Məhkəmə qərarları › İş №e-2(046)-1030/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1030/2024

21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1030/2024 21.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya hüququ üzrə ödənilmiş sığorta məbləğinin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 712 manat məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan "Vaz 2107" markalı, ** DU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Opel Astra” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. PAT********** nömrəli icbari sığorta şəhadətnaməsinin 087718 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı "Vaz 2107" markalı, ** DU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Sığorta Şirkətində xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər müddətdə icbari qaydada sığortalı olmuşdur. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli hesabata əsasən, "Opel Astra" markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 732 manat məbləğində zərər dəymişdir. 8390 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" SŞ dəymiş zərərlə bağlı "Opel Astra" markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2 732 manat sığorta ödənişi həyata keçirmişdir. Göyçay Rayon Məhkəməsinin 3(046)- 320/2020 nömrəli qərarına əsasən, Cavabdeh İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. O, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Buna görə də, ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh tərəfindən ümumi borcla bağlı 20 manat ödənilsə də, qalan məbləğ hələ də ödənilməmiş qalmışdır. 712 manat pul Cavabdeh iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən iddia ərizəsinin surəti və bildiriş xx.xx.2024-cü il tarixdə Cavabdeh məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, "Vaz 2107" markalı, ** DU *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PAT********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. İşə əlavə edilmiş Bakı şəhər DYPİ tərəfindən xx.xx.2020-ci il tarixində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2020ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, həmin maddələrlə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(046)- 320/2020 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXMnıin 332.4-cü maddələri ilə təqsirli bilinərək ona 400 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli texniki ekspertiza şöbəsi tərəfindən verilmiş nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, hadisə nəticəsində "Opel Astra" markalı, ** EG *** dövlət nömrə nişanlı avtomobilə 732 manat məbləğində zərər dəymişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 732 manat sığorta ödənişi zərərçəkmiş şəxs "Opel Astra" markalı, ** EG *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X2 ödənilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı ,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsində əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə işin tədqiq edilmiş sübutlarından və faktiki hallarından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan "Vaz 2107" markalı, ** DU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində “Opel Astra” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikasının İXM-nin 332.1-ci və 332.4-cü maddələri ilə təqsirli bilinmiş, inzibati tənbehə məruz qalmışdır. “Opel Astra” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 732 manat maddi ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Həmin avtomobilə ziyan yüksək təhlükə yaradan fəaliyyət nəticəsində vurulmuşdur. Cavabdeh tərəfindən ümumi borcla bağlı 20 manat ödənilsə də, qalan məbləğ hələ də ödənilməmişdir. Hadisə zamanı “Opel Astra” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan sığortaçı İddiaçı Sığorta Şirkəti ASC-i tərəfindən hesablanmış və 732 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla da zərərvuran şəxs Cavabdeh qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı İddiaçı Sığorta Şirkəti ASC-nə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçmişdir. Maddi hüquq normalarının hazırki hüquq münasibətlərinə tətbiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, zərərvuran Cavabdeh törətdiyi hüquqa zidd əməl (delikt) nəticəsində əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, hazırki iş üzrə İddiaçı Sığorta Şirkəti ASC-nə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişini, yəni iddia tələbinin predmeti olan 712 manat sığorta ödənişi məbləğinin ödənilməsini təmin etməyə borcludur. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərərvuran Cavabdeh üzərinə qoyulmalı, bununla da iddia təmin edilməli, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 712 manat məbləğində pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə verilsin. Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar