Məhkəmə qərarları › İş №e-2(046)-119/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-119/2023

20.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-119/2023 20.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «varislərdən borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «varislərdən borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh1 sonuncular tərəfindən qəbul edilmiş miras payından onun xeyrinə 103.185,88 ABŞ dolları əsas borcun, 43.448,54 ABŞ dolları faiz, 2.000 manat mənəvi ziyan, ödənilmiş 541,31 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh1 sonuncular tərəfindən qəbul edilmiş miras payından onun xeyrinə 103.185,88 ABŞ dolları əsas borcun, 43.448,54 ABŞ dolları faiz, 2.000 manat mənəvi ziyan, ödənilmiş 541,31 manat dövlət rüsumu və göstərilmiş hüquqi xidmətə görə 500 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum X2 kreditorudur. Belə ki, bibisi oğlu Manaşir Sosunov (Manaşir İxiloviç) Rusiya Federasiyasından xammal tədarükünü görür. Adətən buradan həmin zavoda xammal spirti göndərilir və orada emal olunmaqla satışa buraxılır. Təxminən 2007-ci ildən Vaqif Mammədovu tanıyır. Belə ki, bibisı oğlu Manaşir Sosunov vasitəsi ilə tanış olmuşdur. X15 Məmmədovla xammal verməsi ilə razılaşmışlar. Vaqif Məmmədov həmin vaxt X18nun direktoru olmuşdur. X16 müəyyən müddətdən sonra xammalı Rusiya Federasiyasına göndərməmişdir. Buna görə də, 2008-ci il tarixdə Manaşir Sosunov Bakı şəhərinə gəlmiş və aralarında müəyyən problemlər olduğundan X15 Məmmədovu məhkəməyə vermiş, bundan sonra X6 Sosunov arasında biznes əlaqələri kəsilmişdir. 2014-cü ildə X11 Sosunovla görüşərək, yeni biznes əlaqələri qurmaq üçün müqavilə bağlamış, sonuncu 28 may 2014-cü il tarixdə 295.580 ABŞ dolları X18nun hesabına Bank vasitəsi ilə köçürmüşdür. Həmin ərəfələrdə Manaşir Sosunov tez-tez Bakı şəhərinə gəlib Vaqif Məmmədovla görüşmüş, həmin görüşlərdə o, da iştirak etmişdir. Həmin ilin iyun ayında Vaqif Məmmədovla görüşüb söhbət edərkən Vaqif Məmmədov ona təklif etmişdir ki, hazırda əlində xammal hazırlamaq üçün pul olmadığından Manaşir Sosunova xammal göndərə bilmir, ona pul veriləcəyi halda zavodda Manaşir Sosunova göndərmək üçün xammal hazırlayacaq və həmin xammalı Manaşir Sosunova sataraq hər vaqona 15.000-20.000 arası gəlir əldə edəcək. Şifahi razlaşmaya əsasən Vaqif Məmmədova 112.000 ABŞ dolları məbləğində nağd pul vermişdir. Vaqif Məmmədov demişdir ki, bir müddətdən sonra xammal zavodda hazır olacaq və vaqona vurub Manaşir Sosunova göndərəcək. X12 zavodda ona aid olan 54 ton konyak spirti hazır etmiş və bununla bağlı ona sertifikat da vermişdir. Həmin ilin iyul ayında Rusiyadan gələn texnoloqlarla birlikdə Vaqif Məmmədovun idarə etdiyi X18na getmişlər. Texnoloqlar çənlərdə 54 ton xammalı bəyənib onların ağızlarını plomblamışlar. Vaqif Məmmədov həmin şəxslərin yanındada bildirmişdir ki, vaqondakı spirt ona məxsusdur, yaxın vaxtlarda vaqona vurub Manaşir Sosunova göndərəcək. X16 malı göndərməmişdir. Hazırlanmış xammalı Vaqif Məmmədovdan ala bilməmişdir. Dəfələrlə Göyçay rayonuna getmiş, lakin onu zavoda buraxmamışlar. Vaqif Məmmədovun mobil telefonuna dəfələrlə zəng etməsinə baxmayaraq, telefon zənglərinə cavab verməmiş və onunla görüşə gəlməmişdir. 112.000 ABŞ dollarını Vaqif Məmmədov ələ keçirərək dələduzluq etmiş və nəticədə pulunu qaytarmamışdır. Bununla əlaqədar olaraq, 2016-cı ilin noyabr ayında Bakı şəhəri Sabunçu rayon prokurorluğuna müraciət etmişdir. Sabunçu rayon prokuroru Ceyhun Şirinov tərəfindən 28 noyabr 2016-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Cinayət işi üzrə 25 dekabr 2016-cı il tarixdə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, «Göyçay konyak» ATSC zavodunun direktoru X8 «X13» QSC-nin sədr X4 məxsus zavoda şərab və konyak emalı üçün xammal tədarük etmək adı ilə etibardan sui-istifadə etməklə ayrı-ayrı (2007-ci il tarixdən 2014-cü il tarixədək olan müddət) vaxtlarda 500.000 ABŞ dolları pul vəsaitini əvəzsiz olaraq öz mülkiyyətinə keçirərək Manaşir Sosunova külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Uzun müddət axtarışda olan Vaqif Məmmədov tutularaq 48 saat ərzində Sabunçu rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə gətirilmiş, törətdiyi cinayət əməlini etiraf etmişdir. Vaqif Məmmədovun ifadəsi alınarkən bildirmişdir ki, 112.000 ABŞ dolları dəyərində konyak spirti Göyçay rayonundakı zavodunda yerləşir. Sabunçu RPİ İŞ-nin müstəntiqi, polis mayoru Abbas Hüseynov tərəfindən Göyçay rayonunda Konyak zavoduna baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Orada olan spirtdən nümunə götürülmüş, X2 ifadəsi yerində yoxlanılmaqla protokol tərtib edilmiş, fotoşəkilləri çəkilmişdir. Cinayət işinin istintaqı zamanı ona məxsus 54 ton spirt zavoddadır. Vaqif Məmmədov ifadə verərkən, yaxın vaxtlarda spirti satıb, pulunu ona qaytaracaq. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən 27 iyul 2018-ci il tarixdə X3 Azərbaycan Respublikası CM-in 195.2-ci maddəsi ilə ittiham elan olunmuş və iş üzrə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. 27 avqust 2018-ci il tarixdə onunla Vaqif Məmmədov arasında üzləşdirmə keçirilmiş, sonuncu ona borclu olduğunu etiraf etmişdir. Üzləşdirmə zamanı Vaqif Məmmədov zavodda maddi problemlər yarandığı üçün spirti satdığını və ona borclu olduğu pulu qaytarmadığını bildirmişdir. Vaqif Məmmədov üzləşdirmə zamanı ona borclu olduğu 112.000 ABŞ dollarını qısa müddətdə ərzində qaytaracağına söz vermişdir. 30 avqust 2018-ci il tarixdə Manaşir Sosunov Bakıya gəlmiş və Vaqif Məmmədovla üzləşmişdir. Vaqif Məmmədov üzləşmə zamanı Manaşir Sosunovdan üzr istəmiş və borcunu etiraf etmişdir. İstintaq zamanı 30 avqust 2018-cı il tarixli qərarla X7 zərər çəkmiş şəxs qismində tanınmışdır. Vaqif Məmmədov istintaq zamanı İstintaq Təcridxanasından onunla dəfələrlə telefonla əlaqə saxlamış, İstintaq Təcridxanasında onunla görüşməsini xahiş etmişdir. X5 Təcridxanasında görüş zamanı sonuncu xahiş etmişdir ki, Manaşir Sosunovla birlikdə ondan şikayətçi olmasın. Şikayətçi olmadıqları halda, azadlığa çıxan kimi onun 112.000 ABŞ dollarını, eləcə də Manaşir Sosunova borclu olduğu pulu qaytaracaq. X9 pul əvəzinə alternativ Göyçay şəhərində Konyak Zavoduna məxsus 62.561 m2 torpaq sahəsini, eləcə də araq doldurulması və satışı ilə məşğul olan «EMİL-1» firmasını təklif etmişdir. Vaqif Məmmədovun təklifi onu qane etmədiyi üçün qəbul etməmişdir. Vaqif Məmmədov yenidən xahiş etmişdir ki, bibisi oğlu Sosunovla birlikdə ona qarşı humanist davransınlar. Manaşir Sosunovla əlaqə saxlayaraq Vaqif Məmmədovun xahişini çatdırmış, X10 bağlı artıq hüquq-mühafizə orqanlarına şikayət etməyəcəyini, ancaq Vaqif Məmmədov istintaq təcridxanasından çıxarkən, ona yaranmış borcu ödəməyə başlamasını bildirdirmişdir. Bundan sonra Vaqif Məmmədovla əlaqə saxlayaraq Manaşir Sosunovun və öz qərarını açıqlamış, ondan bir daha şikayətçi olmayacaqlarını, amma həbsxanadan çıxan kimi onlara borclu olduğu pulu tam qaytaracaq. Vaqif Məmmədov ona kişi sözü vermişdir ki, həbsdən çıxan kimi pulu qaytaracaq. Vaqif Məmmədov azadlığa çıxandan sonra, ona xx.xx.2019-cu il tarixdə 1.200 manat, xx.xx.2019-cu il tarixdə 13.00 manat, xx.xx.2019-cu il tarixdə 3.000 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 2.000 manat və xx.xx.2019-cu il tarixdə 2.000 manat ödəmişdir. Vaqif Məmmədov ona ümumilikdə yalnız 12.984 manat, yəni 7.638 ABŞ dolları pul qaytarmışdır. Vaqif Məmmədov onun qarşısında öhdəliklərinin yerinə yetirilmə müddəti çoxdan başa çatmışdır. Lakin bu günə kimi Vaqif Məmmədov 112.000 ABŞ dollarını ona tam qaytarmamışdır. Vaqif Məmmədov onunla əlaqə saxlayaraq, COVİD-19 pandemiyasına görə maddi çətinliklə üzləşdiyini, borclu olduğu pulu qaytara bilmədiyini, üzr istəyib pulu qaytarmaq üçün ona vaxt verməsini xahiş etmişdir. Danışıqlarından bir müddət sonra, Vaqif Məmmədov dünyasını dəyişmişdir. Vaqif Məmmədovun qalan borcu 104.362 ABŞ dolları təşkil edir. Vaqif Məmmədov ölümü ilə bağlı öhdəliklərini yerinə yetirməməsi bu iddia ilə məhkəməyə müraciət etməsi üçün əsas olmuşdur. Əldə etdiyi məlumata görə, 2021-ci ilə qədər «X18» Vaqif Məmmədova məxsus olmuşdur, həmin əmlak hesabına sonuncunun ona olan borcunu ödəmək olar. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı iddiasının əsası kimi iş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi, eləcə də, digər prosessual hərəkətlərə dair qəbul edilmiş qərarlara istinad etsə də, həmin sənədlərdə mərhum Vaqif Məmmədovun iddiaçıdan 112.000 ABŞ dolları alması təsdiq olunmur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının müraciəti əsasında istintaq orqanı tərəfindən araşdırma aparılmış, sonuncunun, eləcə də mərhum Vaqif Məmmədovun izahatları alınmış, «X18» ATSC-nin ərazisinə baxış keçirilmiş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. İstintaq zamanı Vaqif Məmmədov iddiaçının verdiyi ifadədən fərqli olaraq, ifadəsində İddiaçı hər hansı məbləğdə pul almadığını, yalnız istehsalla məşğul olduğunu, Dmitrinin ifadəsində və ərizəsində bəzi məsələləri yalan göstərdiyini, Stavropol şəhərində yerləşən X14 direktoru M.Sosnovla müəyyən vaxtlar işləsələr də, sonradan gömrükdə problemlərin çıxdığını, bir müddət Sosnova mal sata bilmədiklərini, sonradan Sosnovla aralarında bir sıra müqavilələrin bağlanmasını, Sosnova iki vaqon spirt istehsal edib göndərdiyini, Dmitrinin sifarişi əsasında 54 ton spirti istehsal etsə də, sonuncunun həmin spirti qəbul etməməsini, spirtin hazırda həmin spirt zavodunda olmasını, dəfələrlə Dmitridən spirti qəbul etməsini tələb etsə də, sonuncunun həmin spirti qəbul etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş 21 fevral 2018-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan göründüyü kimi, mərhum Vaqif Məmmədovun ifadəsində qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmış, 54 ton spirt istehsal edilərək, Zavodda xüsusi çənlərdə saxlanılmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Vaqif Məmmədov həbsdə olarkən ona borclu olduğu 112.000 ABŞ dolları puldan zavodda əsas köməkçi və mütəxəssis olan Mürşüd Xəlilov vasitəsi ilə 1.984 manat, həbsdən çıxandan sonra yenə həmin şəxs vasitəsi ilə müəyyən məbləğlərdə, ümumilikdə 14.984 manat, yəni 8.814,12 ABŞ dolları ekvivalentində pul qaytarmışdır. Lakin iş materialları ilə Mürşüd Xəlilovun ona iddia ərizəsində göstərilən müxtəlif tarixlərdə və məbləğlərdə göndərdiyi pulların məhz Vaqif Məmmədovun iddiaçaya borclu olduğu iddia edilən 112.000 ABŞ dolları pul vəsaitinə aid olması sübut olunmur (təsdiqini tapmır). Eyni zamanda, Mürşüd Xəlilovun iddia ərizəsində göstərilən tarixlərdə və məbləğdə pul vəsaitlərini məhz Vaqif Məmmədovun göstərişi ilə iddiaçıya göndərməsinə dair mötəbər sübutlar da məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iclasında əldə edilən mötəbər sübutlarla müəyyən edildi ki, İddiaçı mərhum X8 ilə bibisi oğlu Manaşir İxiloviç (Mişa Sosunov) vasitəsi ilə tanış olmuş, işgüzar münasibətləri yaranmışdır. 2014-cü ildə Vaqif Məmmədov tərəfindən İddiaçı RF-yə spirt ixrac etməsi təklif olunmuş, iddiaçı həmin təklifi qəbul edərək Vaqif Məmmədova spirt sifariş vermişdir. V.Məmmədov rəhbəri olduğu zavodda sifariş edilmiş həcmdə spirt istehsal etmiş, lakin V.Məmmədovla iddiaçının bibisi oğlu arasında işgüzar münasibətlərindən dolayı anlaşılmazlıq yarandığına görə, İddiaçı sifariş verdiyi 54 ton spirti zavoddan götürməmiş və RF-yə göndərməmişdir. Vaqif Məmmədovla iddiaçının bibisi oğlu M.İxiloviç arasında spirt tədarükü ilə bağlı yaranmış mübahisə ilə əlaqədar sonuncu hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun müraciəti əsasında cinayət işi başlanmışdır. Eyni zamanda, İddiaçı da şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edərək, 54 ton xammal spirtin verilməsi vədi ilə Vaqif Məmmədovun 112.000 ABŞ dollarını ələ keçirməsini, bu səbəbdən sonuncu barəsində cinayət işi başlanmasını xahiş etmişdir. İddiaçının şikayəti əsasında o, zərər çəkmiş şəxs qismində tanınmış, ifadəsi alınmış, şikayət ərizəsində göstərdiyi xüsusatlar üzrə araşdırma aparılmış, Vaqif Məmmədovun ifadəsi yerində yoxlanılmış, iddiaçının göstərdikləri sübuta yetirilmədiyindən cinayət işi üzrə icraata sonuncuya münasibətdə xitam verilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon Prokuroru tərəfindən bir neçə dəfə ləğv edilmiş, işin obyektiv və hərtərəfli araşdırılması üçün yazılı göstərişlər verilmiş, göstərişdə müstəntiq qarşısında qoyulmuş tələblər üzrə əlavə araşdırma aparılmış, iddiaçının göstərdikləri sübuta yetirilmədiyindən, yəni Vaqif Məmmədovun 54 ton xammal spirtin verilməsi vədi ilə iddiaçıdan 112.000 ABŞ dolları alması təsdiqini tapmadığından, cinayət işi üzrə icraata yenidən xitam verilmişdir. Bundan sonra, Vaqif Məmmədov vəfat etdiyi üçün iddiaçı sonuncunun vərəsələrinə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, 103.185,88 ABŞ dolları əsas borc, 43.448,54 ABŞ dolları faiz, 2.000 manat mənəvi ziyan, ödənilmiş 541,31 manat dövlət rüsumu və göstərilmiş hüquqi xidmətə görə 500 manat pul vəsaitinin onun xeyrinə tutulmasını xahiş etmiş, iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 439.3 və 1306-cı maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunvericilik aktının qeyd olunan normasının tələbi baxımından iddiaçı ilə mərhum Vaqif Məmmədov arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunun yuxarıda qeyd olunan normasından görünür ki, öhdəliyin lazımınca icra edilməməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən müvafiq müqavilə yolu ilə müəyyən olunur. Belə müqavilənin olması öhdəliyin yaranması üçün əsas şərtdir. Belə ki, onun məzmunu borclunun yerinə yetirməli olduğu, lakin yerinə yetirmədiyi hərəkətləri müəyyən edir. Öhdəliyin yaranması üçün müqavilənin olmasının zəruriliyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərmişdir. Bundan başqa, yazılı borc müqaviləsinin olması pulun verilmə vaxtını və şərtlərini, dəqiq məbləği və onun qaytarılma müddətini müəyyən etməyə imkan verir. Belə ki, öz hüquqi mahiyyətinə görə əqdin göstərilən növü real əqdlərə aiddir. Borc müqaviləsi yalnız əşyanın borc verən tərəfindən borc alana verildiyi andan bağlanmış sayılır. Beləliklə, qanunun yuxarıda göstərilən normalarına və Konstitusiya Məhkəməsinin izahına əsasən borclunun borcu qaytarmaq üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün onlar arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, borclu onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405-ci maddəsinin tələblərinə uyğun olan müqavilə təqdim olunmamışdır. Yəni, başqa sözlə desək iddiaçı qarşısında 112.000 ABŞ dollarının ödənilməsi ilə bağlı mərhum Vaqif Məmmədovun hər hansı öhdəliyinin olmasını təsdiq edən müqavilə olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «varislərdən borcun tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «varislərdən borcun tutulması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar