Məhkəmə qərarları › İş №e-2(045)-2347/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-2347/2023

29.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-2347/2023 29.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay əmək haqqının və başqa gəlirlərinin ¼ (dördə bir) hissəsi miqdarında alimentin tutularaq azyaşlı uşağı 20 sentyabr 2023-cü il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 16 aprel 2022-ci ildə ailə qurmuşdur. Lakin cavabdehin səhlənkarlığı ucbatından nikahı rəsmi qeyd etdirməmişdir. Birgə yaşadığı müddətdə 20 sentyabr 2023-cü il təvəllüdlü X3 adlı bir uşağı olmuşdur. Cavabdehlə münasibətləri ilk gündən pis olmuşdur. Belə ki, işdən evə gələrkən əsassız olaraq söz-söhbət salır, sonra da onu döyürdü. Bu hal dəfələrlə təkrarlandığı üçün uşağı da götürüb atası evinə gəlmiş və hazırda orada yaşayır. O, bir ana kimi uşağının sağlam böyüməsi üçün hər şey edir. Lakin cavabdeh bir ata kimi üzərinə düşən məsuliyyəti başa düşmür. Belə ki, cavabdeh uşağı ilə heç maraqlanmır. Halbuki, AR Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə İdarəsinin Goranboy rayon şöbəsində işləyir ayda yaxşı əmək haqqı alır. Bu barədə olan arayışı məhkəməyə təqdim edir. İndi istəyir ki, bir ata kimi cavabdeh də uşağının qarşısında öhdəliyi olduğunu anlasın. Ona görə də, istəyir ki, hər ay cavadehdən əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq uşağına verilsin. Hesab edir ki, uşağının diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağın saxlanması xərclərini ödəməlidir. Cavabdehlə arasında yetkinlik yaşına çatmayan uşağa görə aliment ödənilməsi barədə saziş yoxdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçı onun ikinci evliliyidir, birinci arvadı rəhmətə getmiş və həmin nikahdan da uşaqları vardır. İddiaçının tələb etdiyi aliment miqdarı hər ay onun qazancından tutularsa o, birinci arvadından olan azyaşlı övladlarını saxlamaqda çətinlik çəkəcəkdir, ona görə göstərilənlərin nəzərə alınaraq ondan 150 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 889737 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2023-cü ildə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Fövqaladə Halalr Nazirliyi DYMX Goranboy rayon X4 Hissəsi tərəfindən verilmiş 3- 18-190/2-342/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh FHN-nin X4 Xidmətinin Goranboy rayon X4 Hisəssində böyük sürücü vəzifəsində işləyir Goranboy rayon şöbəsində və onun aylıq əmək haqqı 777,15 manat təşkil edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 20 sentyabr 2023-cü il təvəllüdlü X2 atasıdır. İddiaçı uşaqların saxlanılması üçün hər ay Cavabdeh qazancının ¼ hissəsi miqdarında aliment ödəməyi tələb etsə də, cavabdeh etiraz edərək alimentin sabit pul məbləğində hər ay 150 manat məbləğində tutulmasını istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən olunduğundan, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olduğundan, iddiaçının cavabdehdən əmək haqının ¼ hissəsi miqdarında alimentin tutulmasına dair tələbi olduğundan tərəflərin birgə yaşadığı müddətdə doğulmuş 20 sentyabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının ¼ hissəsi məbləğində aliment müəyyən olunmalıdır Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 43,31 (qırx üç manat, otuz bir qəpik) manat (194 manat*12ay=2331 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə yaşadığı müddətdə doğulmuş 20 sentyabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay qazancının ¼ hissəsi miqdarında aliment, həmçinin dövlət büdcəsinə 43,31 (qırx üç manat, otuz bir qəpik) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə yaşadığı müddətdə doğulmuş 20 sentyabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 43,31 (qırx üç manat, otuz bir qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar