Məhkəmə qərarları › İş №e-2(046)-1268/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1268/2023

23.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1268/2023 23.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın mübahisələndirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, 14 noyabr 2006-cı il təvəllüdlü X1 atasının Cavabdeh olmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdehla Bakı şəhərində tanış olmuşdur. Həmin vaxt yanında 2 yaşının içində Yağmur adlı uşağı olmuşdur. Cavabdeh onu və uşağını qəbul etmişdir. xx.xx.2014-cü il tarixdə Yağmura atalıq vermişdir. Ancaq, zaman keçdikcə etdikləri əməllər onun xislətini ortaya çıxarmışdır. Buna görə də cavabdehin uşağının atasının adını daşımasını istəmir. Cavabdehin iddiaya qarşı etirazları: Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-cı maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Cavabdeh iddiaçı ilə birlikdə ərizə ilə Gəncə şəhər Qeydiyyat şöbəsinə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü Yağmurun doğum akt qeydində ata qrafasında atası kimi yazılmasını xahiş etmişdir. Bundan sonra atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında xx.xx.2006-cı il təvəllüdlü Yağmurun doğum akt qeydində ata qrafasında müvafiq qeyd aparılaraq, atası kimi Cavabdeh yazılmışdır. İddiaçı iddia ərizəsində zaman keçdikcə cavabdehin etdiyi əməllər xislətini ortaya çıxardığını, bu səbəbdən sonuncunun Yağmurun atası adını daşımasını istəmədiyini göstərmiş və hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Maddənin məzmunundan göründüyü kimi doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə etmək hüququ yalnız uşağın valideyni qismində yazılmış şəxsə və ya onun həqiqi valideyninə, yəni doğum akt qeydində valideyni kimi göstərilməyən şəxsə məxsusdur. Belə olan halda hazırki iddia tələbi ilə Yağmurun əsl atası olması iddiası ilə çıxış edən şəxs məhkəməyə müraciət etməli olduğu halda, subyektiv hüququ olmayan şəxs tərəfindən, yəni iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu müddəalara əsaslanaraq hüquqi baxımdarı mənafe və maraqları iki qrupa bölmək olar: subyektiv hüquqlarda əhatə olunan mənafe və maraqlar; subyektiv hüquqlardan kənar mövcud olan mənafe və maraqlar. “Mənafe” və “maraq” ifadələrinin geniş sosial məzmun daşımasına əsaslanaraq demək olar ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinin yeganə forması deyildir. Mülki hüquqi mübahisəni həll edən məhkəmələr bir qayda olaraq iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Bu hallarda məlumdur ki, məhkəməyə müraciət edən şəxsin marağı pozulmuş və yaxud mübahisələndirilmiş hüquqlarının bərpa olunmasında özünü göstərir. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Ən başlıcası ondan ibarətdir ki, bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element- isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcədə, həyata keçirilməsindən söhbət gedə bilməz». Şərh olunanlara əsasən hesab edir ki, iddiaçının öz adından və özünün maraqlarına xidmət edən hazırki iddianı irəli sürmək hüququna malik olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı məhkəməyə gəlməmiş, nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixə saat 16:30-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcək. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb,işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı etiraf etmədi, iddiaya qarşı etirazda göstərdiklərini qeyd edərək iddianın rədd edilməsini xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlilidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2006-cı il tarixdə İddiaçı doğulmuş X1 xx.xx.2014-cü il tarixdə atası hesab edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2006-cı il tarixdə andan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertizası və X2 xx.xx.2023-cü il tarixli ekspertizanın keçirilməsindən imtina barədə məktubundan görünür ki, “Məhkəmə-Tibbi Ekspertiza və X4” p.h.ş-nin məhkəmə-tibbi biologiya şöbəsinə xx.xx.2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı atalıq faktının müəyyən edilməsinə dair 2(046)-1268/23 saylı mülki iş üzrə məhkəmə-tibbi genetik ekspertizanın təyini barəsində qərardad və həmin saylı mülki iş bir cilddə daxil olmuşdur. Sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində uşaq şöbəyə təqdim edilmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq müddət pozuntusuna yol verməmək üçün 2(046)-1268/23 saylı mülki iş bir cilddə və qərardad icra edilmədən geri qaytarılmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan,bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyul 2015-ci il tarixli Qərarına görə məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları) Məhkəmənin mövqeyi: Mülki prosessual qanunvericiliyinin tələblərinə görə hər bir fiziki və hüquq şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Lakin məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır. Məhkəmə müdafiəsi məhkəmə araşdırması əsasında pozulmuş hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Hazırkı iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,tərəflər nikahda olmamışlar,14 noyabr 2006-cı il təvəllüdlü X1 doğum haqqında şəhadətnaməsində anası İddiaçı,atası isə Cavabdeh qeyd edilmiş,Cavabdeh atalığı atalığın müəyyən olunması haqqında şəhadətnamə əsasında müəyyən edilmişdir. Atalığa və analığa dair mübahisə açmanı müəyyən edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsi Ailə Məcəlləsinin 46.1 və 46.2-ci maddələrinə uyğun olaraq (yəni nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar, valideynlər nikahda olmadıqda isə uşağın anası haqqında qeyd ananın ərizəsi,atası haqqında qeyd isə uşağın atanın ərizəsi əsasında,habelə məhkəmənin qərarı əsasında aparılır) doğum haqqında şəhadətnamədə valideynlər barədə qeydi mübahisələndirmək hüququna malik olan şəxslərin dəqiq dairəsini müəyyən etmişdir:1)uşağın valideyni qismində yazılmış şəxs və ya onun həqiqi valideyni,2)uşaq yetkinlik yaşına çatandan sonra onun özü və ya qəyyumu,eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumu. Bu isə o deməkdir ki, nikahda olmayan İddiaçı analığa dair,Cavabdeh isə müvafiq olaraq atalığa dair, və ya uşağın həqiqi valideyninin və uşaq yetkinlik yaşına çatdıqda onun özünün və ya qəyyumun tələbi ilə doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə açıla bilər. Buna baxmayaraq İddiaçı özü barəsində deyil,uşağın doğum haqqında şəhadətnaməsində qeyd edilmiş digər valideyn Cavabdeh haqqında olan qeydi mübahisələndirmiş,halbuki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinin tələblərinə görə onun bu tələbi irəli sürmək subyektiv hüququ olmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı atalığa dair mübahisə açma tələbini irəli sürmək subyektiv hüquqa malik olmadığından,iddiası təmin oluna bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsi qət etdi: İddiaçı Cavabdeh qarşı 14 noyabr 2006-cı il təvəllüdlü X1 atasının Cavabdeh olmamasına dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar