Məhkəmə qərarları › İş №e-2(045)-905/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-905/2025

11.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-905/2025 11.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Cavabdeh “X10 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Bolat Gurselin iştirakı ilə, İddiaçı cavabdeh “X10 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına qarşı “mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X10 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından 60000 (altmış min) manat mənəvi ziyana görə kompensasiyanın və ödənilmiş 271 manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-341/2022 saylı hökmü ilə “Yol Sanayi Ticaret A.Ş” Azərbaycan Respublikasındakı filialında sürücü işləyən xx.xx.1959-cu il təvəllüdlü X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. X1 təqsirli hərəkəti nəticəsində anası X2 xx.xx.2022-ci ildə qəza nəticəsində ölmüşdür. Həmin hadisənin X1 “Yol Sanayi Ticaret A.Ş” Azərbaycan Respublikasındakı filialının sürücüsünün təqsirindən baş verməsi işin mübahisəsiz halıdır. X1 faciəvi qəzanı törətməsi nəticəsində anası həyatdan məhrum olub və buna görə çox dərin mənəvi sarsıntı keçirmişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvəyə minmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-341/2022 saylı hökmü ilə təsdiq olunur və hazırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır. Bir daha qeyd edir ki, mərhum anasının faciəvi şəkildə ölməsindən bu günədək davam edən stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona vurulmuş zərərin əvəzi olaraq 60.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi ədalətli olar. Hesab edir ki, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin hüquqi şəxs olmaqla yüksək təhlükə mənbəyi sayılan nəqliyyat vasitələrilə əmək funksiyasını icra edərkən işlərinə məsuliyyətlə yanaşmamaları, zərərin baş verməsinə səbəb olmuş hadisənin ağırlığını, ölüm ilə nəticələnməsini, onun keçirdiyi mənəvi iztirabların ağır və davamlılığını nəzərə almalıdır. Keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da, unudulan hadisə deyil. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkəcək. İşin hallarına əsasən cavabdehlərin hüquqazidd hərəkəti nəticəsində onun mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində anası faciəvi şəkildə ölməsindən çox sarsılmışdır. Bu səbəbdən hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbi baxımından da buna hüququ var. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Dəfələrlə rəhmətə gedən qardaşı Məmmədli Sakit və o cavabdeh Şirkətin səlahiyyətli şəxsləri ilə əlaqə saxlayaraq mənəvi zərərin ödənilməsini tələb etməyinə baxmayaraq, hər dəfə “rəhbərlik sizi yaxın günlərdə qəbul edəcək” deyərək mənəvi zərərin ödənişi süni şəkildə 2 ildir uzadılır. İdidiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək, üzrü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X10 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Bolat Gursel iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarıılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Sakit Məmmədov təqsirləndirilən şəxslə barışdığını və heç bir şikayət-tələbinin olmadığını bildirərək, bu barədə ərizə təqdim etmişdir. Bundan başqa İddiaçı mərhum Familə Məmmədovanın vərəsəsi olub-olmamasına dair heç bir sübut mövcud deyildir. Halbuki, hazırkı tələbi mərhumun vərəsəsi irəli sürə bilər. Ona görə də, belə nəticəyə gəlmə olar ki, iddiaçının hazırkı tələbi əsassız varlanma kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində göstərdi ki, “X10 Sanayi Ticaret” filialında sürücü işləyir. Belə ki, 29 mart 2022-ci il tarixdə qrafikə uyğun hərəkət edən zaman yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə üç nəfər şəxs vəfat etmişdir. Onlardan biri iddiaçının anası X2 olmuşdur. Məhkəmə istintaqı zamanı mərhumun oğlu X5 hüquqi varis kimi tanınmışdır. Məhkəmə istintaqı zamanı Sakit Məmmədli ilə barışıq əldə olunmuşdur və onlara dəymiş maddi və mənəvi ziyan şirkət tərəfindən tam şəkildə qarşılanmışdır. Buna dair hüquqi varisin ərizəsi də mövcuddur. Əlavə olaraq bildirdi ki, eşitdiyinə görə iddiaçı kimi çıxış edən İddiaçı mərhumə və digər ailə üzvləri ilə uzun müddət küsülü olduğu üçün anası ilə heç bir əlaqəsi və bağlılığı olmamışdır. Zərərçəkmişin belə oğlu olmasını bilməmiş və hətta mərhumənin yas mərasimlərində iştirak edərkən, İddiaçı orada görməmişdir. Hesab edir ki, zərərçəkmişin hüquqi varisi olmuş X5 bir müddət öncə vəfat etdiyi üçün İddiaçı yaranmış şəraitdən sui istifadə edərək cavabdehdən əsassız yerə pul almaq istəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hökümət ödəniş portalının ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 271 manat məbləğində dövlət rüsumu ödəmişdir; İddiaçı tərəfindən “X10 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış pretenziya məktubundan görünür ki, dəymiş mənəvi zərərin qarşılığı cаvаbdеhdən tələb еdilmiş, əks hаldа mənəvi zərərin ödənilməsi məhkəmə qаydаsındа tələb еdiləcəyi оnun nəzərinə çаtdırılmışdır; Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-341/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, hökmdən görünür ki, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı anası X2 xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Həmin nəqliyyat hadisəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sürücü X3 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı ailə üzvünün itirilməsinə görə mənəvi iztirablar çəkdiyini bildirərək, cavabdeh qurumun işçisinin hadisəyə görə təqsirinin məhkəmə hökmü ilə təsdiq edilməsinə əsaslanaraq, dəymiş mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət müəyyən edən 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir (bəzi hallar istisna təşkil edir). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, sürücü X3 29 mart 2022-ci ildə “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobili ilə yol hərəkəti qaydalarını pozaraq Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olması) törətmişdir. Həmin hadisə nəticəsində üç nəfər şəxsin ölümünə səbəb olmuş, onlardan biri də iddiaçının anası olmuşdur. Hadisənin baş verməsində sürücünün təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun X1 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Digər tərəfdən həmin nəqliyyat vasitəsinin “X10 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına məxsus olması və hadisəni törətmiş sürücünün həmin müəssisənin işçisi olması iş materiallarında mövcud olan sübutlarla təsdiq olunmuşdur. Mülki Məcəllənin: 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun....İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Göründüyü kimi Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır ... Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olubolmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı). Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənəvi zərərlə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin, məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Məhkəmə qeyd edir ki, 29 mart 2022-ci il tarixdə cavabdehin işçinin təqsirli olaraq törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının anası vəfat etmişdir və bu hadisədən sonra iddiaçının mənəvi sarsıntı keçirməsi, yəni anasının ölməsinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya, iztirab keçirməsinə səbəb olması şübhəsizdir. Göstərilənlər onlar arasında mənəvi yaxınlığın olduğunu təsdiq edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçı baş vermiş hadisəyə görə Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə əmək vəzifələrinin icra edilməsi ilə əlaqədar nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən törədilmiş mülki hüquq pozuntusunun ağırlığını, iddiaçının keçirdiyi mənəvi sarsıntıları, eyni zamanda hadisənin üzərindən uzun müddət keçməsini, iztirabların bir qədər azalmasını nəzərə alaraq hesab edir ki, cavabdeh təşkilatdan iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Bu səbəbdən iddia qismən təmin edilməli, qalan hissədə rədd edilməlidir. Nəzərə alınmalıdır ki, işin halları baxımından, daha yüksək məbləğdə pulun tutulması, iddiaçının pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin (bundan başqa – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iddia tələbinin ödənilmiş 271 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” qanununun 8.1.2-ci maddəsinə (30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 40 manat məbləğində müəyyən edilməli və qalıq 231 manat hissə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “X10 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialından İddiaçı xeyrinə mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iddiaçı tərəfindən ödənilmiş 271 manat məbləğində dövlət rüsumunun 40 manat hissəsinin əvəzi tutulmalı və iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X10 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialından İddiaçı xeyrinə mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iddiaçı tərəfindən ödənilmiş 271 manat məbləğində dövlət rüsumunun 40 manat hissəsinin əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar