Məhkəmə qərarları › İş №e-2(045)-1313/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1313/2024

27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1313/2024 27.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavadehdən hər ay 235 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı ildə cavabdehlə nikahı pozulmuşdur. Birgə nikahından doğulan xx.xx.2011-ci il təvəllüdlü X4 hal-haızrda onun himayəsindədir və onunla birgə yaşayır. Tək ana kimi onun bütün təminatını özü ödəyib, tərbiyəsi ilə də özü məşğul. Cavabdehin isə uşaqla bağlı hüququ yalnız sənəd üzrədir. Nikah pozulandan bu günə kimi cavabdeh uşağın saxlanılması üçün ona maddi yardım etməməklə yanaşı uşaqla görüşməkdən də imtina etmişdir. Yaranmış soyuq münasibət səbəbindən uşağın da onunla görüşəmək istəyi yoxdur. Hal-hazırda uşağı ilə birlikdə valideynlərinin köməkliyi ilə yaşayır. Cavabdeh isə kifayət qədər gəlirli işlə məşğul olub qazanc əldə etsə də ona maddi yardım etmək niyyətində deyil. Halbuki onun kifayət qədər maddi imkanı var. O isə tək uşağının tələbatını ödəyə bilmir. Maddi vəziyyəti çətindir və dövlətdən heç bir yardım almir. Bu səbəbdən də hazırkı tələblə adiyyatı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, məhkəmə, qanunvericiliyin və yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üzrə müəyyən edilmiş minimum dolanışıq xərclərini və uşaqların mənafeyini nəzərə alaraq iddianı təmin edəcəkdir. O hətta mediasiya prosesinə də gəlməkdən imtina etdi. Onu da qeyd edir ki, işə mahiyyəti üzrə baxılıb qurtaranadək uşağın saxlanılması üçün müvəqqəti aliment təyin olunması üçün müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Goranboy rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə hazırlanmış ərizə göndərərək, onkoloji xəstəlikdən əziyyət çəkən anasının səhətində səhər saatlarında qəfil pisləşmə ilə bağlı üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini və işitrakı olmadan baxılıb yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 388449 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 29 sentyabr 2010-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 727 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Hüseynova” soyadı verilmişdir; Goranboy rayon Nadirkənd kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 716131 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08 may 2011-ci ildə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası Cavabdeh, anası X3r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 234197 nömrəli nikahən pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 arasında olan nikah xx.xx.2016-cı il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra sonuncuya “Əliyeva” soyadı verilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 atasıdır. Tərəflər arasında bağlanmış nikah Goranboy rayon Qeydiyayt şöbəsində xx.xx.2016-cı il tarixdə pozulmuşdur. İddiaçı uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 235 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan xx.xx.2011ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 200 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 44 manat (200 manat*12ay=2400 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsində qeyd edir ki, hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment, həmçinin ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment, həmçinin ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzi tutulsun. Cavabdeh dövlət büdcəsinə 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar