Məhkəmə qərarları › İş №e-2(046)-1695/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1695/2023

06.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1695/2023 06.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması, azyaşlı uşağın üç yaşına çatanadək saxlanması üçün alimentin tutulması, müalicə və müayinə xərcinin tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat müəyyən edilməsi, xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 3 (üç) yaşına çatanadək saxlanılması üçün mənə hər ay 100 manat alimentin və uşağın hər ay müayinə üçün 150 manat müayinə, aylıq dərmanlar üçün 100 manatın yarı hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdehlə münasibətlərimiz normal olsa da sonradan baş vermiş ziddiyətlər nəticəsində nikahları Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X1 üçün hər ay 200 manat miqdarında aliment tutulmuşdur. Lakin cavabdehin ödədiyi aliment uşağın zəruri təlabatlarını ödəmir. Cavabdeh ona oğlunun saxlanması üçün əlavə olaraq maddi yardım göstərmir. xx.xx.2022-ci il tarixində anadan olmuş Əli anadangəlmə ürək qüsurludur, daimi müalicə və müayinəyə ehtiyacı var, nəticədə əməliyyat olunmalıdır. Bunun üçün hər ay 150 manat müayinə, 100 manat dərmanlar lazımdır ki, bunlar tərəfindən tək qarşılanması mümkün deyildir Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehin himayəsində olan uşaq gündəlik müalicə alır, həyat şəraiti ağırdır. Cavabdeh uşağın saxlanmasında əlavə maddi yardım göstərmir. Cavabdeh maddi imkanı yaxşıdır, aylıq əmək haqqı 670 manatdır. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdeh Alyans Tekstil MMC-də işləyir, aylıq 600 manat əmək haqqı alır. Əmək haqqının ¼ hissəsi yəni 200 manatı iddiaçının xeyrinə tutulur. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Göyçay rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(046)-897/2023 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı xeyrinə verilmişdir. E-məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh Alyans Tekstil MMC-də işləyir, aylıq 670 manat əmək haqqı alır. Sağlam Ailə MMC tərəfindən verilmiş ambulator xəstənin tibbi vərəqəsindən edilmiş çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 diş çıxması ləngiməsi vardır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcələnin 84.2.2-ci maddəsinə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad qarşı tərəfdən maddi köməkliyi məhkəmə yolu ilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı azyaşlı oğlunun saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat məbləğində müəyyən edilməsini, eləcə də 3 (üç) yaşına çatanadək saxlanılması üçün mənə hər ay 100 manat alimentin və uşağın hər ay müayinə üçün 150 manat müayinə, aylıq dərmanlar üçün 100 manatın yarı hissəsinin tutulmasını tələb edir. Məhkəmə baxışı zamanı Cavabdeh tutulan 200 manat alimentin miqdarının artırılaraq 220 manat məbləğində müəyyən edilməsinə, Cavabdeh aylıq gəlirlərinin hər ay uşağın saxlanması üçün 220 manat ödənilməsinə yetərli olduğuna, eləcə də aliment ödəyicisi olan cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyinin oduğunu təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Eləcə də məhkəmə hesab edir ki, Məhkəmə baxışı zamanı İddiaçı azyaşlı X2 xəstə olduğunu təsdiq edən və buna görə də Cavabdeh azyaşlı Əlinin müalicəsi üçün hər ay 150 manat əlavə xərcin və 100 manat aylıq dərman xərcinin tutulmasına əsas verən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(046)-897/2023 saylı qətnaməsinə əsasən bir uşağın saxlanması üçün cavabdehdən iddiaçının saxlanması üçün 200 manat alimentin tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qətnamə qəbul edilərkən, cavabdehin maddi vəziyyəti və uşağın üç yaşına çatmadığı da nəzərə alınmışdır. Qanunun mənasına görə hər iki valideyin uşaqları saxlamağa borcludur. 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək, ölkə üzrə yaşayış minumumunu, cavabdehin maddi vəziyətini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat müəyyən edilməsi, xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 3 (üç) yaşına çatanadək saxlanılması üçün mənə hər ay 100 manat alimentin və uşağın hər ay müayinə üçün 150 manat müayinə, aylıq dərmanlar üçün 100 manatın yarı hissəsinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat müəyyən edilməsi, xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 3 (üç) yaşına çatanadək saxlanılması üçün mənə hər ay 100 manat alimentin və uşağın hər ay müayinə üçün 150 manat müayinə, aylıq dərmanlar üçün 100 manatın yarı hissəsinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar