Məhkəmə qərarları › İş №e-2(045)-922/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-922/2024

04.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-922/2024 04.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 235 (iki yüz otuz beş) manat, iki uşaq üçün 470 (dörd yüz yetmiş) manat alimentin tutularaq azyaşlı uşaqları 28 iyun 2018-ci il təvəllüdlü X2 və 27 iyul 2021-ci il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17 sentyabr 2017-ci ildə ailə qurmuş və bu barədə olan nikah bir qədər gec, yəni 27 noyabr 2018-ci il tarixdə 1 saylı Gəncə “ASAN xidmət’’ mərkəzinin qeydiyyat şöbəsində rəsmi qeyd edilmişdir. Birgə yaşadığı müddətdə 28 iyun 2018-ci il təvəllüdlü X5 və 27 iyul 2021-ci il təvəllüdlü X6 adlı iki uşağı olmuşdur. Cavabdehlə ailə münasibətləri onun təqsiri ucbatından pozulmuşdur. Belə ki, ailəsinə, uşaqlarına baxmır. Bir qadın kimi ona hörmət etmir. Son vaxtlarda ona şər-böhtan deyirdi, deyirdi ki, guya ki, telefonla başqaları ilə danışır və sair. 09 fevral 2024-cü il tarixdə arasında baş verən mübahisədən sonra cavabdehdən ayrılaraq uşaqları ilə birlikdə atası evinə gəlmiş və uşaqları ilə birlikdə orda yaşayır. O, bir ana kimi uşaqlarının gələcəyi üçün hər şey edir ki, onlar yaxsı təhsil alsınlar, sağlam böyüsünlər. Lakin, cavabdeh bir ata kimi üzərinə düşən məsuliyyəti başa düşmür. Demək olar ki, ailəsi, uşaqları ilə heç maraqlanmır. Uşaqlar necə dolanır, nə yeyir, nə geyinir, məktəbə gedirlərmi, demək olar ki, bunlarla heç maraqlanmırda. İstəyir ki, bir ata kimi cavabdehdə uşaqları qarşısında öhdəliyi olduğunu anlasın. Ona görə də istəyir ki, hər ay cavadehdən sabit pul məbləğində hər uşaq üçün yaşayış minimumu həddində, yəni 235 (iki yüz otuz beş) manat, iki uşaq üçün 470 (dörd yüz yetmiş) manat aliment tutularaq uşaqlarına verilsin. Hesab edir ki, uşaqlarının diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Cavabdehlə arasında yetkinlik yaşına çatmayan uşaqlara görə aliment ödənilməsi barədə saziş yoxdur. Ona görə də cavbdehdən hər ay sabit pul məbləğində uşaqları üçün cəmi 470 (dörd yüz yetmiş) manat alimentin alınıb ona verilməsini istəyir. Lakin,cavabdeh könüllü aliment vermək istəmir. “Mediasiya haqqında”AR-nm xx.xx.2019cu il tarixli Qanununa əsasən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişdir. Bu barədə ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı məhkəməyə təqdim edirəm. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hazırda aldığı əmək haqqı azdır ona görə də, iddia tələbində qeyd edilən aliment məbləğini ödəmək iqtidarında deyildir. Onun bugünkü gündə əmək haqqı 172.5 manat təşkil edir və bu barədə olan arayışı məhkəməyə təqdim edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 307519 nömrəli çıxarışdan görünür ki, Cavabdeh ilə X7 arasında nikah 1 saylı Gəncə “ASAN xidmət” mərkəzi qəeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə bağlanmış və və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2704 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “İsmayılova” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 xx.xx.2018-ci ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 xx.xx.2021-ci ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də texnik vəzifəsində işləyir. Xalis əmək haqqısı 172,5 manat təşkil edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 28 iyun 2018-ci il təvəllüdlü X3 və 27 iyul 2021-ci il təvəllüdlü X4 atasıdır. İddiaçı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə Cavabdeh 235 manat məbləğində aliment ödəməyi tələb etsə də, cavabdeh iddia tələbinə etiraz edərək qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər uşaq üçün 235 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. İddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan tərəflərin birgə nikahından doğulmuş 28 iyun 2018-ci il təvəllüdlü X5 və 27 iyul 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 60.8 manat (340 manat*12ay=4080 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 28 iyun 2018-ci il təvəllüdlü X5 və 27 iyul 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment, həmçinin 60,8 (altmış manat səksən qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 28 iyun 2018-ci il təvəllüdlü X5 və 27 iyul 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 60,8 (altmış manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar