hesabına ödənilmiş 50 manat, məhkəmənin hesabına ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi alimentlə bağlı qalan hissədə təmin edilməsin. Qətnamənin “alimentlə bağlı hissəsi” qəbul edildikdən sonra dərhal qüvvəyə minir və həmin hissədə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilməsi onun alimentlə bağlı hissəsinin icrasını dayandırmır. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar